Ucuz neft Qərb ölkələrini də zərərə salmağa başladı

12 May 2016 09:30 (UTC+04:00)

Dünyada fəal neft-qaz quyularının sayı sürətlə azalır. Belə ki, "Baker Hughes" neft-qaz sektoru xidmət şirkətinin hesabatına görə, neft-qaz quyularının sayı aprel ayında dünya üzrə 127 ədəd və ya 8,2% azalaraq 1 424 ədəd təşkil edib. Keçən ilin analoji dövrü ilə müqayisədə isə quyuların sayı 37,2% və ya 844 ədəd azalıb.

Hesabatda bildirilir ki, ən çox azalma Kanadada qeydə alınıb. Belə ki, aprel ayında Kanadada neft-qaz quyularının sayı 47 ədəd və ya 53,4% azalaraq 41 ədəd təşkil edib. ABŞ-da isə quyuların sayı aprel ayında 41 ədəd və ya 8,6% azalaraq 437 ədəd təşkil edib. Mütəxəssislər quyuların sayının azalmasının neftin qiymətinin yüksəlməsində rol oynayacağını deyirlər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov da qeyd etdi ki, hazırda Kanada və ABŞ-da neft hasilatının azalması müşahidə edilir: "Hələlik ciddi azalmalardan söhbət getməsə də, istifadə edilən quyuların sayında azalmalar var. Bu da neftin qiymətinin aşağı olması ilə əlaqədardır. Neftin qiyməti aşağı olduğu üçün həmin quyuların istifadə olunması və o quyularda neftin hasil edilməsi rentabelli deyil. Rentabelli olmadığı üçün investorlar həmin quyularda neft hasil etməkdə maraqlı deyillər. Bu da neft quyularının sayının azalmasına gətirib çıxarıb".

İqtiadçı əlavə etdi ki, əslində, hazırda neft bazarında ikili siyasət müşahidə edilməkdədir: "Bir tərəfdən ABŞ və Kanadada neft quyularının sayı azalır. Eləcə də ABŞ-da hasilatında azalmalar müşahidə edilir. Digər tərəfdən isə bir sıra Yaxşın Şərq ölkələrində hasilatın artması müşahidə olunur. İraq və İranda hasilat artıb. Səudiyyə Ərəbistanı da bazarda mövqeyini quruyub saxlayacağını və növbəti dövrlərdə neft hasilatını kəskin azaltmayacağını bildirib. Səudiyyə Ərəbistanının yeni neft naziri neft siyasətində dəyişikliyin olmayacağını deyib. Yəni, ikili tendensiya gedir. Bu da neft bazarına təsir göstərir. Ona görə də dünya bazarında neftin qiymətində hələlik kəskin artımlar müşahidə edilməyəcək. Çünki, hələlik təklif tələbdən çoxdur. Yəni, dünya bazarında neft bolluğu var. Ona görə də quyuların sayının azalması neftin dünya bazarında qiymətini kəskin artırmayacaq.

Amma əgər OPEK ölkələri hasilatı tənzimləyərsə, bu, bazara təsir göstərəcək. Bu amil bazarda qiymət artımlarına gətirib çıxara bilər. Amma mövcud şərait neftin dünya bazarında qiymətində artımlara imkan vermir".

Neft Araşdırmalar Mərkəzinin sədri İlham Şaban isə hesab edir ki, bu amil neftin qiymətinə təsir edə bilər: "Quyuların sayının azalması ona dəlalət edir ki, aktiv qazma işləri azalır. Yəni, kəşfiyyat, istismar quyularının qazılması azalır. Bu isə müəyyən dövrdən sonra hasilatın, kapital qoyuluşunun azalmasına gətirib çıxarır.

Kapital qoyuluşunun azalması bir müddətdən sonra bazarda neftə olan tələbatın artmına səbəb olacaq. Tələbat yüksəldikcə neftin qiyməti artmağa başlayacaq. Ancaq bu, zaman tələb edən məsələdir. Bunun nə qədər zaman çəkəcəyini demək çətindir. Bunkerlərdə, tankerlərdə saxlanılan ehtiyatlar var. Proses onların nə qədər tez və ya gec istifadə olnmasından asılıdır. Ancaq nəzərə alaq ki, neftin qiyməti bir amildən asılı deyil. Neftin qiymətinin formalaşmasında iqtisadi, siyasi və digər faktorlar rol oynayır".