Moskva Qarabağ məsələsində daha aktiv vasitəçilik mövqeyinə keçir

12 May 2016 09:37 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putinin bu ayın sonlarında Dağlıq Qarabağ məsələsini müzakirə etmək üçün Bakı və İrəvana səfər edəcəyi barədə məlumatlar yayılıb. Qeyd edək ki, aprelin əvvəlində cəbhədə baş verən döyüşlərdən sonra hiss olunur ki, münaqişənin çözülməsi istiqamətində göstərilən beynəlxalq səylər əvvəlki dövrə nisbətən bir qədər intensivləşib. İndi də Putinin bölgəyə səfər edərək konfliktlə bağlı məsələləri müzakirə edəcəyi bildirilir. Bu fonda da münaqişənin çözülmə ehtimallarının artdığı barədə fikirlər səslənir.

Politoloq Mais Gülalıyev bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmazsa, Rusiyanın birinci şəxsinin bu kimi səfərləri də Cənubi Qafqazda daimi sülhün yaranmasına töhfə verməyəcək: "Cənubi Qafqaz ölkələrinin təhlükəsizliyini həmişə 3 böyük qonşu dövlətlə yaxşı münasibətlərin qurulmasında görmüşəm. Yəni Rusiya, Türkiyə və İranla. Cənubi Qafqazı əhatə edən bu 3 ölkə ilə yaxşı münasibətlər qurulmalıdır. Bölgənin təhlükəsizliyi bundan keçir. Gözləmək ki, okeanın o tayından gəlib Cənubi Qafqazda sakitlik yaradacaqlar, fikrimcə, bunlar xam xəyaldır, qətiyyən mümkün deyil. Çünki okeanın o tərəfində olanların dünya boyda dərdləri, problemləri və öz maraqları var. Ona görə Cənubi Qafqaz ölkələri nə qədər mümkündürsə, bir-birilə və əhatəsində olan böyük dövlətlərlə yaxşı münasibət qurmalıdır.

İqtisadi inteqrasiya, qarşılıqlı ticarət, siyasi, sosial məsələlərdə nə qədər mümkündürsə, bu bölgə ölkələri arasında yaxşı münasibətlər qurulmalıdır. Bu mənada ölkələrarası yaxınlaşmalar, qarşılıqlı səfərlər, dövlət başçılarının görüşləri həmişə müsbət keyfiyyət kəsb edir. Bu səbəbdən də istər Rusiya prezidenti, istərsə də Türkiyə və yaxud İran dövlət başçılarının bölgə ölkələrinə səfərlərinə normal və pozitiv ruhda baxmaq lazımdır. Qafqazı əhatə edən bu ölkələr bölgəmizdə dayanıqlı sülhün olmasını istəyir. Heç kəs özünə yaxın ətrafda gərginliyin olmasını istəməz. Bəzi politoloq və siyasətçilərin ən adi səhvi ondan ibarətdir ki, Rusiya, yaxud Türkiyə və ya İranın Cənubi Qafqazda qarışıqlıq yaratmaq istədiyini fikirləşirlər. Belə yanaşma doğru deyil. Heç kəs öz kandarında qarışıqlıq yaratmaq istəməz. Hamı istəyər ki, nə qədər mümkündürsə, öz ətrafında təhlükəsizlik buferi, qonşu ölkələrdə sakitlik olsun ki, od-alov onlara da sirayət etməsin. Bu mənada müsbət qarşılayıram ki, Putin Cənubi Qafqaz ölkələrinə mütəmadi olaraq yaxınlaşmağa cəhd göstərir.

Əlbəttə, Rusiyanın da öz marağı var, o da Cənubi Qafqaz ölkələrinə öz marağı nöqteyi-nəzərindən baxır. Bu da təbiidir. Lakin bu maraq həddini aşmamalıdır. Bu ərazilər uzun müddət Rusiyanın nəzarətində olub, bu ölkənin bölgəmizə böyük nüfuzu olub, indi də bu nüfuz qalır. Bölgəmizdə çoxlu rusdilli əhali yaşayır. Bütün bunlara əsasən, açıq şəkildə görürük ki, Rusiya Cənubi Qafqazda NATO qüvvələrinin yerləşdirilməsini qətiyyən istəmir. Çünki belə bir vəziyyət Moskvanın maraqlarına ziddir. Qarabağ münaqişəsinin həllinin bir yolu var. O da ondan ibarətdir ki, Ermənistan işğal etdiyi torpaqlardan çıxmalı, bu ərazilərdə Azərbaycan Konstitusiyası, qanunları təmin olunmalı, erməni əhalisinin də Azərbaycanın digər sakinləri kimi bütün hüquqları təmin edilməlidir. İstər Rusiya, Amerika, Türkiyə və yaxud İran olsun, yuxarıda qeyd etdiyim şərtləri kim ədalətli şərt olaraq qəbul etsə, bölgədə dayanıqlı sülh olacaq. Amma bunu qəbul etməsələr, aydın məsələdir ki, dayanıqlı sülh təmin olunmayacaq. Dayanıqlı sülhün təmin edilməməsi gələcəkdə presedent də yarada bilər. Bu amildən istifadə edərək başqa ölkələrin azsaylı əhalisi də müəyyən torpaqlara iddia edə bilərlər. ABŞ-da çoxsaylı çinli yaşayır, amma onların bu ərazidə yeni Çin dövləti yaratmağa əsasları yoxdur. Stavropol, Krasnodarda çoxsaylı erməni yaşayır, onların da orada erməni muxtariyyəti yaratmağa heç bir əsasları yoxdur. Azərbaycan da Dağlıq Qarabağa bu əraziyə yüksək muxtariyyət verməyə razıdır. Belə bir presedentin yaradılması beynəlxalq hüquqa da ziyan gətirəcək.Azərbaycanın ərazi bütövlüyü təmin olunmasa, istər Rusiya, Amerika, İran və ya Türkiyə olsun fərqi yoxdur, hansının necə diktə etməsindən asılı olmayaraq, Cənubi Qafqazda daimi sülh olmayacaq. Problemin ədalətli həlli də Ermənistan qoşunlarının işğal etdiyi ərazilərdən çıxarılmasından keçir. Bunun başqa yolu yoxdur".