Ermənistan ordusu Qarabağda mülki ermənilərə divan tutur

12 May 2016 08:00 (UTC+04:00)

Ermənistan ordusu işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf rayonlardakı mülki ermənilərə qarşı cəza tədbirlərinə başlayıb. Bu cəza tədbirlərindən də məqsəd Qarabağdan köç etmək istəyən əhalinin bu niyyətinin baş tutmasına əngəl olmaqdır. Xatırladaq ki, aprel döyüşləri nəticəsində ermənilərin özlərinə də artıq əyani şəkildə bəlli oldu ki, Ermənistandan gələn işğalçı hərbi dəstələr Azərbaycan Ordusunun müzəffər yürüşü qarşısında dayanmaq, ona tab gətirmək gücündə deyil.

Həmçinin, ermənilər onu da anladılar ki, Azərbaycan öz doğma torpağının bir qarış hissəsini belə heç bir halda kiməsə güzəştə getməyəcək və həmin ərazilər azad olunmayanadək işğalçı ermənilərə aman yoxdur. Bu fonda da Qarabağdan ermənilər kütləvi şəkildə köç etməyə çalışır. Lakin bu tendensiya işğalçı rejimi narahat etdiyindən onlar erməni əhalisinə qarşı cəza tədbirlərinə əl atırlar. Düşünürlər ki, cəza və hədə-qorxu yolu ilə ermənilərin köçünün qarşısını ala biləcəklər. Bu cəza addımları istər-istəməz mülki erməni əhalisi ilə işğalçı ordu arasında qarşıdurmanı daha da dərinləşdirir. Bu amilin özü ermənilərin artıq ruh düşkünlüü və dağınıq vəziyyətində olduğunu göstərir.

Milli Məclisin deputatı Elman Məmmədovun fikrincə, işğalçı rejimin Dağlıq Qarabağdakı erməni əhalisinə qarşı cəza tədbirləri həyata keçirməsi daxildə Ermənistan rəhbərliyinə qarşı nifrət və inamsızlıq hisslərini daha da gücləndirəcək: "1989-cu ildə Sovet İttifaqında əhalinin siyahıya alınması keçirildi. Bundan öncə, 1988-ci ildən Xankəndində yaşayan azərbaycanlılar çıxarılmışdı. Belədə orada keçirilən siyahıya alınmaya nəzarət də ermənilərin əlində idi. Hələ onda ermənilərin saymasına görə, Dağlıq Qarabağda 120 mindən bir qədər artıq erməni yaşayırdı. Erməni saxtakarlığı da ki, məlumdur. Bu saxtakarlıq özünü həmin siyahıya alınmada da göstərib. Məlum hadisələr başlayandan sonra isə ermənilər Dağlıq Qarabağdan getməyə başladılar. Keçən əsrin 90-cı illərində oradan erməni miqrasiyası həddən artıq çox oldu. Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində Ermənistan hərbi xuntası hərbi rejim tətbiq edib. Burada hərbi postlardan xüsusi buraxılış vəsiqəsi olmadan heç kimin yaşadığı yerdən başqa yerə hərəkət etməsinə imkan verilmir. Bu birmənalıdır. Kimin pulu və tanışı var, onlar vaxtında oradan qaçıb.

Hazırda Dağlıq Qarabağda heç 50 min nəfər mülki erməni əhalisi qalmayıb. Onlar da hüquqsuz insanlar kimi işğalçı rejimin cəza tədbirlərinə tuş gəlirlər. Onlardan başqa, əraziyə Livan, Suriya və İraqdan olan bir dəstə erməni bədbəxti də şirin vədlərlə aldadıb gətiriblər. Ancaq ora gətirən kimi onların əllərində pasportları alınıb, kişi çinsindən olan insanları da səngərlərə göndəriblər. İndinin özündə də erməni əhalisi Dağlıq Qarabağda qalıb yaşamaq istəmir. Bilirlər ki, torpağın sahibləri gec-tez gəlib oralara yiyə duracaq. Ona görə indidən başlarına çarə qılmaq istəyir, imkanı olanlar qaçıb gedirlər. Hətta erməni saytlarının yazdığına görə səngərlərə 50-70 yaşlı insanları doldururlar. Bu da ərazidə əhali çatışmamazlığının nəticəsidir.

İşğalçıların tətbiq etdiyi bu cəza rejimi erməni cəmiyyətində ciddi narazılığa səbəb olur. Vaxtaşırı həm hərbi hissə, həm də mülki əhali, Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasında toqquşmalar baş verir. Hətta yaşanan gərginliklər bir çox hallarda ölümlə nəticələnir. Bu da Ermənistana rəhbərlik edən hərbi xunta və onun Dağlıq Qarabağdakı tör-töküntülərinin erməni xalqının başına gətirdiyi oyundur. Erməni xalqı həmin xuntanın onlara qarşı etdiyi bu zülmdən düşünüb nəticə çıxartmalı və özlərinə ağıllı, qanunlara əməl edən, hüququ tanıyan rəhbərlik seçməlidir. Yoxsa, bir dəstə hərbi cinayətkar meydana çıxıb 20 ildən çoxdur siyasi hakimiyyəti də zəbt edərək indi də vəzifələrini qoruyub saxlamaq xatirinə dinc sakinləri istismar edirlər. Erməni cəmiyyəti və xalqı bundan nəticə çıxarmalıdır. Ermənistan işğalçı ordusunun Dağlıq Qarabağdakı erməni əhalisinə etdiyi bu zülm ona gətirib çıxaracaq ki, son nəticədə ikincilər özləri birincilərə qarşı ayağa qalxacaq. Bu hal bir tərəfdən onsuz da zəif olan erməni hərbisinin daha da zəifləməsinə, həm də ictimai rəydə indiki Ermənistan rəhbərliyinə qarşı nifrət, inamsızlıq, ümidsüzlük hisslərinin baş qaldırmasına gətirib çıxarır. Bu da münaqişənin yaxın vaxtlarda ədalətli həll olunmasına səbəb olacaq. Yəni, torpaqlarımızı azad edəcəyik və Dağlıq Qarabağda yaşayan, cinayət törətməyən erməni əsilli Azərbaycan vətəndaşlarına da dövlətimiz sahib çıxacaq, onları cinayətkarların əlindən alacaq".