Avropa İttifaqı Azərbaycanın əsas probleminin çözümünü sürətləndirəcək?!

12 May 2016 09:12 (UTC+04:00)

Qarabağ münaqişəsinin həlli istiqamətində Avropa İttifaqı (Aİ) da aktiv mövqe sərgiləməyə çalışır. İttifaqın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Gerbert Zalber ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə göstərdiyi səyləri dəstəklədiyini bildirib. O qeyd edib ki, Aİ Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun aparıcı rolunu tanıyır və danışıqların fəallaşmasına bu formatda öz töhfəsini verməyə hazırdır.

Politoloqlar Gerbert Zalberin bu cür çıxışını müxtəlif aspektdən dəyərləndirirlər.

Siyasi analitik Elşən Manafov hesab edir ki, Aİ-nın Qarabağ münaqişəsinin tənzimlənməsi danışıqlarında bir qədər fəal mövqe sərgiləməsi bölgədə olan geosiyasi maraqları ilə bağlı ola bilər: "Heç şübhəsiz ki, son olaylardan sonra Rusiyanın kifayət qədər aktivləşməsi Aİ-nin Cənubi Qafqazla bağlı maraqlarına cavab vermir. Onsuz da Rusiya burada həlledici imkanlara malik olan dövlət təsiri bağışlayır. Üstəgəl, hazırda danışqların məhz Rusiya xarici işlər naziri Sergey Lavrovun təklif etdiyi prinsiplər çərçivəsində aparılması da Aİ-ni narahat etməlidir. Hərçənd ki, Lavrovun təkliflərində yenilik yoxdur. Lavrovun təklifləri "Madrid prinsipləri"nin yenilənmiş variantıdır. Bu da elə ATƏT-in zamanındə təklif etdiyi variant idi. Amma bununla belə atəşkəsin əldə edilməsində Rusiyanın aktivləşməsi Aİ-ni ciddi şəkildə narahat etməlidir. Güman ki, bu kontektsdə Aİ-nin fəallaşması anlaşılandır.

Ancaq nəzərdən qaçırmaq olmaz ki, Aİ bu günə qədər münaqişənin tənzimlənməsinə ikili standartlardan yanaşıb. Bu mənada Aİ-nin mövqeyində ATƏT-in Minsk qrupunun mövqeyindən elə də ciddi fərqi yoxdur. Sadəcə olaraq, nəzərə alaq ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu var. Söhbət TAP və TANAP layihələrdən gedir ki, Aİ-nin bu layihələrə münasibəti bəllidir. Aİ Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu nəzərə alır. O mənada Azərbaycan kimi strateji tərəfdaşı Rusiya kimi nəhəng dövlətlə təkbətək buraxmaq istəmir".

Digər politoloq Qabil Hüseynli hesab edir ki, Aİ-nin Qarabağ məsələsində son bir ildə aktivləşdiyi hiss edilir: "Aktivləşməsi ilə də prosesə pozitiv münasibəti ilə seçilir. Bu fikirlər həmçinin ABŞ-a aiddir. ABŞ-ın, həm də Aİ-nin aktivləşməsi Rusiyanın bölgədəki hegemonluğunu xeyli dərəcədə məhdudlaşdıra bilər. Çünki, Rusiya indidən prosesləri tam nəzarətə almış kimi görünür. Çox zaman da "həll varinatlarını da özümüz irəli sürəcəyik" deyərək sanki danışıqlar prosesini inhisara alır. Bu baxımdan onlar Minsk qrupunun, Aİ-nin, hətta ABŞ-ın bölgədəki mövqeyini zəiflətmək istəyirlər. Amma son zamanlar ABŞ, eyni zamanda Aİ bölgədəki proseslərə fəal müdaxilə edirlər. Çalışırlar ki, Rusiyanın birtərəfli həlletmə varinatlarına imkan tanınılmasın".

Politoloq əlavə etdi ki, Aİ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: "Ancaq Dağlıq Qarabağın statusu məsələsində danışıqların aparılmasını irəli sürür. Status məsələsində bəziləri "Madrid prinsipləri"ni, bəziləri isə iki dövlət arasında qarşılıqlı razılaşmanı əsas götürür. Amma bütün hallarda məlum dörd günlük müharibədən sonra Aİ və ABŞ-ın davranışlarında Azərbaycanın xeyrinə dəyişiklərin olduğunu görəməmək mümkün deyil".