Atılmışların yeni yurdundan reportaj: "Daha gözümüzü çəkmişik yollardan..."

13 May 2016 13:14 (UTC+04:00)

Abşeron rayonunun Masazır kəndinin demək olar ki, tam qurtaracağında, məşhur "Duz gölü"nün sağ tərəfindən bir yol uzanır. Yeni yaşayış binalarının salındığı, hələ də tikilməkdə olan şəhərciklərə tərəf uzanan bu yolun kənarındakı təpədə  hündür bir bina görünür. Hər gün pəncərəsindən bu yola həsrətli baxışları dikilən binanın sakinləri isə internat evlərindən məzun olaraq həyata vəsiqə alan atılmışlardır. Yəqin ki, uzun məsafə qət edərək yol aldığımız ünvanın hara olduğunu anladınız... Hər iki valideyn himayəsindən məhrum olmuş, körpəlikdən bu günə qədər ata-ana nəvazişi görmədən, internat evlərində böyüyüb boya-başa çatan məzunların yaşadığı "Məzun evi"...  Movqe.az-ın əməkdaşının bu dəfəki üz tutduğu ünvandan geniş reportajı oxucularımıza təqdim edirik:

Digər yaşayış binalarından fərqli olaraq, "Məzun evi" qonaq-qaralı olmadığından, bu binaya tərəf uzanan yoldan gələn hər yad adam öz üzərində həsrət, nisgil dolu baxışı hiss edir. Bəlkədə "bu yoldan gələn anamdı", bəlkədə "illərlə yolunu gözlədiyim, bircə zəhmli baxışına həsrət qaldığım atamdır" fikri ilə gözlərini ayırmırlar bura gəlib-gedən hər yad adamlardan. İndi onların yaşamaq üçün hər şeyi var. Hər cür şəraiti, içərisi məişət əşyaları ilə təmin olunan gözəl, işıqlı, səliqəli, təmirli mənzilləri. Bircə çatışmayan o isti baxışlar, doğma ana qucağıdır ki, deyirlər o doğmalığın həsrətini də dövlətimizin, birinci xanım Mehriban Əliyevanın qayğısı sayəsində unudublar. Artıq çoxu "gözümü bu yollardan çəkmişəm" deyir. Bu yaxınlarda toy edib öz yarına qovuşan Ənvər Pənahi də bu yaşdan sonra başına tumar çəkən bir əlin olmasını istəmədiyini deyir: "Mənə isti ana qucağı, başıma tumar çəkərək bağrına basan ana nəvazişi körpə olanda lazım idi, indi yox... İndi neyləyirəm illərlə həsrətini çəkdiyim o əlin yapışaraq əlimdən tutmasını? Çoxdan qərar vermişəm ki, artıq mənə lazım deyillər. Mənə nə qayğı lazım idisə dövlətimiz, ölkəmizin birinci xanımı Mehriban xanım göstərib. Onun təşəbbüsü ilə biz küçədə yox, müasir binada mənzildə yaşayırıq. Mənim qayğıma kim qalırsa, məni kim düşünürsə odur mənim anam" deyir Ənvər. Gözlərindəki kədəri gizlətmək üçün baxışlarını yayındırsa da, artıq özüm bir ailə başçısıyam deyir. Ənvərlə binanın həyətindəcə söhbətləşdikdən sonra "Məzun evi" sosial müəssisəsinin direktoru Rüxsarə Axundova ilə görüşürük. R. Axundova ilə söhbət zamanı öyrənirik ki, 6 aya yaxındır ki, istismara verilən 120 mənzilli binanın sakinlərinin 79-u oğlan, 31-i qızdır. Rüxsarə Axundovanın sözlərinə görə, hazırda bu binada 32 ailə yaşayır. Həmsöhbətimizin sözlərinə görə, "Məzun evi"ndə yaşayanlar ölkənin müxtəlif internat evlərinin məzunu olan gənclərdir: "Burada Lənkərandan Şəkidən, Gəncədən, Goranboydan, Qubadan əsasən də Bakıdakı internat evlərindən məzun olan hər iki valideyn himayəsindən məhrum olan gənclər yaşayır. Elələri var ki, artıq ailə qurublar. Ailəli cütlüklərdən biri, hər iki valideyn himayəsindən məhrim olduğundan bu mənzillərdə yaşamaq üçün evlə təmin edilib. Bu ev ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə inşa edilib".

