ƏDV-nin differensiallaşdırılması sahibarkların sayını artıracaq

13 May 2016 09:50 (UTC+04:00)

Məlumdur ki, bu günlərdə ölkənin aparıcı supermarketlərinin sahibləri onlara vergi güzəştinin tətbiq olunması ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət etdi. Bu məsələnin gündəmə gətirilməsindən sonra bir sıra ekspertlər ölkəmizdə differensial əlavə dəyər vergisinin (ƏDV) tətbiq olunmasının vacibliyi ilə bağlı fikirlər səsləndirdilər. Artıq Vergilər Nazirliyi Azərbaycanda bir sıra mallar üçün əlavə dəyər vergisinin (ƏDV) yeni formada hesablanmasımı təklif edir. Bu barədə Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva bildirib.

Onun sözlərinə görə, Avropa ölkələrində ƏDV-nin orta dərəcəsi 20% təşkil edir. Azərbaycanda isə bu göstərici 18%-dir və elə də yüksək deyil: "Bununla belə, nazirlik bir sıra mallar üçün differensial ƏDV-nin tətbiqini istəyir. Bu, nağdsız hesablaşmaları stimullaşdıra, ticarət və xidmət sektorunda dövriyyənin şəffaflığını təmin edə bilər. Bununla bağlı qərarlar kompleks şəkildə, büdcə daxilolmalarının azalmasına və sahibkarlar üçün maneələrin yaranmasına imkan vermədən qəbul edilməlidir".

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev hesab edir ki, xüsusən kiçik və orta müəssisələr istiqamətində ƏDV-nin differnsiallaşdırılması məqsədəuyğun olardı: "Bu gün Azərbaycanda ticarət və iaşə sferasında dövriyyəsi 200 min manatdan yuxarı olduğu halda həmin müəssiələrə ƏDV-ni seçmə, ya da sadələşdirilmiş vergidə qalma imkanları verilib. Yaxşı olardı ki, ƏDV-i seçdiyi halda onlara differensial ƏDV faizi tətbiq edilsin. Bu zaman müəssisə böyüməyə doğru meylli olacaq. Bunu digər sahələrdə də həyata keçirmək mümkündür.

Azərbaycanda elə sahələr var ki, onun inkişaf etdirilməsi məqsədəuyğundur. Bu baxımdan onlara da differensial ƏDV təqdim etmək olar. ƏDV-nin differensiallaşdırılması stimullaşdırıcı xarakter daşıyır. Müəssisə daha çox böyüməyə meylli olur. Gəlirlər artdıqca, ƏDV-nin artmasına baxmayaraq, orada qalan vəsait də çox olur. İkincisi, müəssisələrə yanaşma arasında fərq qoyulmuş olur. Differensial ƏDV ilə kiçik sahibkarlığın inkişafına imkan yaranır. Eyni zamanda sahibkarlıq subyektlərinin sayının artmına gətirib çıxarır. Sahibkarlıq subyektlərinin sayı artdıqca da vergi ödəyicilərinin sayı artmış olar.

Əslində, vergi faiz dərəcələrinin çoxluğu vergi gəlirlərini artırsa da, sonda müəssisələrin sayının azalmasına gətirib çıxarır. Ancaq vergi dərəcələri müəssisələrinin formasına görə dəyişsə, onların sayı artacaq. Nəticədə vergi həcmi yüksəlmiş olacaq".

Digər iqtisadçı-ekspert Fuad İbrahimov bildirir ki, ümumiyyətlə, differensiallaşma iqtisadiyyatın optimallaşmasına aparır: "Yəni, ən əlverişli nöqtədir. Bu baxımdan Azrbaycanda ƏDV-yə differensial yanaşma mümkündür və qanunauyğundur. Ancaq bunun hansı mühitdə edilməsinə diqqət etmək lazımdır. Nəzərə alaq ki, böhran vəziyyətində iqtisadiyyatda ilk növbədə differensiallaşma həyata keçirilir. Bu baxımdan ölkəmizdə ƏDV-nin diffensiallaşdırılması təklifini məqbul hesab etmək olar".

İqtisadçı əlavə etdi ki, bu təklifin əsası stimullaşdırıcı və yumşaldıcı alət oluğu üçün müsbət qərardır: "Amma ümumiyyətlə, əsas məsələ iqtisadiyyatın makroiqtisadi tarazlığını qorumaq lazımdır. ƏDV-nin differensiallaşdırılması sahibarklara və istehlakçılara faydalı olacaq".