Cəbhə bölgəsində yaşayan əhaliyə Prezident qayğısı artır

4 May 2016 09:15 (UTC+04:00)

Məlumat verildiyi kimi Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Bərdə və Ağdam rayonlarında səfərdə olublar. Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində Tərtər şəhərində, təmas xəttinin 200 metrliyində yerləşən Qapanlı kəndində, həmçinin Ağdam rayonunun Mahrızlı kəndində olub, dağılmış evlərə baxıb, yerli sakinlərlə görüşüb söhbət ediblər. Dövlət başçısı həmin evlərin tezliklə bərpa olunması ilə bağlı müvafiq tapşırıqlarını verib. Artıq ermənilərin Ağdam və Tərtəri atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılmasına 6 milyon manat ayrılıb.

Təhlilçilər Ali Baş Komandanın cəbhə xəttinə səfərini yüksək qiymətləndirirlər. Səfər cəbhə bölgəsində yaşayan əhaliyə Prezident diqqətinin və qayğısının artdığını göstərir. Üzərilərindən dövlət qayğısını hiss etmələri insanlarda yüksək əhval-ruhiyyə yaradıb.

Millət vəkili Fəzail İbrahimli bildirdi ki, cəbhə bölgəsindəki insanların əhval-ruhiyyəsi televiziyada işıqlandırılan zaman tam aydınlığı ilə göründü: "Amma bu səfərin çox böyük hərbi, siyasi, mənəvi tərəfləri də var. Səfər təkcə insanların əhval-ruhiyyəsinin qaldırılmasına hesablanmamışdı. Ölkə rəhbərinin cəbhə zonasında sakinlərlə görüşməsi onlarda qətiyyət, inam yaratdı. Sahibsiz olmadıqlarını bir daha hiss etdilər. Xalq çox yaxşı başa düşdü ki, Prezident bütün sərhədləri aşaraq hər an oların yanında olmağa hazırdır.

Ali Baş Komandanın həbrçilərin yanında olması onlarda böyük inam yaratdı. Xalq hiss etdi ki, dövlətlə xalq birdir, dövlət onları talelərinin ümidinə buraxmayıb. Bütün bunların hamısı eyni zamanda dünyaya bir mesajdır ki, Azərbaycan öz torpağını azad etmək üçün bütün sədləri aşmağa hazırdı. Səfərin ən əsası siyasi əhəmiyyəti var. Oradan bütün dünyaya mesaj verildi ki, dağılmış evləri görüb yumulmuş gözlər açılsın. Dünya bilməlidir ki, Azərbaycanın atəşkəs rejiminin pozulmasında heç bir günahı yoxdur. Azərbaycan beynəlxalq hüquq normalarına riayət edir. Ermənilərin əməlləri dünyaya təqdim edildi. Dünyaya, Ermənistana mesaj verildi ki, aprel döyüşlərini təkrar edə bilərik. Xalqla dövlətin birliyi nümayiş olundu. Bu, insanları ruhlandırdı, onların qələbəyə inamını artırdı. Artıq Azərbaycan insanın daxilində bir qətiyyət var ki, işğal altındakı torpaqlarımız azad olunacaq".

Siyasi təhlilçi Arzu Nağıyevin sözlərinə görə, Prezident İlham Əlıyevin atəşkəsin hər an pozulduğu bir vaxtda, erməni və havadarlarının təxribat əməllərinin öz pik vəziyyətinə çatdığı anda cəbhə bölgəsinə səfər etməsi və Ali Baş Komandan kimi hərbçilərlə görüşməsi hərbçilərin qələbə ruhuna və döyüş əzminə müsbət təsir göstərən ən mühüm şərtlərdən biridir: "Bundan başqa cənab Prezidentin hərbçilərə mükafatlarını məhz cəbhə bölgəsində şəxsən təqdim etməsi də təqdirəlayiq bir haldır. Hesab edirəm ki, hər bir hərbçi üçün yaddaqalan və mühüm bir andır.

Cənab İlham Əliyevin xanımı ilə cəbhə bölgəsində və demək olar ki, təmas xəttində olan kəndlərdə sakinlərlə görüşməsi, onlara dəstək olması, yaralılara baş çəkməsi Prezidentin bütün Azərbaycan xalqının rəhbəri olmasından xəbər verir. Çünki, bu addımı ancaq Vətəni, xalqı, sakinlərini, vətəndaşlarını və onların rifahını hər məhfumdan üstün tutan, dövlətçiliyin məhz bununla ölçüldüyünü duyan rəhbər ata bilər. Təbii ki, bu vətəndaşlar üçün böyük dəstək və dayaqdır. Azərbaycan Prezidentinin səfəri bir daha göstərdi ki, dövlət başçısı bütün məsələləri şəxsi nəzarətində saxlayır, bilavasitə yerlərə səfər edərək vəziyyəti qiymətləndirir, lazımi qərarlar qəbul edir və tapşırıqlar verir".