Direktorun sözlərinə görə, bina sakinlərinin işlətdiyi qaz, işıq, su - bütün kommunal xərcləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) qarşılayır. Onun sözlərinə görə,6 aydan sonra bina sakinləri öz işlətdikləri kommunal xərcləri özləri ödəyəcəklər. R. Axundova deyir ki,  məzunlara burada həmişəlik qalmaq hüququ verilib. Amma bununla belə, onlar yaşadıqları mənzili sata, dəyişə və kirayə verə bilməzlər.

R. Axundova bina sakinlərinin öz qazancları ilə dolandığını söyləyir. Onun sözlərinə görə, ƏƏSMN bu binada yaşayan hər bir məzunun işlə təminatı məsələsində əlindən gələn köməyi əsirgəmir: "Bu binanın 39 sakini işlə təmin olunub. 6 nəfər peşə kurslarına göndərilib".  

R. Axundova deyir ki, "Məzun evi"ndə 10 ştat var ki,  həmin ştatlarda binanın sakinləri çalışır: "Biz vakansiya olduqda kənardan işçi götürmürük. Binamızın öz sakinlərinin işə daha çox ehtiyacları olduğundan, onları işlə təmin edirik".

Elə növbəti "Məzun evi"nin tikintisində də əsasən binanın məzun sakinləri çalışır: "Bu ilin sonunadək 125 mənzillik ikinci "Məzun evi" istifadəyə veriləcək. Bu binanın tikintisində çalışanların çoxu binanın sakinləridir".

R. Axundova binanın sakinlərinin sayının günü-gündən artdığını deyir. Elə bilməyin ki, məzunların evlərinə başqa internat evlərinin məzunları yerləşdirilir: "Burada qardaş-bacılar var ki, hər iki valideyn himayəsindən məhrum olduğundan onların hər birinə ayrı-ayrı mənzil verilib. Sadəcə olaraq burada yaşayan 32 ailə var. Onların da uşaqları var. Ümumi olaraq binanın kiçik sakinlərinin sayı 30-dan çoxdur". 

R. Axundova ilə söhbət əsnasında yaxın günlərdə bina sakinlərinin əl işlərindən ibarət sərgi təşkil olunacağından da xəbər tutduq. Elə biz  bina  sakinləri üçün nəzərdə tutulan asudə vaxtın keçirilməsi üçün kompyuter otağına baş çəkdikdə gənc məzunlar iş başında idi. 20 yaşlı Səkinə Məmmədova şəkil üzərində muncuqlarla əl işini hazırlayırdı. Gözləri 20 ildir ki, valideyin yolu gözləyən Səkinə ilk baxışdan şən-şux görünsə də,  qəlbində bir nisgil olduğunu söyləyir. Onun sözlərinə görə, yaşamaq üçün bir isti yuvasının olması onun üçün böyük xöşbəxtlikdir: "Təsəvvür edin ki, biz məzun olduqdan sonra evsiz qalardıq. Bir anlıq düşünəndə dəhşətə gəlirəm. Əgər belə olsaydı, yəni evimiz olmasaydı yəqin ki, küçədə qalardıq. Yaxud da kirayə haqqını ödəmək üçün kafelərdə  işləyib, bəlkədə yüngül həyat tərzinin qurbanı olardıq. Biz gənc qızları Mehriban xanımın bir ülvi təşəbbüsü böyük fəlakətdən xilas etdi. Bizim ən azından evimiz var. Yaşamaq üçün, həyata nikbin baxmağımız üçün... Bu böyük yaxşılıqdır. Dövlətimizin, birinci xanımın bu qayğısı bir ana nəvazişi qədər qiymətlidir. İndi biz işləməsək də, bilirik ki, ən azından aylıq kirayə haqqı ödəmədikdə bizi kimsə evdən çıxardıb qapının arxasına qoymayacaq, küçəyə atmayacaq. Bizləri küçədə yaşamaqdan xilas etdi dövlətimiz. Sağ olsunlar, nə deyim ki, başqa...".

24 yaşlı Nəzrin Məmmədova da sərgi üçün əl işi hazırlayan gənclərdəndir. Deyir ki, internatda olduğu vaxt öyrəndiyi  bacarıq sayəsində indi hətta təkəlduz tikə bilir. Burada darıxmırsınız ki, sualımıza içi Nəzrin qarışıq hamısı belə cavab verir: "Darıxmağa vaxtımız yoxdur. Sağ olsun Rüxsarə xanım əl işləri hazırlamağımız üçün nə lazımdırsa deyən kimi alıb gətirir" cavabını verirlər". Nəzrin deyir ki, bəlkə də bu bina tikilməsəydi, nəinki, o, internatlarda böyüyən gələcəyin bir gələcəyi olmazdı: "Mən həmişə deyirəm ki, bizə dövlət uşaq müəssisələrində baxmasaydılar, biz də bəzi küçə uşaqları kimi küçədə "kley" iləyirdik". 

