Evlərinin mühafizəsini Daxili İşlər Nazirliyinə həvalə edənlərin sayı artır
20 Aprel 2012 13:46 (UTC+04:00)
Əhalinin gəlirləri artdıqca, sosial-maddi durumları yüksəldikcə
onların mənzillərinin və digər əmlaklarının mühafizəsi məsələsi də
gündəmə gəlir. Mühafizə üçün fiziki şəxslər müxtəlif qoruma
təşkilatlarına müraciət etməli olurlar. Amma etiraf edək ki,
Azərbaycanda özəl mühafizə xidmətləri həyata keçirən qurumlar o
qədər də təcrübəli, peşəkar xidmət həyata keçirə bilmirlər.
Ona görə də vətəndaşlar əmlaklarının mühafizəsini daha çox Daxili
İşlər Nazirliyinin əməkdaşlarına həvalə edirlər. Məlumatlara görə,
son dövrlər mühafizə üçün DİN-in müvafiq mühafizə xidmətinə
müraciət edən fiziki şəxslərin sayı xeyli artıb. Mühafizə
xidmətinin hazırda mindən artıq fiziki şəxsin mənzilini mühafizə
etdiyi bildirilir.
Qeyd edək ki, DİN Mühafizə Xidməti fiziki və hüquqi şəxslərə pullu
xidmət göstərir. Avropa və bəzi qonşu ölkələrlə müqayisədə
Azərbaycanda vətəndaşlar mənzil və digər əmlaklarının mühafizəsinə
o qədər də maraq göstərmir. Məsələn, qonşu Rusiyada mühafizə
xidmətindən yararlanmaq üçün vətəndaşlar aylarla növbə gözləməli
olurlar. Amma Azərbaycanda mühafizə üçün DİN-in müvafiq idarəsinə
müraciət edənlərin sayı yetərincə deyil.
Keçmiş polis rəisi, hüquqşünas Mahmud Hacıyevin sözlərinə görə,
Azərbaycanda fiziki şəxslərin mühafizəyə əhəmiyyət verməməsi
başadüşüləndi: "Əvvəla vətəndaşların imkanları o həddə deyil ki,
evinə, qarajına və ya bağ evinə ayrıca mühafizəçi tutsun. Binanın
sakinləri yığışıb DİN müvafiq Mühafizə Xidmətinə müraciət edə
bilərlər. Bu zaman onların üzərinə elə böyük maliyyə yükü düşməz.
Bundan başqa mühafizə dedikdə təkcə polisin ayrılması nəzərdə
tutulmur. Bura mənzillərə siqnalizasiya, kameraların quraşdırılması
da daxildir. İllik mühafizə haqqı 300-350 manat arasındadır. Sahibi
evdə deyilsə, kənar şəxs mənzilə girəndə müvafiq polis mühafizə
idarəsinin bundan xəbəri olur və dərhal mənzilə polis göndərilir.
Yaxud qapını döyən şəxsin kimliyi məlum olmayanda vətəndaş xüsusi
siqnal xətti vasitəsilə mühafizə idarəsinə məlumat ötürülür.
Mühafizə xidmətinin əməkdaşları dərhal mənzilə gəlib məsələni
araşdırırlar".
M.Hacıyev hesab edir ki, mühafizə işinin gücləndirilməsi oğurluq və
digər cinayət hallarının qarşısını alır: "İnsanların maddi durumu
yüksəldikcə mühafizə məsələlərinə daha çox önəm verəcəklər. Bizdə
elədir ki, bir şeyimiz oğurlanmayıbsa, mühafizə məsələsinə
əhəmiyyət vermirik. Amma işimizi qabaqcadan ehtiyatlı
tutmalıyıq".
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Orxan
Mansurzadənin sözlərinə görə, DİN-in Mühafizə Xidməti tərəfindən
dövlət və özəl mülkiyyətə məxsus 10 mindən çox obyekt mühafizə
olunur: "Müqavilə əsasında mülkiyyətçilərin əmlakının mühafizəsi və
təhlükəsizlik işini təşkil edən, mühafizə xidmətlərinə görə
müqavilə üzrə alınan vəsaitlər hesabına saxlanılan müstəqil
struktur hissədir. Xidmət hüquqi və fiziki şəxslərin əmlakının
hüquqazidd əməllərdən qorunmasını təşkil edir".
O.Mansurzadənin sözlərinə görə, polisin mühafizə etdiyi mənzillərdə
oğurluq halları daha az baş verir: "Mühafizə olunmayan mənzillərlə
müqayisədə mühafizə olunan mənzillərə oğrular yaxınlaşa belə
bilmirlər. DİN mühafizə xidməti özü-özünü maliyyə cəhətdən təmin
edən qurumdur. Fəaliyyətini daha da genişləndirməkdə və inkişaf
etməkdə maraqlıdır. Bunun üçün müştərilərə yüksək səviyyədə xidmət
göstərir. Mühafizə olunan mənzillərdə bizim daimi gözümüz və
qulağımız olan texniki qurğular yerləşdirilir. Mənzil sahibinin
razılığı və istəyilə həmin qurğular istənilən vaxt aktivləşdirilə
bilir".
Mətbuat xidmətinin əməkdaşı əlavə etdi ki, DİN Mühafizə Xidmətinin
fəaliyyəti özəl mühafizə xidmətlərinin fəaliyyətlərilə müqayisədə
daha peşəkardır. Yəqin bu üzdən vətəndaşlar təhlükəsizliklərini
daha çox DİN mühafizəçilərinə etibar edirlər və biz də onların
etimadını doğrulduruq".
R.Qaçayoğlu