Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti jurnalistlər üçün müsabiqə elan edir

4 May 2016 15:13 (UTC+04:00)

"Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma" regional proqramı jurnalistlər arasında "Əmək hüququ: qanunvericilik və təcrübə" mövzusuna dair çap və elektron məqalələrin müsabiqəsini elan edir. Müsabiqəyə əmək münasibətləri və əmək hüquqlarına həsr olunmuş məqalələr, o cümlədən əmək münasibətlərinin tənzimlənməsinin  əsasları, əmək münasibətlərini tənzimləyən qanunvericilikdə olan boşluq və ziddiyyətlər, qanunvericiliyin tətbiqində mövcud olan problemlər, o cümlədən əmək münasibətlərinin rəsmiləşdirilməsi, işçilərə ədalətli və əlverişli əmək şəraitinin yaradılmasının vəziyyəti, əməyin mühafizəsi, işçilərin bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığortası ilə bağlı vəziyyət, qeyri-formal əmək bazarının yaratdığı problemlər, o cümlədən ev qulluğu işləri, məcburi əmək halları ilə bağlı araşdırma yazılar təqdim edilə bilər. Müsabiqəyə həmçinin, işçilərin müəyyən edilmiş müddətlərdən artıq işlərə cəlb edilməsi, istirahət hüququnun təmin olunması, qadınların və uşaqların əmək bazarında iştirakı, əmək münasibətlərinin gender aspektləri, işəgötürən və işçilərin qarşılıqlı məsuliyyəti və bu sahədə olan problemlərə həsr olunan yazılar təqdim oluna bilər.


Məqalələrin qiymətləndirilmə meyarları:


- Əmək qanunvericiliyinin tətbiqi zamanı  meydana çıxan problemlərin təhlili, qanunvericilikdə olan boşluq və ziddiyyətlərin əmək münasibətlərinin tənzimlənməsinə mənfi təsirləri və nəticələri;


- Əmək qanunvericiliyi sahəsində problemlərin obyektiv və subyektiv səbəblərinin izah edilməsi, həmçinin onların mümkün həlli yollarının təklif edilməsi, bu zaman yaxşı təcrübələrə (əvvəlki və ya xarici təcrübə) istinad edilməsi;


-Əmək münasibətlərinin daha yaxşı tənzimlənməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi və nəzarət mexanizmlərinin effektivliyinin artırılması üçün siyasətin qurulması baxımından əhəmiyyəti; 


- yazının peşəkarlıq səviyyəsi (mövzunu mümkün qədər tam əhatə etməsi, sadə dildə yazılması, ekspertlərdən yararlanmaqla müxtəlif yanaşmaların tarazlaşdırılmış şəkildə təsviri, başlığın orijinallığı);