Nəzrin, 22 yaşlı Seymur İslamov və digər məzun evini gəncləri  burada onlara göstərilən qayğıdan da razı olduqlarını söyləyirlər: "Bizim "Məzun evi"ndə direktor-sakin söhbəti yoxdur. Hamımız Rüxsarə müəlliməni özümüzə ana bilirik. Ona o qədər öyrəşmişik ki, gecə də haramız ağrısa saat 2-də olsa zəng edib yataqdan qaldırırıq. O da tənbəllik eləməyib avtomobilinə əyləşib gecəynən gəlir yanımıza(gülüşürlər)".

Bu ara söhbətə müdaxilə edən Rüxsarə Axundova əvvəllər "Məzun evi" uzaq olduğundan buraya təcili təxirəsalınmaz tibbi yardım maşınlarının gəlmədiyini söyləyir: "Bir dəfə belə bir hadisə olmuşdu. Gecə saat ikidə durub gəlib bütün qurumları qaldırdım ayağa. Ondan sonra sağ olsunlar çağırışlara vaxtında gəlirlər".

R. Axundova Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Məzun evi"nə yaxın avtobus dayanacağının da qoyulacağını söylədi. Onun sözlərinə görə, bu binanın sakinləri Abşeron rayon sakinləri olaraq qeydiyyata düşdüklərindən, rayon icra hakimiyyəti onların hər qayğısı ilə maraqlanır: "Ətrafda hər kəs, qurumlar da bilirlər ki, bura sosial obyektdir. Əgər dövlətimiz hər iki valideyin himayəsindən məhrum olmuş məzunlara bu cür şərait yaradıbsa, yerdə qalan qurumların da onların kiçik problemlərini həll etmək borcu olmalıdır. Çünki, onların dövlətdən başqa arxa-dayaqları yoxdur".

R. Axundova ilə söhbətləşdikdən sonra sərgi üçün hazırlıq görən qızlardan hansının qonaqpərvər olduğunu öyrənmək istədik. Bayaqdan gözləri həyat eşqi ilə qaynayan Səkinə yerindən hamıdan tez durdu: "Bizə gedək, sizə evimi göstərim" dedi. 

Müasir təmirli tikilinin içərisindən bir mərtəbə qalxıb Səkinənin evinə, özününün dili ilə desək "yuvasına" daxil oluruq. Otağındakı səliqə-səhman qapıdan içəri girən kimi diqqəti cəlb edir. Elə Rüxsarə Axundova da Səkinənin çox zirək, təmizkar olduğundan ağız dolusu danışır. Səkinə isə "gözəl evim var, niyə də təmiz saxlamayım" deyib bizi qonaq otağına dəvət edir. Bu kiçik otaqda xöşbəxt olduğunu söyləyən Səkinə daha ana-atasının yolunu gözləmədiyini söyləyir: "Düzdür, dildə nə qədər desək də, burada olan hamı içində bir dərdi daşıyır. Təsəvvür edirsiz, bu boyda binanın hər iki valideynindən məhrum olunmuşların bir dərdi var. Bu dərd bizi birləşdirir. Amma biz güclü olmağa çalışırıq. Neyləyək ki, bizdən imtina etdilər. Əsas odur ki, bizə sahib çıxan oldu" deyir Səkinə...

Bu yaxınlarda toyu dillərdən düşməyən Nuranə və Ənvər cütlüyünün isə xöşbəxtliyini hiss etməmək mümkün deyil. Əl-ələ verib mətbəxdə nahar yeməyi hazırlayan cütlük çox xöşbəxt olduqlarını söyləyirlər. İçərisi müasir mebel və avadanlıqlarla təmin olunmuş təmirli otaqda "dünyanın ən xöşbəxti bizik" deyirlər. Nüranə Cabbarova ilə söhbətləşib bu xöşbəxt cütlük haqqında oxucularımıza daha geniş məlumat vermək üçün sorğu-suala tuturuq Nüranəni...

-Toyunuz çox gözəl keçdi, hamı sizin toyunuzdan danışdı. Media da sizin toyunuzu geniş işıqlandırdı.Sizin necə, ürəyinizdən oldumu bu toy?

-Əlbəttə, vallah bizim toyumuzdan sonra burdakı subayların çoxu evlənmək eşqinə düşüb. Hətta ata-analı subaylar da bizim toyumuza qibtə edirlər. Zarafat deyil, toyumuzda ən məşhur müğənnilər iştirak etdi. Hər bir subaya belə gözəl toy arzulayıram.

