Mülki əhalini hədəf seçdiyi üçün Ermənistan beynəlxalq məhkəmələrdə cavab verəcək

4 May 2016 08:00 (UTC+04:00)

Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində Tərtər şəhərinin Fikrət Əmirov küçəsində dağılmış evlərə baxarkən Azərbaycan Prezidenti İlham Əliyev dedi ki, dağılmış evlərin hamısı gərək aktlaşdırılsın, sənədləşdirilsin, evin şəkli, videosu çəkilsin, dəymiş ziyan müəyyənləşdirilsin: " Sonra biz onları məhkəməyə verəcəyik". Bəs, Ermənistanın mülki əhaliyə qarşı cinayətlərinin beynəlxalq hüquq müstəvisinə çıxarılması Azərbaycana nə vəd edir?

Milli Məclisin deputatı Tahir Kərimlinin fikrincə, mülki əhaliyə qarşı erməni vəhşiliyinin beynəlxalq müstəviyə çıxarılması Azərbaycanın haqq səsinin daha geniş auditoriya tərəfindən dəstəklənməsinə kömək edəcək: "Doğrudan da, Azərbaycan Respublikası Prezidentinin cəhbə xəttinə yaxın ərazidəki yaşayış məntəqəsini ziyarət etməsinin özü bir mesaj idi. Həm xalqımıza bir mesaj idi ki, Prezident xalqla bir yerdədir. Həm də düşmənə mesaj idi ki, güzəştli mövqedən söhbət gedə bilməz. Burada olarkən baş vermiş dağıntıları cənab Prezident şəxsən gördü. Cəsarətlə bildirdi ki, dağıdılmış evləri aktlaşdırıb, sənədləşdirib beynəlxalq məhkəməyə vermək lazımdır.

Onu da qeyd edim ki, beynəlxalq məhkəmələrin prosedurası çox ağırdır. Proses aylar, illərlə uzana bilər. Bir sıra hallarda görürük ki, bu istiqamətdə xüsusi beynəlxalq məhkəmə və tribunallar yaradılıb. Yuqoslaviya, Mali dövlətilə bağlı belə olub. İkinci Dünya Savaşından sonra Nürnberq prosesi baş verib. Yəni, həmin proses illərlə davam edir. Lakin bununla belə hər bir halda uğur qazanmaq mümkündür. Artıq Azərbaycanın xeyrinə buna oxşar bir sıra qərarlar qəbul da olunub. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, erməni işğalçıları tərəfindən mülki şəxslərə aid yaşayış evlərinin dağıdılmasını araşdıran xüsusi məhkəmələrin yaradılması ölkəmiz üçün uğurlu olar. Proses müəyyən vaxt alsa da, beynəlxalq məhkəmələrə müraciət etməliyik.

Əminəm ki, həmin şikayətlərlə bağlı veriləcək qərarlar da Azərbaycanın xeyrinə olacaq. Düşünürəm ki, bu istiqamətdə verəcəyimiz şikayətlərin ən azı 60-70 faizi öz təsdiqini tapacaq. Mülki əhali, yaralılara, girovlara münasibət, maddi ziyan vurmaqla bağlı, ümumiyyətlə, humanitar məsələlərlə əlaqədar 1949-cu, 1951-ci və 1974-cü ilə aid BMT qətnamələri var. Ermənistan həmin qətnamələrdən irəli gələn müddəaları birmənalı şəkildə pozur. Həmin məhkəmələrdə xeyrimizə veriləcək qərarlarla eyni zamanda, Ermənistanın təcavüzü, Azərbaycan torpaqlarını işğal etməsi də rəsmiləşdiriləcək. Həmçinin, təcavüzün dəf edilməsi, BMT qətnamələrinin icra edilməsinə dair hərəkətləri qüvvətləndirəcək. Lakin onu da unutmayaq ki, dünyada xristian həmrəyliyi də mövcuddur. Bununla belə Azərbaycanın ədalətli mövqeyi o qədər yüksək və reallığa söykənən ədalətdir ki, o, bir sıra hallarda xristian həmrəyliyinə də üstün gəlir. Hesab edirəm ki, məhkəmə perspektivləri də bu üstünlüyümüzü təmin edəcək".

"Hüquqi Dövlət" Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov bildirdi ki, sözügedən addımın atılması mülki əhaliyə qarşı cinayət törədənlərin cəzalandırılmasına gətirib çıxaracaq: "Dinc əhali və onların yaşadığı obyektlərə münasibətdə dağıdıcı əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə də cinayət hesab olunur. Məcəllənin 116-cı maddəsində münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozmağa görə cinayət məsuliyyəti nəzərdə tutulub. Bu maddəyə görə, dağıntılara səbəb olan müharibə üsullarından istifadə etmək, qəsdən və ciddi ziyan vurmaq, hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntılar törətmək, müdafiə olunmayan ərazi və yaşayış məntəqələrinə, silahsızlaşdırılmış zonalara hücum etmə, mülki əhaliyə hücum, hərbi əməliyyat bölgələrində əhaliyə qarşı zorakılıq göstərmə, əmlaklarını məhv etmə, qanunsuz olaraq əmlakı mənimsəmə, mülki əhali arasında böyük itkilərə səbəb olan və mülki obyektlərə zərər vurmaq Cinayət Məcəlləsinin 116-cı maddəsilə müharibə cinayətləri kimi qiymətləndirilir. Belə əməllərə görə 10 ildən 20 ilədək müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Bu kimi məsələlərlə bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğu cinayət işi başlamalıdır.

Eyni zamanda, dinc əhali və onların obyektlərinə qarşı işğalçı qoşunun təcavüz etdiyi barədə kifayət qədər sübut və dəlillər toplamaq əsasında məsələni beynəlxalq məhkəməyə çıxarmaq və belədə Ermənistanda hakimiyyətdə olan cinayətkarların cinayət məsuliyyətinə cəlb edilməsi üçün təşəbbüs göstərmək olar. Bu istiqamətdə addımların atılması fonunda beynəlxalq məhkəmə instansiyaları araşdırma apararaq sözügedən cinayətləri törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görəcək".