Moskva və Vaşinqtondan Qarabağ münaqişəsinə vacib yanaşma

11 May 2016 07:00 (UTC+04:00)

ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov yeni telefon danışığında digər məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını da müzakirə ediblər.  Məlumata görə, ABŞ və Rusiya rəsmisi arasındakı danışıqlarda münaqişənin dinc vasitələrlə nizamlanması, habelə ATƏT-in Minsk Qrupunun növbəti mərhələdə atacağı addımlar diqqət mərkəzində olub.  

Tərəflər aprelin əvvəlindən bəri artıq 6-cı dəfədir Qarabağ məsələsini müzakirə edirlər. Buradan belə anlaşılır ki, apreldə cəbhə xəttində baş verən olaylardan sonra Vaşinqtonla Moskvanın konfliktin həllinə diqqəti artıb. Politoloq Elşən Manafovun fikrincə, indiki mərhələdə münaqişənin çözülməsilə bağlı Qərblə Rusiyanın maraqları hələlik üst-üstə düşmür: "Kerri və Lavrov arasında son zamanlar telefon danışıqlarının mütəmadi xarakter alması, Azərbaycan Prezidentinin bu günlərdə açıqladığı bəyanatı bir daha təsdiqləyir ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar kifayət qədər impulsiv və dinamik xarakter alıb və Minsk qrupundakı həmsədr dövlətlər Ermənistana təzyiqi gücləndiriblər. Bu mənada Kerri ilə Lavrovun danışıqlarında münaqişənin tənzimlənməsilə bağlı məsələdə hər iki tərəfin, o cümlədən ATƏT-in Minsk qrupunun bölgəylə bağlı maraqları və burada sabitliklə sülhün təmin edilməsi ətrafında heç şübhəsiz ki,  müzakirələr aparılıb. 

Bu müzakirələrin gedişatından asılı olmayaraq, belə fikir səsləndirə bilərik ki, bütün hallarda hazırda Cənubi Qafqazda geosiyasi mənafeyi olan dövlətlərin maraqları hələlik üst-üstə düşmür. Bu da anlaşılandır. Qərb ciddi-cəhdlə Cənubi Qafqazı, hətta Ermənistan da daxil olmaqla öz nüfuz dairəsinə salmaqla bağlı prosesləri sürətləndirmək istəyir. Rusiya isə postsovet məkanı uğrunda mübarizədə Ukraynadan sonra daha bir itkiyə yol verməmək üçün dirəniş göstərir. Məhz Rusiyanın vasitəçiliyi və təşəbbüsü ilə atəşkəsin əldə olunması istiqamətində razılıq da göstərdi ki, Kreml status-kvonun dəyişməsindən daha çox narahatdır. Çünki status-kvonun dəyişməsi bölgədə onsuz da güclü olan Azərbaycanın mövqeyinin daha qabarıq şəkildə üzə çıxması deməkdir. 

Azərbaycan şübhəsiz ki, bölgənin lider dövlətidir və Xəzərin karbohidrogen ehtiyatlarının Rusiyadan yan keçməklə xaricə çıxarılması məsələsində  Qərb dövlətlərilə tərəfdaşlıq edir. Bu da Rusiyanın bölgə ilə bağlı maraqları ilə ziddiyyət təşkil edir. Hərçənd ki, Azərbaycan müstəqil dövlətdir və bütün hallarda öz siyasətini həyata keçirərkən bölgə dövlətlərinin regional maraqlarını nəzərə almaqla yanaşı, öz maraqlarından çıxış edir. 

Heç şübhəsiz, ilk növbədə Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərimzi üzərində suverenliyimizi bərpa etməliyik. Bu proses Rusiya ilə əməkdaşlığın daha geniş formada olmasını özündə ehtiva edirsə, Azərbaycanın dövlət maraqları, müstəqillik və suverenliyinə xələl gətirməmək şərtilə Moskvanın irəli sürdüyü bəzi şərtləri müzakirə edə bilərik. Bu mənada Azərbaycan diplomatiyası Qərbi də anlatmağa çalışmalıdır ki, belə vəziyyət ölkəmizin Qərbə inteqrasiyasına heç bir vəchlə mənfi təsir göstərməyəcək. Bunu Qərbə anlada bilsək, güman edirəm ki, bu Qarabağın çözülməsi məsələsində ölkəmizə yardımçı olacaq".

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayevin fikrincə, həmsədr ölkələr  münaqişə ətrafında yaranan 

yeni situasiyanı nəzərə alsalar, bu halda danışıqlar prosesində irəliləyişlərin olacağını gözləmək olar: "Kerri ilə Lavrov arasında son bir ayda Qarabağ məsələsinin 6-cə dəfə müzakirə olunması onu göstərir ki, münaqişənin nizamlanması ilə bağlı onlar nəsə bir iş görmək istəyirlər. Təbii, sual doğurur ki, belə kontaktları qurmaqla onlar nəyə nail olmağa çalışırlar. Müşahidələr göstərir ki, Amerika ilə Rusiya arasında məlum və ciddi qlobal məsələlərdə böyük ziddiyyətlər var. Amma Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi üzrə onlar arasında müəyyən mövqe eyniliyi mövcuddur. Bu da ondan ibarətdir ki, bütün vasitələrdən istifadə edərək problemin siyasi-diplomatik həllinə nail olmaq lazımdır. Burada onların mövqeyi təxminən eynidir. Həmin eyniliyə görə də ABŞ-la Rusiya arasında müzakirə etməyə mövzu vardır. 

Lakin bu yanaşma bilavasitə konfliktlə bağlı situasiyaya, münaqişənin ədalətli həllinə münasibətdə yetərlidirmi, bunlar sual doğurur. Minsk üçlüyünün nizamlama mexanizmi texnologiyasına görə köhnədir. Amma apreldən sonra 

situasiya fərqlidir. Vasitəşilik missiyasını üzərinə götürən dövlətlər mövqelərində yeni situasiyanı nəzərə almalıdırlar. 

Minsk qrupunun təqdim etdiyi köhnə nizamlanma texnologiyası yeni vəziyyəti nəzərə almalıdır. Nəzərə almasa, bu, Azərbaycanı qane etməyəcək. İkincisi, Azərbaycanın uzun müddət gözləmə mövqeyi tutacağı da ağlabatan deyil. Onlar bunu nəzərə almalıdır. Azərbaycan artıq problemin həllinə ayrı cür baxır. Bu fərqli baxışda təcavüzkar Ermənistanın uzun-uzadı danışıqlarla manipulyasiya etmək cəhdi üçün yer yoxdur. 

Avropa İttifaqının da problemə münasibətdə  real yanaşmaları əks etdirən mövqelər olmalıdır. Ümumi bəyanatlarla Avropanın mövqeyi heç nəyə təsir etməyəcək. Rusiya və ABŞ-ın əsas istədiyi münaqişənin hərbi kontekstə keçməməsidir, əsas motivləri yalnız diplomatik danışıqlardır. Ermənistan isə çalışır ki, hazırkı mövqeyində qala bilməsi üçün lazım olan bəzi məsələlərdən istifadə etsin. Amma fakt faktlığında qalır ki, Ermənistanın yeni şəraitdə təcavüzkar mövqedə qalması onun üçün böyük təhlükələr yaradır.  Ağıllarını başlarına yığıb situasiyanı düzgün qiymətləndirsələr, Minsk üçlüyünün problemi siyasi yolla həlli variantı daha çox məzmunlu ola bilər. O mənada məzmunlu ola bilər ki, çözüm ədalətə, beynəlxalq hüquqa əsaslansın".