Prezidentin cəbhə bölgəsinə səfəri düşmənin bəd niyyətlərini alt-üst etdi

4 May 2016 07:00 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin cəbhə bölgəsinə səfəri burada yaşayan insanlar arasında böyük ruh yüksəkliyi yaradıb. Ali Baş Komandan bu səfərilə ağır günlərdə həmin insanların yanında olduğunu bir daha göstərdi. Bu fonda cəbhə bölgəsində yaşayan mülki insanlar öz doğma yerlərini tərk etməyəcəklərini bildirdilər. Ermənilər isə onları atəşə tutmaqla buradan didərgin salmağa çalışırdılar. Amma artıq demək olarmı ki, ermənilərin bu siyasəti iflasa uğrayıb.

Milli Məclisin deputatı Zahid Oruc bildirdi ki, Azərbaycan Prezidentinin cəbhə bölgəsinə səfəri və buradakı əhalinin evlərini tərk etməməsi işğalçının dinc sakinlər arasında təxribat, panika yaratmaq siyasətini də iflasa uğratdı: "Bir az öncə Bərdədə insanlarla görüşən, növbəti kəndə mavi yanacağın verilməsi mərasimində iştirak edən və əhalinin yerlərdə əhval-ruhiyyəsini, mövqeyini bilən bir insan kimi deyə bilərəm ki, gerçəkdən Ali Baş Komandanın cəbhə bölgələrinə səfərləri nəinki bu zonadakı camaatın, bütövlükdə millətimizin dünyagörüşünə, vəziyyətinə son dərəcə güclü şəkildə müsbət təsir edib. Sərkərdə özü əsgərlə birlikdə səngərdə olanda, zabiti ilə çiyin-çiyinə dayananda, generallarla birgə hərbi vəziyyəti müzakirə edəndə, silahı, hərbi texnikanı özü baxışdan keçirəndə bu, artıq ona işarədir ki, ordunun güc və qüvvəsi daha da artır. Çünki hər bir silahlı qüvvə siyasi rəhbərlərin atdığı addımlarla ya möhkəmlənir, ya da bəzən zəifləyirlər. Azərbaycanın keçmiş tarixində təəssüf ki, bu cür addımları görmədik.

Birinci Qarabağ savaşı illərində dövlət rəhbərləri bunu bacarmayıblar. Ordumuzun ön səngərində, Qapanlı kəndinin cəbhə xəttinin bir neçə yüz metr məsafəsində yerləşdiyini nəzərə alsaq, bura bütövlükdə götürəndə düşmənlə toqquşma bölgəsidir, hər an ayrı-ayrı hərbi əməliyyatların hədəfi və risq zonasıdır. Xüsusilə nəzərə almaq lazımdır ki, hərbi şəraitdə dövlət başçılarının qorunması ikiqat önəmlidir. İndiki reallıqda Prezident bütün bunları bir kənara qoyaraq, risqləri üzərinə götürərək qorxmadan, böyük hünər və igidliklə cəbhə xəttində yaşayan insanlarla birgə oldu. Tərtər, Bərdə, Ağdamdan olan o insanların reaksiyasını ekrandan izləyərkən şahid oldum ki,

Azərbaycan xalqı son bir ayda yeni bir millətə çevrilib. İçərimizdəki qalxınma, özünə inam, məğlubedilməzlik ruhunun yaranması danılmaz faktdır. İndi hər kəs özünü evində əsgər kimi hiss edir. Bunu da ermənilər görür və bilirlər. Birinci Qarabağ savaşında o avanturanı işə salırdılar ki, bəzən ayrı-ayrı kəndlər diversiya və şayiələrin qurbanına çevrilirdi. İndi adamlar mərmilər atılan zaman təhlükəsizlik üçün Bərdəyə gələr, amma atəş dayanan kimi həmən evlərinə dönərlər. Çünki köçkünlüyün ölümdən betər olduğunu bilirlər. Onun yaxşı həyat olmadığının fərqindədirlər. Bu baxımdan da ermənilərin cəbhə bölgəsindəki dinc əhali arasında panika yaradıb, onların oraları tərk etmələrinə nail olmaq kimi mənfur planları puça çıxır. Serj Sarkisyanın cəlladlarının ssenarisi bundan ibarət idi. Amma gördüyümüz kimi onların bu niyyətləri alınmadı. Əksinə, Ermənistan saytlarında Talış kəndindən qaçan ermənilərin Spitak və digər ərazilərdə yerləşdirildiyi göstərilir. Bu halda sual olunur. Gücünüz varsa, Talış kəndindən çıxanları niyə Kəlbəcərdə, Cəbrayıl, Qubadlıda məskunlaşdırmayıblar? Bunu ona görə etmir və edə bilmirlər ki, həmin ərazilərin də növbəti zərbə ünvanı olacağını bilirlər. Azərbaycan Ordusu məhz bu ünvanlara da gələcək.

Ermənilər Qarabağda da duruş gətirmir, Şuşada da yaşamaq istəmir, birbaşa Ermənistana üz tuturlar. Bilirlər ki, azərbaycanlı evində özlərinə məskunluq salsalar, sabah orada təsərrüfat qurub oranı Vətənə çevirə bilməyəcəklər. Bizim torpaqdan səngər qurmaq olmaz, bizim torpaqlar hesabına özünü müdafiə etmək olmaz. O səngəri onlar üçün qəbirə çevirmək lazımdır. Bu səbəbdən hesab edirəm ki, Prezidentin səfəri hər kəsdə "mənim komandanım" duyğusu yaratdı, güvənc hissini artırdı, dəyanət və dözüm aşıladı. Növbəti qələbə anonsunu verdi. İndi hamı soruşur: ermənilərin növbəti təxribatlarına daha kəskin cavab veriləcəkmi? Yəni, insanlarımızda artıq irəliyə getmək duyğusu hakim kəsilib. Son illərə qədər olan pessimizm isə bizi bu duyğulardan məhrum etmişdi. Qarabağı Strasburqda, Brüsseldə axtarırdıq. Amma indi Azərbaycan insanı Qarabağı diplomatlardan deyil, Ali Baş Komandan və ordudan gözləyir. Ona görə də bu səfərin əhəmiyyəti sözlə ölçülməz. Dövlət və millitimiz üçün uğurlu addımlar atılmaqdadır".

"Mövqe"