Ermənistanın “köpük” siyasətinin astar üzü

6 May 2016 13:10 (UTC+04:00)

Ermənistan Respublikasının regionda oynadığı buqələmunluq oyunu siyasətçilər və "ayıqbaşlı" ermənilər üçün yenilik deyil. Həmsərhəd olduğu 4 ölkənin 3-ü ilə münasibətləri hamar olmayan, biri ilə isə qarşı tərəfin siyasi hədəflərinə görə əlaqə saxlayan bu ölkənin avantürist hakimiyyəti, görünür, vəziyyətdən çıxmaq üçün gerçək yolu tapmaq iqtidarında deyil. Türkiyə Respublikasına "genosid" böhtanı atmaqla, Azərbaycan torpaqlarını işğalda saxlamaqla, Gürcüstanın Axalkalaki bölgəsinə separatçılıq toxumu səpməklə qazandığı mənfi imic Ermənistan hakimiyyətinin təməl prinsiplərini müəyyənləşdirir. 

Müdriklər deyib ki, "eyni məsələdə iki dəfə aldanan axmaq adlanır, öz-özünü dəfələrlə aldadanın isə heç adı da yoxdur". Havadarlarının köməyi ilə Azərbaycan torpaqlarının 20%-ə qədərini işğal etmiş "Ermənistan" adlı ölkənin "hakimiyyət" adlı rəhbərliyi 25 ilə yaxındır ki, öz-özünü aldadır. Bu isə rəhbərlik etdiyi xalqa yalan vədlər verməklə baş tutur. 

1994-cü ildən üzü bəri beynəlxalq təşkilatların, Minsk qrupuna daxil olan ölkələrin iştirakı ilə keçirilən çoxtərəfli, üçtərəfli müzakirələrdə və hətta hər iki ölkə prezidentlərinin təkbətək görüşlərində Azərbaycan tərəfi öz üzərinə böyük humanist missiya götürərək münaqişənin sülh yolu ilə həllinə çalışıb. Bu, tamamilə sadə bir formuldur. Stol ətrafında əyləşib, tarixi həqiqətlər, real faktlar əsasında qarşılıqlı fikir mübadiləsi ilə ortaq həll imkanı tapmaqdır. Amma əvəzində nə baş verib? Danışıqların həlledici məqamlarında qarşı tərəfin normal rəhbərə, hətta ölkəsini təmsil edən adi siyasətçiyə yaraşmayan qeyri-adekvat hərəkətlərinin şahidi olmuşuq. 

2006-cı ildə Fransa prezidenti Jak Şirakın təşəbbüsü ilə keçirilən və "Rambuye görüşləri" adını almış prosesdə o vaxtkı erməni prezidenti Robert Köçəryanın danışıq gedən anda qəfildən, biabırcasına necə aradan çıxması hamının yadındadır. O vaxt prosesi şərh edən analitiklərin ümumi fikri bu oldu ki, "danışıqların mahiyyəti Köçəryanın ruhuna uyğun gəlmədiyi üçün ipin ucunu itirib" və nə qədər təhqiredici və gülünc olsa da aradan çıxmağı şəninə sıxışdırıb. Eynilə Rusiya prezidenti Dmitri Medyedvevin təşəbbüsü ilə 2011-ci ildə keçirilən Kazan görüşündə Ermənistan prezidenti Serj Sarkisyanın özünü "uşaq kimi küsülü" aparması insanın özünə qarşı həqarət və istehzasından başqa bir təşəvvür yaratmamışdı. 

Bir ay əvvəl Azərbaycan Ordusunun cəmi dörd günlük həmləsi ilə döyüş meydanında ağır itkilər verən düşmən yenə başını itirib. Elə düşünməyin ki, ordumuz bütün cəbhə boyu hücuma keçmişdi. Xeyr! Bu, torpaqlarımızın azad olunmasda qətiyyətli olan hərbçilərimizin uzun illər ərzində ermənilərin atəşkəs rejimini pozmalarına rəğmən düşmənə yüngülcə, sanki təlim keçirirmiş kimi cavab atəşi idi. Bəs nəticə necə oldu? Erməni quldur birləşmələri bir neçə yüz əsgər və külli miqdarda hərbi texnika və sursat itirdi. Ordumuz düşmənə sübut etdi ki, "ölüb-öldürməyə" qalsa, torpaqlarımızın azad edilməsi qısa müddətə başa gələr. Amma Azərbaycan rəhbərliyi yenə də canlı insan itkisinin qarşısını almaq üçün birtərəfli qaydada atəşin dayandırılması barədə göstəriş verdi. Bu, humanizmdən irəli gələn mövqenin təsdiqi idi. 

Bəs Ermənistan tərəfi nəyə əl atdı? İlk növbədə mülki əhalinin yaşayış məskənlərini atəşə tutdu. Əkin-biçinlə məşğul olan insanlarımızı qətlə yetirdi, evləri bombaladı. Dalınca da başladı yürütdüyü avantürist siyasətdə "sabun köpüyünü" daha böyük səylə üfürməyə. Bu günlərdə Ermənistan parlamentində qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması kimi səlahiyyətsiz söhbətlər baş qaldırıb. Doğrudanmı, erməni siyasi elitası belə bir addımı optimal variant sayır və buna cəsarət edə bilər?!  Qətiyyən! Hətta qondarma respublikanın Bako Saakyan adlı "prezidenti" də guya səlahiyyəti çatırmış kimi bildirib ki, "adı olub, özü olmayan dövlətin Ermənistan tərəfindən tanınması düzgün deyil". "Qospodin" Bako bu sözləri hansı siyasi müstəvidə deyib, bilmirik, amma bu, "sabun köpüyünün" əsl mahiyyətini açıb göstərir. Rusiya xarici işlər naziri Sergey Lavrov da Ermənistanda qızışan bu cür bəsit düşüncələrə reaksiya verərək deyib: "O ki qaldı Dağlıq Qarabağın tanınmasına dair mövzunun müzakirə edilməsi səbəbinə, axı Ermənistan bunu müzakirə etmir. Bu təklif parlamentin iki üzvü tərəfindən irəli sürülüb və Ermənistan hökuməti ölkə qanunlarına görə bu qanunvericiliyə dair rəy hazırlamalıdır. Mən indidən təlaşa düşməzdim və həyəcan təbili çalmazdım". S. Lavrovun axırıncı cümləsi açıq-aydın erməni siyasi elitasının səriştəsizliyinin tənqidinə yönəlib və "ağlınızı başınıza yığın, boşboğazlıq etməyin" anlamındadır. 

Haqlı olaraq Ermənistan parlamentindən soruşula bilər: İndi tanıyın görək necə tanıyacaqsınız? Hamı bilir ki, bu mümkün deyil, beynəlxalq hüquqa ziddir və yalnız sadə ermənilərin gözünə kül üfürmək məqsədi daşıyır. Başqa sözlə, Ermənistan rəhbərliyinin öz xalqını "köpük" siyasəti vasitəsilə aldatması və erməni xalqının böyük əksəriyyətinin aldanması davam edir. Azərbaycan isə dolmuş səbr kasasını hələlik daşırmaq istəmir. Düşmənin təxribatçılığına və atəşlərinə əks-həmlələrlə cavab verir. Humanizm və sülh missiyasını qoruyub saxlamağa çalışır. Amma əks-həmlələrin bir gün cəbhəboyu genişmiqyaslı hücuma çevrilməsi istisna deyil. Çünki, hər şeyin bir həddi var.