98 yaşlı veteranın şərəfli döyüş yolu: "Məni ölmüş bilib “morqa” aparmışdılar"

6 May 2016 15:09 (UTC+04:00)

Bir neçə gün sonra faşizm üzərində qələbənin 71-ci ildönümü qeyd olunacaq. Qələbə günündən bir igidin ömrü qədər vaxt keçsə də, müharibənin acı xatirələri çoxlarının yaddaşından silinməyib. Azərbaycanda 9 may günü xeyli sayda insan həmin günlərə yenidən qayıdıb, 1945-ci ilin yazını iftixar hissi ilə yad edir. Qələbənin qazanılmasında Azərbaycanın və azərbaycanlıların tövhəsi danılsa da, müharibənin elə ilk günlərəndən bir çox azərbaycanlı döyüşçü əsgəri rəşadətləri ilə fərqləndi. Mənim müsahibim də döyüşdü, müharibənin bütün sərt cəbhələrini yarıb keçdi. Amma vətənə salamat döndü. Yaşadı o günlərin şahidi kimi. Gözlər yaşla, sinə medalla... Azərbaycanın ən yaşlı veteranlarından olan, 98 yaşlı Tovuz rayonun Aşağı Quşçu kənd sakini Şəmişəd Məhərrəmov xatirələrini Movqe.az-a bölüşdü. Müharibənin odu-alovu hələ də onun gözlərində hiss olunur. Sanki bu dünən baş vermişdi. Əlbəttə, şərəfli yol keçmiş insan üçün acılı-şirinli xatirələr heç zaman unudulmaycaq. Qocaman veteran müharibə illərində keçdiyi şərəfli döyüş yolunu belə xatırladı: "1941-ci ildə müharibə başlayarkən böyük qardaşım Adil, ondan cəmi 15 gün sonra isə mən döyüşə yollandım. Amma qardaşımdan sonralar xəbər tuta bilmədik. Yalnız almanlara əsir düşdüyü barədə məlumat aldıq. Daha sonra nə qədər axtarsaqda tapa bilmədik. Mən isə döyüş yoluma Krımdan başladım. Krım döyüşlərində ağır yaralandığım üçün məni Həştərxana gətirdilər. Burada 1 ay müalicə olundum. Amma aldığımı yaralar bizim döyüş əzmimizi qıra bilmirdi. Kəşfiyyatçı kimi fəaliyyət göstərirdim. Dəfələrlə düşmənin arxa cəbhəsinə keçib, onlara ağır zərbələr endirmişdik. Bunları nəzərə alaraq mənə leytnant rütbəsi vermişdirlər. Sağaldıqdan sonra "Malaya zemlya" uğrunda gedən döyüşlərə qatıldım. Burada 25 gün döyüşdükdən sonra, yenidən ağır yaralandım. Bu dəfə Soçidə 6 ay hospitalda yatdım. Bu döyüşlərdə də, digər həmvətənlərim kimi, qəhrəmancasına iştirak etdim". 

Ömrünün ixtiyar çağını yaşayan 98 yaşlı Şəmişəd dayı müharibənin od-alovunun onun gözünü qorxutmadığını söyləyir: "Böyük Vətən Müharibəsində Azərbaycan oğulları şücaətlə döyüşdü. Bizi müharibənin dəhşətləri, bombaların iki addımlığımızda partlaması qəti qorxutmurdu. Ölümü gözə alıb düşmənin üzərinə hücum edirdik". 

Ş. Məhərrəmov döyüş xatirələrindən birini belə yadına salır: "Gecə ilə Qara Dənizdə faşistlərin gəmisinə desant hücumu oldu. Həmin döyüşdə mən 4 faşisti öldürdüm. Biz suda da, quruda da, heç nədən qorxmurduq. O vaxt mən dənizə düşmüşdüm. Döyüş yoldaşlarım köməyimə çataraq məni sudan çıxardaraq xilas etdilər. "Malaya Zemlya" döyüşlərində biz düşmən üzərinə bir neçə dəfə hücuma keçdik. Dördüncü dəfə etdiyimiz hücum heç yadımdan çıxmır. Hamımız "urra"sədaları ilə hücuma keçdik. Düşmənin üzərinə elə yeridik ki, faşistlər qorxudan özlərini itirdilər. Həmin döyüşlərdə ağır yaralandım. Məni ölmüş bilib "morqa" aparmışdılar. Orada gürcü millətindən olan tibb bacısı mənim yaşadığmı bilib, dərhala həkimlər xəbər vermişdi. Hətta hər yana mənim "öldü" xəbərim yayılmışdı. Sağ olsun həmin tibb bacısının köməyi sayəsində mən bu gün yaşayıram. Tibb bacısı ilə son 10 ilə qədər yoldaşlıq edirdim. Danışırdıq, görüşürdük. Təxminən 10 il olar rəhmətə getdi. Elə o vaxtdan mən 9 Mayı həm qələbə, həm də, doğum günü kimi qeyd edirəm. Çünki mən ikinci dəfə dünyaya gəlmişdim". 

Aprel döyüşlərindən fəxrlə danışan yaşlı veteran, bir neçə yüksəkliyin ələ keçirilməsi ilə Azərbaycan ordusunun düşmənə öz gücünü göstərdiyini söyləyir: "Cəbhə bölgəsindən xəbərlər gəldikcə, sinəm qürur hissi ilə dolurdu. Şəhid xəbərlərinə əlbəttə hər birimiz üzülürük. Amma torpaq uğrunda candan keçməyincə qayıtmır. Əsas odur ki, bizim torpaq uğrunda canını əsirgəməyən, son damla qanına qədər döyüşən oğullarımız var. Deməli gec-tez biz torpaqlarımnızı yağı tapdağından azad edəcəyik. Son döyüşlər göstərdi ki, hər kəs ayaqda Ali Baş Komandanın döyüş əmrini gözləyir. Bu ruh bizim xalqımızda varsa, deməli işğal olunmuş torpaqlarımızı azad edəcəyik. İnanıram ki, o gün uzaqda deyil..." . Ömrünün 99-cü baharını yaşayan veteran ən böyük arzusunun Qarabağı azad görmək, həmin qələbənin sevincini yaşamaq olduğunu deyir: "İndi Azərbaycanın qarşısında duran əsas vəzifə faşist ideyalarının daşıyıcıları olan erməni işğalçılarının dünya ictimaiyyəti tərəfindən mühakiməsinə nail olmaqdır. Bizim güclü ordumuz var".