Şəxsi həyat və dronlar

11 May 2016 12:00 (UTC+04:00)

Azərbaycanda şəxsi həyatın toxunulmazlığının pozulmasına görə cəzalandırmaya səbəb olan halların sayı artırılır.


Movqe.az bildirir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı məsələ Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.


Yeni layihəyə əsasən, şəxsi məlumatların məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə əldə edilməsi də şəxsi həyatın toxunulmazlığını pozan hal kimi dəyərləndiriləcək. Dəyişiklik edilməsində məqsəd şəxsi həyatın müdaxilədən qorunmasını təmin etməkdir.


Hazırki Cinayət Məcəlləsinə görə, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılmasına görə yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalar tətbiq edilir.


Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


Yeni layihədə isə təklif edilir ki, eyni əməllər həm vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi, həm də məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədilməsi cəzalandırmaya səbəb olacaq. Bu hallara görə isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırmanın olması təklif edilir.