Azərbaycan XİN rəhbəri: “Ermənistan "status-kvo"nu dəyişmək üçün edilən beynəlxalq çağırışlara məhəl qoymamaqda davam edir”

4 May 2016 16:40 (UTC+04:00)

 "Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində "status-kvo"nu dəyişmək üçün edilən beynəlxalq çağırışlara məhəl qoymamaqda davam edir".

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Vıseqrad və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.

 

O qeyd edib ki, bu ilin aprel ayında Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttində törədilmiş son təxribat aktları münaqişənin tarixində görünməmiş gərginliyə səbəb olub. "Biz həmişə aydın şəkildə bildirmişik ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ona bitişik 7 rayonunda Ermənistan silahlı qüvvələrinin davam edən mövcudluğu qeyri-sabitliyin və təmas xətti boyunca tez-tez baş verən ölümcül hərbi qarşıdurmaların əsas mənbəyidir", - deyə nazir vurğulayıb.

 

E. Məmmədyarov qeyd edib ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllində maraqlıdır: "Onun sülh və sabitlik üçün yol xəritəsi aydındır və beynəlxalq hüquqa əsaslanır. Azərbaycan "Vışeqrad dördlüyü" və digər beş Şərq Tərəfdaşlığı ölkəsi kimi öz ərazi bütövlüyünü güzəştə getməyəcək. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində tələb edildiyi kimi Ermənistan silahlı qüvvələri qeyd-şərtsiz işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmalı və məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz şəkildə qayıtması təmin edilməlidir".

 

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

 

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

 

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

 

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.