Vaqif Sultanlının "İnsan dənizi" romanı Türkiyədə nəşr olunub

12 May 2016 18:10 (UTC+04:00)

Bu günlərdə yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının "İnsan dənizi" romanı İstanbulda nəşr olunub. Yüksək poliqrafik keyfiyyətlə "Post yayın" nəşriyyatında çap edilən romanı Türkiyə türkcəsinə Ankara Qazi Universitetinin dosenti Pərvanə Bayram çevirmişdir.


Qeyd edək ki, müəllifin nəsr yaradıcılığında xüsusi yer tutan, real və şərti-metaforik üslubun qovuşuğunda qələmə alınmış roman Türkiyə oxucularına ilk dəfə təqdim olunur. Hadisələrin ötən əsrin səksəninci illərində cərəyan etdiyi romanda ölüm cəzasından xilas olaraq yad bir şəhərdə gizli ömür sürən qəhrəmanın taleyi fonunda cəmiyyətin əxlaqına və mənəviyyatına yoluxmuş özgələşmə problemi bədii həllini tapmışdır.


Kitabda həmçinin Vaqif Sultanlının həyat və yaradıcılığı haqqında yığcam məlumat verilmişdir.

Ümumiyyətlə, "İnsan dənizi" romanının ədəbi taleyi uğurlu olmuşdur. Əsər 2012-ci ildən başlayaraq İngiltərə, Amerika, Misir, İran və başqa ölkələrdə nəşr olunmuşdur.