Azərbaycana gələn əmək miqrantların sayı xeyli artıb

5 May 2016 14:18 (UTC+04:00)

Son illər Azərbaycana gələn əmək miqrantlarının sayı xeyli artıb. Trend-in məlumatına görə, bunu Avropa İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə "Əməkçi miqrantların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası" mövzusunda bu gün keçirilən beynəlxalq seminarda AMEA Rəyasət Heyəti Aparatının nümayəndəsi Rasim Ağasıyev deyib.

R.Ağasıyev bildirib ki, Azərbaycanda aparılan iqtisadi islahatlar, dünyanın aparıcı şirkətləri ilə bağlanan müqavilələr və digər beynəlxalq layihələrin həyata keçirilməsi əmək miqrasiyasının sürətinin artmasına səbəb olub: "Dövlət Miqrasiya Xidmətinin son rəsmi məlumatına əsasən, Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün müraciət edənlərin sayı 50082 nəfərdir. Azərbaycan ərazisində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması üçün 3800 nəfər müraciət edib. Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək üçün isə 4140 nəfər müraciət edib".