“Lester”in oyunçularına “Mercedes” avtomobili və Las-Veqas səyahəti

5 May 2016 23:00 (UTC+04:00)

Bu mövsüm İngiltərə çempionu adını qazanan "Lester" klubunun futbolçuları əlavə mükafat alacaqlar. "Daily Mail" nəşri yazır ki, klubun sahibi Vişay Şrivaddanaprabha əsas komandanın hər bir oyunçusuna "Mercedes" markalı avtomobil hədiyyə edəcək. Avtomobillərin bazar qiyməti 32670 funt sterlinqdir. Bundan başqa, Şrivaddanaprabha öz hesabına bütün komandaya ABŞ-ın Las-Veqas şəhərinə səfər vəd edib. Baş məşqçi Klaudio Ranyeri isə 5 milyon funt sterlinq mükafat qazanacaq. 

Qeyd edək ki, "Lester" mayın 2-də "Çelsi"nin "Tottenhem"lə 2:2 hesablı heç-heçə etməsindən sonra tarixində ilk dəfə çempion olub. Premyer Liqanın son 2 turunda "tülkülər" mayın 7-də "Everton"la evdə, mayın 15-də "Çelsi" ilə səfərdə üz-üzə gələcək. ("Report")