BANM tələbəsi "Famelab" yarışmasında birinci oldu

6 May 2016 12:37 (UTC+04:00)

British Council və Qafqaz Universitetinin birgə layihəsi olan Famelab -Şöhrət Labaratoriyası yarışmasının final mərhələsi keçirildi.


Qeyd edək ki, Böyük Britaniyanın "Çeltenham Elm Festivalı" tərəfindən yaradılan yarışmanın məqsədi elm və texnologiyaya böyük həvəsi olan gəncləri öz maraqlarını ictimaiyyətlə bölüşməyə ruhlandırmaqdır.


Elm və ictimai sahədə işləyən, eləcə də texniki mütəxəssislər, elm, texnika, mühəndis, tibb və yaxud riyaziyyat sahələrində çalışan 18-35 yaş arası olan şəxslərin iştirak etdiyi və çoxsaylı yarışma iştirakçılarından yalnız 10 nəfərin vəsiqə aldığı final mərhələsi olduqca gərgin və maraqlı keçdi.


Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsindn Movqe.az-a verilən məlumata görə, BANM tələbəsi Mirlan Kərimovun "Mexaniki dalğalar və rezonans" mövzusunda, ADA Universitetinin tələbələri Samir Məmmədovun "Kriptoqrafiya" mövzusunda, Könül Qurbanlının "Qlobal Peyk Sistemi" mövzusunda, Qafqaz Universitetinin tələbələri Minəxanım Babayevanın "Kainatın tarixi" mövzusunda, Vasif Cavadlının "Ehtiyat avtomat sistemi" mövzusunda, Nuran Həsənovun "İşıqların rənglərə parçalanması" mövzusunda, Leyla İbrahimlinin "Çoxbilmiş su" mövzusunda, Bakı Dövlət Universitetinin tələbəsi Nəzrin Nəcəfzadənin "Streslər" mövzusunda, Azərbaycan Tibb Universtetinin tələbəsi Arzu Rəsulzadənin "Göz yanılmaları" mövzusunda təqdimatları həyəcanlandırıcı oldu və alqışlarla qarşılandı.


İyirmi dəqiqəlik fasilədən sonra iştirakçıların da səsləri nəzərə alınmaqla Münsiflər finalın qaliblərininin adlarını açıqladılar. Nəticə aşağıdakı kimi oldu:


I Yerin və "Ən çox rəğbət qazanan" Yerin qalibi - Bakı Ali Neft Məktəbinin tələbəsi Mirlan Kərimov;

II Yerin qalibi - ADA Universitetinin tələbəsi Samir Məmmədov;

III Yerin qalibi isə Azərbaycan Tibb Universtetinin tələbəsi Arzu Rəsulzadə oldu


Qeyd edək ki, finalda birinci yerə layiq görülən layihə 2016-cı ilin iyun ayında Böyük Britaniyada keçiriləcək "Çeltenham Elm Festivalı"nda ölkəmizi təmsil edəcək.


Yarışın sonunda Qafqaz Universitetinin rektoru professor Əhmət Saniç və British Councilin Azərbaycan üzrə direktoru Elizabet Vayt tərəfindən iştirakçılara hədiyyələr təqdim edildi, qaliblər mükafatlandırıldı.