Rusiyada sabiq polis rəisini və 5 nəfəri öldürən azərbaycanlılar tutuldular

2 May 2016 17:52 (UTC+04:00)

Rusiyanın Samara vilayətindəki Sızran şəhərinin sabiq polis rəisi Andrey Qoştu və onun ailəsini qətlə yetirməkdə şübhəli bilinən şəxslər tutulublar.Movqe.az Rusiya DİN-in rəsmi saytına istinadən bildirir ki, onlar üç nəfərdirlər. İki nəfər mənzillərdə, bir nəfər isə avtobus dayanacağında yaxalanıb.Sızran rayon prokuroru Yevgeni İrxanın dediyinə görə, tutulan şəxslər Azərbaycan vətəndaşlarıdır. Həmin şəxslər artıq ilkin ifadələrini veriblər. Cinayətkarlar aprelin 24-də Andrey Qoştun İvaşevka qəsəbəsindəki evinə girərək onu və ailə üzvlərini, qohumlarını qətlə yetirmişdilər. Yalnız Qoştun 7 yaşlı qohumu xilas ola bilib.  Həmin qız çox ağır travmalarla xəstəxanaya yerləşdirilib.Polisdən verilən məlumata görə, A.Qoşt və daha 5 nəfər yuxuda olanda öldürülüblər. Quldurların armatur kəsiklərindən istifadə etdikləri də deyilir.Azərbaycanın 3 vətəndaşı A.Qoştun evində iki kişi və 4 qadını vəhşicəsinə qətlə yetirməkdə suçlu bilinirlər.Cinayətin quldurluq zəminində törədildiyi vurğulanır.