Yanacaqdoldurma məntəqələrində yanacaq «fırıldağı»

11 May 2016 09:40 (UTC+04:00)

Nəqliyyat vasitələrinin çox olması fonunda artan yanacaqdoldurma məntəqələri (YDM) də bəzən pis mənada diqqəti çəkə bilir. Belə ki, bu günlərdə  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov açıqlama verib ki, komitənin apardığı monitorinq nəticəsində əksər YDM-lərdə yanacağın tam doldurulmaması, plombun pozulması faktları aşkarlanıb. Komitə sədri faktlar üzrə sənədlərin hazırlanaraq prokurorluğa göndərildiyini qeyd edib. 

Belə hallar istehlakçı hüququn pozulması kimi dəyərləndirirlər. Mütəxəssislər problemin həllində müxtəlif variantlar təklif edirlər. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ilk olaraq onu vurğuladı ki, bu sahədə ictimai nəzarət sıfır səviyyəsindədir: "Bundan başqa, problemin həlli üçün cihazlar gözlə görülə bilən yerə qoyulmalıdır: "Qanunvericiliklə nəzərdə tutulan və "merzurka"lar adlanan ölçü cihazlarının açıq yerdə qoyulması məqsədəuyğundur. Bu zaman sürücü ödədiyi məbləğə uyğun yanacağın vurulub-vurulmadığını görə biləcək.  Həmçinin nəzərə alaq ki, şlanqın içərisində hər zaman benzin qalır. Yəni, yanacaq hesablama maşınından keçdikdən sonra şlanqın içərisində qalan benzin yenidən geri sorulur. Heç növbəti avtomobilə də tökülmür. Hətta uzun ölçülü şlanqlarda 2-3 litrə qədər benzin qalması mümkündür. Bunu da diqqətdən qaçırmaq olmaz. Ona görə də prosesin şəffaflaşdırılmasına ehtiyac var. 

Eyni zamanda, aidiyyatı dövlət orqanları yanacaqdoldurma məntəqələrində tez-tez monitorinqlər təşkil etməlidirlər. Halbuki, belə proses ildə bir dəfə baş verir. Ümumiyyətlə, yanacaqdoldurma məntəqələrində şikayət və təkliflər dəftəri olmalıdır. Dövlət orqanları da şikayət və təklifləri ümumiləşdirməklə vəziyyətin necə olduğunu bilə bilərlər".

Energetika məsələləri üzrə ekspert Zəfər Vəliyev isə prosesə nəzarət edən qurumların fəaliyyətini genişləndirməsini təklif edir: "Bu problem pərakəndə satış bazarında uzun müddətdir yaşanır. Yanacağın keyfiyyət və kəmiyyətinə nəzarət edən qurumlar var. Həmin təşkilatlar mütəmadi reydlər təşkil etməlidirlər. Yanacaqdoldurma məntəqələrindəki ölçmə cihazlarının müqayisəli yoxlanması və standarta cavab verməsini təmin etməlidirlər".