“Tarix yaradan dahi” Masallıda mövzusunda Masallıda konfrans keçirilib

6 May 2016 16:10 (UTC+04:00)

Xəbər verdiyimiz kimi bu gün, mayın 6-da Masallı şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasınının 93-cü ildönümünə həsr olunmuş "Tarix yaradan dahi" mövzusunda konfrans keçirilmişdir.

Konfrans iştirakçıları əvvəlcə Masallı şəhər Heydər Əliyev Mərkəzinin foyesində ulu öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotostendlə tanış olmuşlar.

Daha sonra mərkəzin konfrans zalında tədbir davam etdirilmiş və burada əvvəlcə ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilmişdir.

Konfransı giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil İsrafil oğlu Hüseynov açmış, Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində oynadığı əhəmiyyəti rolu vurğulayaraq qeyd etmişdir ki, Heydər Əliyev 47 il əvvəl, 1969-cu ildə hakimiyyətə gələrkən Azərbaycanda tənəzzülü dayandırmaq, həyatın bütün sahələrində inkişafı təmin etmək üçün xüsusi və əhatəli konsepsiya hazırlayıb həyata keçirməyə başladı. Tədricən respublikamızın iqtisadi strukturunda köklü dəyişikliklər baş verir, həmin dövr üçün ən müasir texnologiyaya əsaslanan güclü istehsal sahələri ümumittifaq əhəmiyyətli nadir zavod və fabriklər tikilirdi. Bu konsepsiya Azərbaycanı geridə qalmış aqrar əyalətdən güclü sənaye respublikasına çevirdi. 

Çıxışını davam etdirən natiq qeyd etdi ki, məhz Heydər Əliyevin dövründə Azərbaycan gənclərinin keçmiş Sovet İttifaqının nüfuzlu universitetlərində və hərbi məktəblərində təhsil almağa göndərilməsi, habelə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, Azərbaycan dilinin dövlət dili elan edilməsi o zaman üçün inqilabi dəyişikliklər hesab olunurdu. Ulu öndərin bu uzaqgörən siyasətinin nəticəsi idi ki, Azərbaycan respublikası müstəqillik qazandıqdan sonra vaxtında görülmüş bu tədbirlərin sayəsində ayaqda dura bildi. Buna görə də bu gün Azərbaycan xalqı bu dahi şəxsiyyət minnətdardır.

  Çıxışının sonunda R.Hüseynov bu gün də Heydər Əliyev ideyalarının Azərbaycanda yaşadığını və onun apardığı mütərəqqi siyasətin davam etdirildiyini vurğuladı. Belə ki, böyük öndərimizin başladığı işlər, onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

  Konfransda məruzə ilə çıxış edən Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev də öz məruzəsində ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyində oynadığı böyük roldan söz açaraq qeyd etmişdir ki, tarixdə elə şəxsiyyətlər yetişib ki, onlara nəinki təmsil etdikləri xalqın taleyində, eləcə də dünya siyasətində olduqca böyük missiyanı həyata keçirmək səadəti nəsib olub. Ümummilli Liderimiz Heydər Əliyev də məhz belə tarixi şəxsiyyət, dünya siyasətinin mahir bilicisi idi. Azərbaycanın müasir tarixinin 35 illik bir mərhələsi, eləcə də müstəqil dövlətimizin dinamik inkişafı və dünyaya inteqrasiya prosesi onun adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərimiz Azərbaycan tarixində yeni parlaq səhifə açan nadir şəxsiyyət olmuşdur. Bu dahi, müdrik insan xalqımızın əsrlərin sınağından çıxmış özünəməxsus milli xüsusiyyətləri ilə yanaşı, bəşəri düşüncələrin daşıyıcısı idi. 

Öz məruzəsini davam etdirən natiq daha sonra qeyd etdi ki,  ulu öndər Heydər Əliyev siyasətçi və dövlət xadimi kimi ən uca missiyanı gerçəkləşdirərək müstəqil Azərbaycan dövlətinin memarı oldu və bu tarixi öz əməlləri ilə yazdı. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir. Bu şəxsiyyətin həyatını öyrənmək, onun gördüyü işlərin, başladığı layihələrin tarixi əhəmiyyətini dərk etmək özü böyük bir məktəbdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb ki, bu, əsrlər boyu unudulmayacaqdır. Azərbaycanın hər bir bölgəsində Heydər Əliyevin quruculuq fəaliyyətinin silinməz izləri var". 

YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev Azərbaycana vermiş olduğu çox böyük əhəmiyyəti məhz ümummilli liderin öz nitqindən gətirmiş olduğu bu sitatla konfrans iştirakçılarının diqqətinə çatdırdı. Belə ki, Heydər Əliyev deyirdi: 

"Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib". 

