Ermənilərin Qarabağdan və Ermənistandan qaçışı sürətlənir

7 May 2016 09:30 (UTC+04:00)

Aprel döyüşləri erməniləri çox ciddi təşvişə salıb. Belə bir vaxtda düşmən ölkədə Azərbaycan Silahlı Qüvvələrinin guya 8-9 may ərəfəsində hücuma keçəcəyi barədə məlumatlar yayılıb. Məlumata artıq Azərbaycan Müdafiə Nazirliyi də  münasibət bildirib, ermənilərin narahatlıqlarına bir qədər də narahatlıq qatıb. 

Nazirlik bildirib ki, ermənilər hər gün, hər an, hər saat Silahlı Qüvvələrimizin torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün tam təmin olunması istiqamətində addımlar atacağını gözləməlidirlər: "Məşhur bir kəlamda deyildiyi kimi "Ölümü gözləmək ölümün özündən daha dəhşətlidir".

Qarabağda yeni müharibə təhlükəsi fonunda ermənilərin Qarabağda köçü bu dəqiqələrdə də davam etməkdədir. Hətta artıq müharibə amilinə görə Ermənistanı da tərk edən ermənilər var. Ermənistanın "Aykakan Jamanak" qəzeti xəbər verir ki, ölkə vətəndaşları kütləvi şəkildə Rusiyaya köçürlər.

Siyasilər köç prosesinin təbii olduğunu deyirlər. Bu, həm sosial iqtisadi çətinlik, həm də Ermənistan ordusunun son döyüşlərdə məğlubiyyətinin nəticəsidir. Nəticə isə başqa bir proses səbəb ola bilər ki, bu da Ermənistanın köçdən ehtiyatlanaraq danışıqlarda konstruktiv mövqeyə gəlməsidir. 

Politoloq Cümşüd Nuriyev bildirdi ki, bir neçə il əvvəl prezident Vldamir Putinin ermənilərlə görüşündə maraqlı fakt oldu: "Ara Abramyan yaltaqlanmış kimi bildirdi ki, Rusiyada yaşayan 2 milyon erməni sizin prezident olmağınızı dəstəkləyir. Yəni, yenidən prezidentliyə namizədliyini irəli sürsün. Putin də ondan soruşdu ki, Ermənistanda nə qədər erməni yaşayır? O da bildirdi ki, elə bir o qədər. Ancaq Putin "yox" dedi. Dialoqun sonunda məlum oldu ki, Ermənistanda 3.5 milyon yox, 1.8 milyon erməni qalıb. Bu fakt dəqiqdir. Hazırda Ermənistanda 1.8 milyon əhalinin qalmasının əsaslı səbəbləri var. Burada həm iqtisadi çətinlik, həm müharibə, həm də hakimiyyətdə Qarabağ klanın olması amili rol oynayır. 

Eyni zamanda ölkə daxilindəki qarşıdurma Ermənistandan axını gücləndirib. Aprel ayının əvvəlində baş verən döyüşlər də buna təkan verdi. Bütün hallarda Ermənistanda ermənilərin köç etməsi danılmaz faktdır. Düzdür, müharibə ehtimalı azdır. Belə bir addımı ermənilər atarsa, birbaşa intiharları deməkdir.Onsuz da siyasi intihar ediblər. Bu, onların hərbi intiharı ola bilər. Yəni, ermənilər müharibə etməyəcəklər. Ancaq Azərbaycan öz hazırlıqlarını görməlidir və görür. Bütün hallarda Azərbaycan tərəfindən belə bir addım atılarsa, bu,  Xankəndini çıxmaq şərti ilə Qarabağın bütün kənar rayonunlarının tam boşalması ilə nəticələnəcək. Dalınca da Xankəndi boşalacaq. Onsuz da yaxın kəndlərdəki sakinlər yavaş-yavaş qaçırlar. Qaçışdan ehtiyatlarnıb danışıqlarda mövqelərində yumşalmalar da ola bilər".

Digər siyasi təhlilçi Adıgözəl Məmmədov bildirir ki, Ermənistan cəmiyyətini sosioloji olaraq müəyyən təbəqələrə bölmək olar: "Ermənistanda ümumi, vahid erməni düşüncə tərzi yoxdur. Yəni, onların arasında fikirləri bir-birinə zidd olan insanlar çoxdur. Ermənistanda demokratik düşünənlər də var. Açıq etiraf edirlər ki, bu ərazilər bizim ərazilər deyil. Bu, bir qrup erməni klanının layihəsidir və xalqı girova çeviriblər. Yəni, Ermənistandakı rejimə etinadsız, hörmətsiz yanaşan ermənilər çoxdur. 

Özləri də etiraf edirlər ki, bizi Qarabağda saxlamaq üçün müəyyən qədər mal-qara veriblər. Buna baxmayaraq, acından öldüklərini də gizlətmirlər. Yəni, faktiki olaraq Dağlıq Qarabağda insanları məcbur saxlayırlar. Amma insanların oranı tərk etməsi təbii prosesdir. Sadəcə bir qrup yaşlı insanları orada saxlayıblarlar ki, maldarlıqla məşğul olsunlar. Onların da böyük əksəriyyəti yaşadıqları torpaqların özgəsinin olduğunu dərk edirlər. Bilirlər ki, əvvəl-axır Azərbaycan Ordusu həmin torpaqları azad edəcək. Sadəcə olaraq, hərbi xunta öz siyasi hakimiyyətini, varlığınlı qorumaq üçün Qarabağ "kartı" ilə oynamağa davam edirlər. Bu hərbi xunta insanların kütləvi axınının qarşısını almaq üçün hətta cəza sisteminə keçə bilər. Çünki, onların hakimiyyətləri insanların bədbəxtliyi üzərində qurulub".