Azərbaycan Ermənistan üzərində hərbi üstünlüyünü sürətlə artırır

6 May 2016 09:22 (UTC+04:00)

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın kredit razılaşması əsasında Rusiyadan silah alması barədə məlumatlara münasibət bildirib. Nazirliyin mətbuat xidməti rəhbəri polkovnik Vaqif Dərgahlı bildirib ki, müharibə edən ölkə üçün 200 milyon dollar cüzi məbləğdir, bu pulla ordunu silahla təmin etmək mümkün deyil. Mətbuat xidməti rəhbəri qeyd edib ki, son illər Ermənistanın Rusiyadan aldığı silah və hərbi texnikanın istismar müddəti çoxdan başa çatıb: "Uzun illər öncə istehsal edilən və istifadə olunmayan, istismar müddəti bitmiş silahlar və hərbi texnika kredit yolu ilə Ermənistana verilir. Aprel əməliyyatlarında bunun canlı şahidi olduq. Son əməliyyatlarda ermənilərina tdığı mərmilərin əksəriyyəti köhnə olduğu üçün partlamadı, torpağa batıb qaldı. Ermənistan rəsmilərinin bundan əlavə başqa mənbələrdən silah alması barədə səsləndirdikləri fikirlər də "blef"dir. 

Apreldə Ermənistan Müdafiə Nazirliyi bildirmişdi ki, diaspor təşkilatları yardım üçün 5-6 milyon ABŞ dolları yığıb. Bu məbləğ isə çatsa-çatsa, apreldə məhv edilən erməni hərbçilərinin dəfn mərasimlərinə və onların ailələrini susdurmaq məqsədilə verilən yardımlara bəs edər. O ki qaldı 1980-ci illərdə istehsal olunan texnikanın "super" vəziyyətdə olması barədə Arsrun Ovannisyanın açıqlamalarına, bu da ermənilərin növbəti uydurmasıdır. Çünki 30 il bundan əvvəl istehsal olunan silahları alıb və onları  tərifləyərək müasir silahlarla müqayisə etmək də bir nağıldır".

 

V. Dərgahlı xüsusi olaraq bildirib ki, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən silah-sursatın, döyüş texnikasının yenilənməsi, əlavə döyüş ehtiyatlarının yaradılması,  müasir silah və texnikanın, digər hərbi elementlərin alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələri üçün külli miqdarda maliyyə vəsaiti ayrılıb.

 Beləliklə, açıqlamadan da göründüyü kimi Rusiya öz forpostu olan Ermənistana ancaq köhnə silahları satır. Azərbaycan isə bu şimal ölkəsindən ən müasir silah və hərbi texnika alır. 

Milli Məclisin deputatı Fəzail İbrahimli bildirdi ki, Ermənistan uzun illərdir, iqtisadi, sosial, siyasi baxımdan acınacaqlı, maliyyə baxımından zəif vəziyyətdə olduğundan onların müasir silah və hərbi texnika almağa imkanları belə yoxdur. Bu imkansızlığın nəticəsidir ki, erməni ordusu ancaq köhnə, istismar müddəti bitmiş 

silahlarla silahlanıb: "Bilirsiniz ki, Azərbaycanın maliyyə imkanları daha böyükdür. Ölkəmizin iqtisadi qüdrəti, imkanları düşmənlə müqayisədə qat-qat yüksəkdir. Bu mənada Azərbaycanın  xaricdən, o cümlədən Rusiyadan da ən müasir silah və hərbi texnika almaq imkanları daha genişdir. Ölkəmiz maliyyəsi hesabına ən bahalı və müasir tələblərə cavab verən bilən silahları almaq gücündədir. Ermənistana isə Rusiya silahları demək olar ki, satmır, ianə kimi verir, bağışlayır. Ermənistanın maliyyəsi çox cüzidir. Ona görə müasir silahları almağa da imkanı yoxdur. Azərbaycanın dövlət büdcəsinin 4 milyard dolları hərbi imkanlar üçün nəzərdə tutulub. Ermənistanın bütöv dövlət büdcəsi isə heç bu qədər deyil. Ona görə də müasir silahları almağa gücü, qüdrəti çatmır. Ermənistanda hazırda siyasi sabitlik, iqtisadi  inkişaf yoxdur. İrəvan hökuməti Azərbaycan kimi 4 milyard dollalıq silah alsa, bütün millətini ac qoyacaq. Düzdür, indi də ermənilər acdırlar, iqtisadi vəziyyətləri ağırdır. Amma büdcədəki bütün vəsaitləri hərbi imkanlara yönəltsələr, millətini ac-yalavac qoyacaqlar".

Hərbçi ekspert Üzeyir Cəfərov isə qeyd edir: "Son aprel hadisələri zamanı ermənilərin istifadə etdiyi artilleriya qurğuları, bəzi mərmilər keyfiyyətsiz olmaqla yanaşı,həm hədəfdən yayınırdı, həm də onlarla bağlı ciddi problemlər üzə çıxdı. Sözsüz ki, Ermənistanın arsenalında olan silahlar Azərbaycanın sahib olduğu silah və hərbi texnikaya nisbətən keyfiyyət baxımından çox geri qalıb. Azərbaycanın əldə etdiyi silah, sursat çox modern və yenidir, nəinki Ermənistanın malik olduğu silahlar. Ermənistanın əlində olan tanklar Azərbaycanın məxsus olduğu tanklardan da qat-qat zəifdir. Amma buna da arxayın olmamalıyıq. 

Sözsüz ki, erməni tərəfdə silahlar zəifdirsə, deməli, üstünlük Azərbaycanın tərəfindədir. Bu üstünlüyü isə daha da artırmalıyıq. Ermənistanın ancaq köhnə, vaxtı keçmiş silahlara malik olması bu ölkənin onsuz da zəif olan vəziyyətinin bir qədər də zəifləməsinə gətirib çıxarır. Yəni silah və hərbi texnikanın keyfiyyətinin yaxşı olmaması Ermənistanı pis vəziyyətdə qoyur. Ermənistanın bu vəziyyəti daha da pisləşəcək. Onlar bu vəziyyətdən normal nəticələrlə çıxa bilməyəcəklər. İndi onların nəzarətində olan ərazilərimiz tezliklə Azərbaycan Ordusunun nəzarətində olacaq. Bu fonda düşmənin də itkiləri həddən artıq çox olacaq".