Səlim Müslümov: Əhalinin 38 faizinin əməkhaqları, pensiya və müavinətləri, təqaüdləri artırılıb (FOTO)

6 May 2016 18:00 (UTC+04:00)

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində toplantı keçirilib. Tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səslənib.


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a  verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin müasir tariximizin fəxr və qürur hissi doğuran parlaq bir səhifəsi olduğunu vurğulayıb, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı naminə Ulu öndərin göstərdiyi misilsiz xidmətlərdən bəhs edib: "Heydər Əliyevin milli inkişaf strategiyası onun dövlət quruculuğu prosesində xalqın yaşam tərzinə həssas, qayğıkeş münasibətini özündə ehtiva edərək Azərbaycanda sosial tərəqqiyə əsaslanan unikal dövlətçilik təcrübəsinə yol açdı. Ümummilli liderimizin ötən əsrin 90-cı illərindən sosial tənəzzüldən sosial sabitliyə keçidi uğurla təmin edən kompleks tədbirlər silsiləsi, etibarlı iqtisadi potensialın formalaşması zəminində sosial müdafiə sisteminin yeni iqtisadi münasibətlərə, qlobal çağırışlara uyğun müasir əsaslarla yenidən qurulmasına yönələn islahatlar kursu Azərbaycanda sosial dövlət konsepsiyasının praktik müstəvidə reallaşmasına imkan yaratdı".


Nazir 1993-2003-cü illərdə əhalinin rifahının keçid dövrünün çətinliklərindən müdafiəsi və milli iqtisadiyyatın sosialyönümlü inkişafı yönündə mühüm tədbirləri həyata keçirən ulu öndər Heydər Əliyevin bu dövrdə müstəqil Azərbaycanın mütərəqqi prinsiplər əsasında sosial qanunvericilik bazasının formalaşdırılması üçün fundamental əsasların yaradılmasını təmin etdiyini də diqqətə çatdırıb.


Ümummili liderimiz Heydər Əliyevin müdrik siyasi kursunun 2003-cü ildən Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən nazir son 12 ildə respublikanın dinamik inkişaf və modern islahatlar yolunda sürətlə irəliləyən ölkə olduğunu vurğulayıb: "Bu dövrdə 3,4 dəfə iqtisadi artıma, qeyri-neft sektorunun ÜDM-də payının 70%-i ötməsinə, milli iqtisadiyyata 200 milyard dollar investisiyanın yatırılmasına nail olan ölkədə rifah göstəriciləri də mütəmadi yüksəlib. Əhalinin gəlirləri 7 dəfə və cari ilin ilk rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 10303,5 milyon manat, orta aylıq əmək haqqı 5,6 dəfədən çox və cari ilin yanvar-fevral aylarında 6,2 faiz artaraq 472,2 manata çatıb. 2003-cü ildən sonrakı dövrdə əhalinin real gəlirlərinin orta illik artım tempi iqtisadi artım tempini orta hesabla 8,3 faiz üstələyib. Bu gün ölkə əhalisinin 23 faizi dövlət sosial təminat sistemi ilə əhatə olunub və onlara yönələn sosial ödənişlərin mütəmadi olaraq artırılması təmin olunur. Təkcə bu ilin ilk rübündə dövlət başçısının imzaladığı 25-dən artıq fərman və sərəncamla ölkə əhalisinin 3,6 milyon nəfərinin və ya 38 faizinin əmək haqları, pensiya və müavinətləri, təqaüdləri artırılıb".


Ölkənin əmək və sosial müdafiə sisteminin müasir innovativ yanaşmalar əsasında qurulmasının da dövlət başçısının diqqət mərkəzində olduğunu vurğulayan S.Müslümov son illərdə nazirlik tərəfindən bu istiqamətdə mühüm islahat tədbirlərinin həyata keçirildiyini bildirib: "Hazırda əmək bazarına dövlət nəzarətinin təşkili, sığorta-pensiya, dövlət sosial yardımı, tibbi-sosial ekspertiza və reabilitasiya sistemləri və digər sahələr elektron texnologiyalar əsasında tam avtomatlaşdırılmış şəraitdə fəaliyyət göstərir. Nəticədə həmin sahələrdə beynəlxalq səviyyədə də yüksək dəyər verilən müasir, şəffaf idarəçilik və əhaliyə xidmətlər sistemi formalaşdırılıb".


S.Müslümov ulu öndərimiz Heydər Əliyevin sosial sahə ilə bağlı ideyalarının və Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial inkişaf kursunun ölkəmizdə sosial firavanlığın təminatı istiqamətində gələcəkdə də mühüm nailiyyətlərin qazanılmasına əsas yaratdığını diqqətə çatdırıb.


Digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin milli dövlətçiliyimizin qurulması və möhkəmləndirilməsi, respublikamızın sosial-iqtisadi, mədəni tərəqqisi, əhalinin etibarlı sosial müdafiəsinin təmin olunması, habelə vahid azərbaycançılıq ideologiyası əsasında milli həmrəyliyin gücləndirilməsi, xalqın milli-mənəvi dəyərlər sisteminin qorunub saxlanması və inkişafı, ölkəmizin beynəlxalq münasibətlər sistemində fəal mövqeyə sahib olması və s. istiqamətlərdə göstərdiyi mühüm tarixi xidmətlərdən söz açıblar.