Manat bank əmanətçilərinə daha çox gəlir gətirir

3 May 2016 09:45 (UTC+04:00)

Son zamanlar müşahidə edilən mənzərələrdən biri də odur ki, bankların xarici valyuta ilə qəbul etdikləri əmanət faizləri azalır. Iqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki, bankların xarici valyutada olan əmanət faizlərini azaltmasının kökündə bir sıra çoxsaylı proseslər dayanır: "Bankların xarici valyutada olan əmanət faizlərinin azalmasının əsas səbəblərindən biri ilk növbədə bankların xarici valyutada olan vəsaitləri yerləşdirməkdə çətinlik çəkmələrilə bağlıdır.

Hazırda manatın məzənnəsində qeydə alınan möhkəmlənmə biznesin daha ehtiyatlı davranmasına gətirib çıxarıb. Nəticədə banklar bu vəsaitlərin yerləşdirilməsində çətinlik çəkirlər. Vəsaitləri yerləşdirə bilsələr də, bu zaman onlar məcburdur ki, milli valyuta ilə müqayisədə daha aşağı faiz təklif etsinlər. İkinci bir tərəfdən, əmanətlərin sığortalanması üzrə qaydaların dəyişməsi nəticəsində xarici valyutada olan əmanətlərin sığortalanma faizlərinin yuxarı həddi azaldıldı. Əksinə, milli valyutada olan əmanətlərin sığortalanan faiz dərəcələri isə yüksəldildi.

Digər tərəfdən, hökumətin ümumi marağı ondan ibarətdir ki, manatın dönərliyi daha geniş arenanı əhatə etsin. Bu baxımdan müəyyən formada manatın təşviqi istiqamətində addımlar atıldı. Mərkəzi Bank, Maliyyə Bazarına Nəzarət Palatası, Maliyyə Nazirliyi, bütövlükdə hökumət bu istiqamətdə maraqlıdır. Digər məsələ ondan ibarətdir ki, faktiki olaraq, bankların manat sıxıntısı var. Son dövrlər banklar Mərkəzi Bank və ya Dövlət Neft Fondunun icra etdiyi valyuta hərraclarında iştirak edə bilmirlər. Bunun da başlıca səbəbi manat qıtlığıdır.

Banklar əldə olunan manat vəsaitlərini öz dövriyyələrinə cəlb etmək məqsədilə xarici valyuta ilə müqayisədə milli valyuta üçün daha üstün şərtlər təklif edirlər. Bu da yığım olaraq manatın dövriyyəyə cəlb edilməsi məqsədinə hədəflənib. Eyni zamanda hazırda bankların xarici valyuta ilə kredit verilməsini məhdudlaşdırmaq üçün gərəkən addımlardan biri məhz manatla kreditləşməni həyata keçirməsidir. Buna keçmək üçün də bankların kapitalında manatın həcmi çox olmalıdır. Burada iki əsas vardır. Biri Mərkəz Bankın banklara verdiyi kreditlər, ikincisi vətəndaşlardan cəlb olunan əmanətlər. Mərkəzi Bank bankların kapitalının formalaşmasında çox az iştirakçı olduğu üçün onları əsasən hansısa formada ikinci amillə barışmağa məcbur edib. Banklar çalışır ki, manatla vəsaitləri cəlb edərək onları manatla yerləşdirsinlər. Bu, bankların kreditləşmə siyasətində xarici valyutanın həcminin azaldılması, onun həcmini minimuma endirmək məqsədi daşıyır. Digər tərəfdən, faktiki olaraq, iqtisadiyyatda manatla istehlak kreditləşmənin həcminin genişləndirilməsini özündə ehtiva edir. İstehlak kreditləşməsinin xarici valyutada həyata keçirilməsi hazırda banklar üçün böhran yaradılmasına gətirib çıxara biləcək amillərdəndir. Ona görə banklar öz kredit siyasətlərini şaxələndirməyə, diversifikasiya etməyə məcburdur. Bu kimi amillərin cəmi olaraq da hazırkı mənzərə ilə üzələşmişik".