Natiq sonda möhtərəm Prezident İlham Əliyev ümummilli liderin siyasi kursuna daim sadiq qalaraq, dahi rəhbərin müəyyən etdiyi inkişaf strategiyasını yaşadaraq və inkişaf etdirərək müstəqil Azərbaycanın iqtisadi inkişaf tempinə görə dünyanın qabaqcıl dövlətləri sırasına çıxardığını və artıq ölkəmiz regionun lider dövlətinə çevrildiyini, onun beynəlxalq aləmdə nüfuzunun və qüdrətinin xeyli gücləndiyini, bunun gələcəkdə daha da yüksək templə inkişafını əminliklə qeyd edərk öz çıxışını yekunlaşdırdı.

  Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şirvan Əbilov söylədi ki, 1990-cı ildə Moskvada Beynəlxalq Əlaqələr İnstitutunun kafedra müdiri Rumyantsevlə söhbətimi xatırlayıram. Adını çəkdiyim institutda məni onunla dostum Katarani Melikov tanış etdi. Məqsədimi, kimliyimi soruşdu. Katarani məni təqdim edib dedi:

- Azərbaycanlıdır, Heydər Əliyevin görüşünə gəlib. İlham Əliyevi gözləyirik!

Bu tanışlıqdan sonra ölkənin ən böyük ali məktəblərindən birinə başçılıq edən, zəngin dünyagörüşlü şəxsin dediklərindən qürur hissi duydum.

O dedi:

- Mən sizə təşəkkür edirəm ki, məhz bu vaxtda Heydər Əliyevi axtarırsınız.

Əlavə edib dedi ki, Allah Azərbaycana hər şeyi verib. Üstəlik, Heydər Əliyev kimi bir şəxsiyyəti də! İlhama gəlincə, o elə bir günəşdir ki, nə vaxtsa Azərbaycan bu günəşlə isinəcək.

Bizim xalq, onun övladları haqqında səmimi sözlər dediyinə, yüksək qiymət verdiyinə görə ona təşəkkür etdim. Təəssüf ki, həmin vaxt ulu öndərlə görüşüm baş tutmadı.

Nəhayət, bu böyük insanla görüşmək mənə 1992-ci ilin noyabrında qismət oldu. Heydər Əliyevlə canlı ünsiyyətdə olmaq, onu dinləmək böyük səadət, insanın həyatının ən unudulmaz anlarıdır. Biz Heydər Əliyev dühasının böyüklüyünü dərk etmək qüdrətindən kənardayıq. Ancaq hər kəs o böyük insanın sadə bu həyat fəlsəfəsi ilə şərikdir: "Hər bir vətəndaş öz milli mənsubiyyəti ilə fəxr etməlidir. Mən fəxr edirəm ki, azərbaycanlıyam".

1992-ci ildə noyabrın 20-də Yeni Azərbaycan Partiyasının təsis konfransında iştirak etmək üçün Naxçıvana gedənlər arasında idim. Bölgədəki vəziyyət barədə söhbətimizdə onun bölgəmizə çox yaxşı bələd olduğunu gördüm. Cənub bölgəsindən elə adamları soruşdu ki, onlar da özü kimi Vətənə, xalqa sədaqətli idilər.

Bu görüşə qədər ulu öndəri sovet dönəmində respublikanın rəhbəri kimi keçirdiyi tədbirlərdə görmüşdüm. Kənd Təsərrüfatı Nazirliyində aparıcı vəzifələrdə işləyən qardaşım İmran Əbilovu tanıyırdı. Bir sözlə, cənub bölgəsindən adamları soruşanda bildim ki, Azərbaycanın ən ucqar bölgələrini belə məhəllələrinə qədər tanıyır. Bu xalqa qaynayıb-qarışmağından irəli gəlirdi. Respublikanı idarə etdiyi dövrdə rayonları qarış-qarış gəzdiyinin, adamlarla çoxsaylı görüşlərinin nəticəsi idi.

Konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Hacı Mirqiyas Ağa Təhməzov, Masallı şəhər Heydər Əliyev Mərkəzinin bələdçisi Samirə Sabirli, Masallı rayon Yeyənkənd kənd tam orta məktəbin direktoru İmaməddin Teymurov və başqaları ümumilli lider, dahi şəxsiyyət Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən söz açdılar.

Konfransı yekun nitqi ilə başa çatdıran Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil İsrafil oğlu Hüseynov bir daha Heydər Əliyev ideyalarının əhəmiyyətini vurğulayaraq onun Azərbaycan dövlətçiliyində oynadığı misilsiz roldan söz açdı, dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində hər zaman özünəməxsus yer tutduğunu qeyd etdi.