Koroğlu metrostansiyası ətrafında növbəti XAB yaradılacaq

11 May 2016 15:23 (UTC+04:00)

Bakıda daha bir Nəqliyyatın Mübadilə Mərkəzi (XAB) yaradılacaq. Bu barədə Movqe.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova verib. N. Allahyarovanın sözlərinə görə, növbəti Nəqliyyatın Mübadilə Mərkəzi Koroğlu metrostansiyasının digər çıxışı istiqamətində yaradılacaq. Burada da sərnişinlər Bakbus avtobuslarının son dayanacağında gediş haqqını turniketlər vasitəsilə ödəyə biləcəklər. İctimai nəqliyyatda vahid ödəmə sisteminə tam keçid baş tutduqdan sonra Nəqliyyatı Mübadilə Mərkəzlərində dayanan digər avtobuslara da gediş haqqını son dayanacaqda turniketlər vasitəsilə ödəmək mümkün olacaq. N. Allahyarova deyib ki, gələcəkdə avtobusların sıx hərəkət trayektoriyasının olduğu bütün ərazilərdə yeni Nəqliyyatın Mübadilə Mərkəzlərinin yaradılması nəzərdə tutulur. 

Xatırladaq ki, bir müddət öncə Koroğlu metrostansiyasının ətrafında yaradılan ilk Nəqliyyatı Mübadilə Mərkəzi istifadəyə verilib.