Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən istifadə sayı açıqlanıb

4 May 2016 11:45 (UTC+04:00)

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi işəgötürənlər və işçilər arasında əmək münasibətlərinin hüquqi əsaslarını özündə əhatə edir. Sosial-iqtisadi münasibətlər sisteminin vacib elementi kimi formalaşmış bu sistemdən istifadə statistikası cari ilin aprel ayında əvvəlki mart ayı ilə müqayisədə 15% artaraq 198 392-yə çatıb.

 

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, onlardan 185 min 6-sını "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" e-xidmətinə müraciətlər təşkil edib.

 

Bağlanan hər bir əmək müqaviləsi, müqaviləyə dəyişiklik edilməsi, yaxud xitam verilməsi müvafiq bildiriş formasında "Elektron hökumət" portalındakı (www.e-gov.az) bu e-xidmət vasitəsilə elektron qeydiyyatdan keçirilərək rəsmiləşdirilir. Sistemdən istifadə hallarının 13386-sı isə "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidmətinə yönəlib. Hər bir işçi "E-Hökumət" portalına daxil olaraq, həmin e-xidməti seçməklə onunla bağlanmış əmək müqaviləsi bildirişi barədə real vaxt rejimində məlumat əldə etmək imkanına malikdir

 

2014-cü ilin iyulun 1-dən tətbiq olunan əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən cari ilin 1 may tarixinədək 5 232 218 dəfə istifadə edilib.