İnternet səhifəsi olmayan qəzet 2 aydan çox yaşamadı

5 May 2016 23:30 (UTC+04:00)

Böyük Britaniyada fevralın 29-da ilk sayı işıq üzü görmüş "New Day" ("Yeni Gün") qəzeti 2 ay fəaliyyət göstərdikdən sonra bağlanmağa məcbur olub.  "Frans Press" agentliyi yazır ki, qəzetin özəlliyi internet səhifəsinin olmaması idi. Bununla naşirlər sübut etmək istəyirdilər ki, sırf çap məhsulu internetsiz də yaşaya bilər. Lakin 200 minlik gündəlik qəzetin tirajı 2 ay ərzində 40 min ədədə düşdü və redaksiyanın bütün səylərinə baxmayaraq, qəzeti bağlamaq qərara alındı. "Bir çoxları bu ideyanı bəyənmişdi, lakin reallıq belədir ki, onların sayı lazım olduğundan çox azdır", qəzetin redaktoru Elison Fillips belə deyib. Qəzetin son sayı sabah işıq üzü görəcək. 

Xatırladaq ki, mart ayında "İndependent" və "İndependent on Sunday" qəzetləri çap variantlarını bağlayaraq, sırf internet saytı kimi işləməyə başlayıblar.