DSMF-in hədəfləri açıqlandı

20 Aprel 2012 13:38 (UTC+04:00)
Azərbaycanda 2020-ci ildə sığorta-pensiya sistemində vətəndaşla Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşları arasında birbaşa əlaqə yarada bilən bütün hallar aradan qaldırılacaq. Lent.az-ın verdiyi məlumata görə, bunu jurnalistlərə DSMF sədri Səlim Müslümov söyləyib.  Səlim Müslümov deyib ki, sığorta edənlərin uçota alınması, məcburi dövlət sığorta haqlarının hesablanması, DSMF tərəfindən bu prosesə audit və digər vasitələrlə nəzarət edilməsi 2020-ci ilə kimi tam avtomatlaşdırılacaq. DSMF sədri qeyd edib ki, bu il aprelin 1-ə qədər Azərbaycanda 1 milyon 978 mindən artıq sığortaolunana sosial sığorta nömrəsi verilib, onlar üçün fərdi hesab açılıb.  Səlim Müslümov bildirib ki, 2020-ci ilə kimi məcburi dövlət sosial sığortası üzrə hesabatların və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatların elektron qaydada ötürülməsi və qəbulu həyata keçiriləcək.