İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

7 May 2016 20:00 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev mayın 7-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizeri qəbul edib.


Movqe.az goal.az-a istinadən xəbər verir ki, Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə "Böyük dəbilqə" beynəlxalq turnirinin çox yaxşı təşkil olunduğunu deyən dövlət başçısı son dövrlər idmançılarımızın müxtəlif yarışlarda qazandığı böyük uğurların önəmini qeyd edib. Cüdo üzrə milli komandamızın bu yaxınlarda keçirilən Avropa çempionatında yüksək nəticələr əldə etdiyini xatırladan Prezident İlham Əliyev bu idman növünün Azərbaycanda populyarlığının getdikcə artdığını vurğuladı, ölkənin gələcəkdə beynəlxalq yarışlarda daha fəal və dinamik iştirak edəcəyinə ümidvar olduğunu deyib. 


Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Bakıda keçirilən cüdo üzrə "Böyük dəbilqə" beynəlxalq turnirinin yüksək səviyyədə təşkilindən məmnunluğunu ifadə edib. Azərbaycanda cüdonun inkişafını daim dəstəklədiyini qeyd edən Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer ölkəmizin cüdo üzrə yığmasının yeni strategiya ilə yarışlarda daha yüksək fəallıqla iştirak edəcəyinə ümidvar olduğunu deyib. Marius Vizer 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında cüdo idmanı ilə bağlı aparılan hazırlıq işlərindən danışıb.