QMİ: Məscidlərdə kəbin kəsdirənlərdən rəsmi nikah sənədi tələb olunur

10 May 2016 16:23 (UTC+04:00)

Azərbaycanda bütün məscidlərdə dini kəbin kəsdirən şəxslərdən Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVAQ) şöbələrinin rəsmi nikah sənədi tələb olunur. Movqe.az xəbər verir ki, bunu trend-ə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini, "Heydər" Məscid Kompleksi İdarəsinin sədri Hacı Sabir Həsənli deyib.


S.Həsənli bildirib ki, dini kəbin kəsilərkən mütləq rəsmi nikah sənədi təqdim edilməlidir: "Azərbaycanda məscidlərin hamısında dini kəbin kəsilərkən rəsmi nikah sənədi tələb edilir. Bu barədə QMİ-nin rəsmi göstərişi olub. VVAQ-ın sənədi olmadan dini kəbin kəsdirmək mümkün deyil. Sovet dövründə də belə idi, müstəqillik dövründə də belədir".


O əlavə edib ki, "Heydər" məscidində dini kəbin kəsilərkən qeydiyyat aparılır: "Burada nəinki dini kəbinlər, bütün müraciətlər qeydiyyatdan keçirilir".