Millət vəkillərindən məhkumlarla bağlı-Təklif

11 May 2016 11:36 (UTC+04:00)

"Azərbaycanda bütün cəzaçəkmə və istintaq təcridxanalarında ümumi məhkumların sayı 24 minə qədərdir. Bu, Azərbaycanda indiyə qədər ən yüksək rəqəmdir".  Bu barədə bir müddət öncə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü deputat Çingiz Qənizadə açıqlama vermişdi. 

Qeyd edək ki, ölkəmizdə cinayət əməli törədənlərin cəzasız qalmaması üçün məhkəmə instansiyaları fəaliyyət göstərir. Amma ekspertlər bəzən məhkəmələrdə verilən sərt qərarlar üzündən cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların sayının artdığını söyləyirlər. Millət vəkili Çingiz Qənizadə Movqe.az-a açıqlamasında deyib ki, Azərbaycan tarixində indiyədək heç vaxt 24 min məhkum olmayıb. Deputat cəzaların daha sərt formada tətbiqinin azadlıqdan məhrumetmə ilə nəticələndiyini söyləyir: " Məhkəmədə hakimlərin, ittihamı müdafiə edən tərəfin mövqelərində bir az sərtlilik var.  Hər bir cinayət əməlini azadlıqdan mərhumetmə ilə cəzalandırmaq da düzgün deyil. Elə əməllər var ki, o əməllərə görə cəzanı, azadlıqdan məhrum etmədən də, digər cəza növü tətbiq etməklə vermək olar. Amma bizdə çox təəssüf ki, bu cür hallar çox azdır. Çünki, hakim deyir, mən yüngül cəza tətbiq etsəm, prokuror protest verəcək, prokuror da  fikirləşir ki, yüngül cəza istəsəm, məni qınayacaqlar. İş orasındadır ki, cinayətkara ağır cəzanın verilməsi, həmin şəxsin  azadlıqdan məhrum etmə ilə cəzalandırılması nə hakimin, nə də prokurorun maraqlarına toxunur. Burada dövlətin marağı olmalıdır. Məhkumların hər birinin gündəlik yeməyinə 10 manat xərclənir. Nəzərə almaq lazımdır ki, bu pul dövlətin büdcəsindən gedir".

Ç. Qənizadə deyir ki, narkotiklərin istifadəsi ilə bağlı ittiham olunanların da cəzaçəkmə müəssisələrinə göndərilməsi, azadlıqdan məhrum olunanların, cəzaçəkmə müəssisələrində cəza çəkənlərin sayını artırır: "Bir necə il qabaq apardıım araşdırma zamanı üzə çıxmışdı ki, cəzaçəkmə müəssisələrindəki məhkumların 30 faizı qədəri narkotik istifadəçiləridir. Bu, ciddi siqnal olmalıdır. Narkotik maddələrin satışını təşkil edənlər bir hissədir ki, təbii olaraq cəzalandırılmalıdırlar. Özü də ən ağır cəza ilə. Amma narkotik maddə istifadəçilərinə cəza verilməli deyil. 234.1 maddə gec-tez Cinayət Məcəlləsindən çıxarılmalıdır. Yəni, narkotiki istifadə edən şəxs xəstədir. Biz onların sağalması üçün yollar aramalı, müalicəsini təmin etməliyik. Amma hazırda onları cəzaçəkmə müəssisəsinə göndərməklə işi bitmiş hesab edirik. Milli Məclisdə Cinayət Məcəlləsinə bəzi dəyişiklər etdik. Bu dəyişikliklər imkan verəcək ki, bir neçə min adam yüngülləşdirici maddələrin tətbiqi ilə azadlığa çıxsın. Məhkəmədə və istintaqda işi olanların işinə xitam veriləcək. Mən hesab edirəm ki, köklü dəyişikliklər olmalıdır".

Hüquqşunas Əliməmməd Nuriyev Movqe.az-a açıqlamasında deyib ki, bizdə hakimlər işə baxarkən daha çox azadlıqdan məhrumetmə cəzası verirlər: "Bu da cəzaçəkmə müəssisələrində məhkumların sayının artmasına gətirib çıxardır. Məncə, alternativ cəzalara diqqət yetirilməlidir. Az ağır, ictimai təhlükələri olmayan cinayətlərə görə, alternativ cəzaların tətbiqi daha vacibdir. Bu, həm insanların məhkumluq həyatı yaşamasının qarşısını almağa, həm də, cəzaçəkmə müəssisələrinin xərclərinin azalmasına gətirib çıxarar".

Deputat Fazil Mustafa isə Movqe.az-a bildirib ki, cinayət törədənləri ucdantutma azadlıqdan məhrumetmə ilə cəzalandırmağı düzgün saymır: "Unutmaq olmaz ki, məhkumluq həyatı yaşayanlar bir sıra vərdişlərini məhkumluq həyatı yaşadıqları dövrdə itirirlər. Onlarda psixoloji gərginlik yaranır. Azadlığa çıxdıqdan sonra cəza çəkmiş biri kimi iş tapmaqda çətinlik çəkirlər. Digər tərəfdən də qənaətcillik məsələsi var. Cinayətkar cəzasını almalıdır. Amma cəza təyinetmə siyasətini humanistləşdirməyə ehtiyac var. Həbs cəzası daha çox verilir. Böyük əksəriyyət azadlıqdan məhrum edilir. Hələ ölkə başçısı əfv fərmanı verir. Bu, bir qədər cəzaçəkmə müəssiələrindəki məhkumların sayının azalmasına təsir göstərir. Ona görə də məhkəmələr də gərək diqqət etsinlər ki, hər şeyi həbs cəzası ilə cəzalandırmasınlar. Ev dustaqlığı var, onu tətbiq etmək olar və sairə. Hamıya həbs cəzası verəndə həbsxanalar  dolur. Daha düşünmürlər ki, bu qədər məhkumu yedirtmək lazımdır. Bu yük dövlətin üzərinə düşür axı..." .