-Sirr deyilsə harda tanış oldunuz Ənvərlə. Əllərinizin biri-birinizdən ayrılmamasına görə, sizin sevginiz deyəsən "Leyli-Məcnun" sevgisindən olub...

-Elədir, Leyli-Məcnun kimi aşiqik biri-birimizə. Mən Ənvərlə mənim ibtidai sinif müəllimimin oğlanlarının vasitəsilə tanış olmuşam. Ənvər məni görüb bəyənəndə müəlliməm də tərifləyib. Beləcə tanış olduq, sevdik biri-birimizi. 

-İndi necə dolanırsız? 

-Yaxşı, şükür, Ənvər işləmir hələki. Amma sağ olsunlar məni binada işlə təmin ediblər. Evimiz olduğundan, içərisi məişət əşyaları ilə dolu olduğundan qazandığımızı yeməyimizə xərcləyirik. Ənvər də özünə iş axtarır. O da işləsə lap əla dolanarıq.

-Deyəsən yeməyi Ənvər hazırlayır...

-Ənvərin gözəl aşbazlıq qabiliyyəti var. Evdə də imkan vermir ki,yeməyi mən bişirim. Amma insafən onun bişirdiyi yeməklər çox dadlı olur(gülür).

-Bildiyim qədər sən, Ənvərdən fərqli olaraq hər iki valideyinin himayəsindən məhrum olmusan. Ata-ananla bağlı hər hansı məlumatın varmı? Kimdilər, nəçidirlər?

-Çox təəssüf ki, yox. Onlar məni körpə ikən atıblar. Bir dəfə balaca olanda qardşım gəlmişdi yanıma. Ondan sonra gələn olmayıb. Mən 9 yaşına qədər Nizami rayonunda 1 saylı uşaq evində olmuşam. 9 yaşdan sonra Maştağadakı 1 saylı uşaq evinə göndərildim. Düzdür hamı kimi mənə də doğma münasibət göstərdilər. Böyütdülər, tərbiyələndirdilər, həyata bir normal vətəndaş kimi yetişdirdilər. Amma valideyinlərimin yolunu həmişə gözlədim. Mən olduğum uşaq müəssisəsində atalı-analı olanlar da vardı. Onlar evə gedəndə həsəd aparırdım. Dua edirdim ki, mənim də arxamca gəlib heç olmasa bir dəfə evə aparan olsun. Heç olmasa bir dəfə anamı, atamı görüm. Heç olmasa bir dəfə onların o hərarətli nəfəsini üzümdə hiss edim. Mən çox şey istəmirdim. Öz atamı, anamı istəyirdim. Bütün uşaqların istədiyi kimi. Amma onlar məni bundan məhrum etdilər. Bir uşaq üçün hava-su kimi vacib olan bir nəvazişdən. Düşünün, bir körpə üçün bundan böyük acı ola bilərmi?

-İndi də gözləyirsənmi onların yolunu?

-Daha yox, 25 bayramdır ki, gözləyirəm. Ümidimi üzmüşəm. Heç olmasa hansı nəsildən, kökdən olduğumu öyrənərdim deyirəm hərdən.Amma...

Nuranənin ürək dağlayan söhbətini ömür-gün yoldaşı Ənvər Pənahi yarımçıq kəsir.

Ürək-dirək verərək mən Nuranənin həm atası, həm də anasıyam deyir: "Elə ikimiz də biri-birimizin ata-anasıyıq. Bizim biri-birimizdən başqa kimimiz var ki?".

Nuranə ilə söhbətdən kövrəlsək də, Ənvərin də taleyini öyrənməyin oxucularımız üçün maraqlı olacağını zənn edib söhbəti Ənvərlə davam etdiririk.

-Ənvər Nuranədən fərqli olaraq sənə burada yaşamaq üçün ev verilməyib. Yəni sən Nuranə ilə ailə qurduqdan sonra burada yaşamağa başlamısan. Deməli valideyinlərindən hansısa səndən imtina etməyib doğrudurmu?

-Mən də uşaq evində böyümüşəm. Amma elə bilməyin anam məndən imtina etməyibsə, məni həmişə gəlib görüb. Nuranənin qəlbindəki nisgil mənim də ürəyimdə 26 ildir ki, özünə yuva qurub. Mən burada yaşayanların çoxundan fərqli olaraq hansı nəsil kökdən olduğumu bilirəm. Xızıdan da olduğumu bilirəm Amma nə olsun? Bütün bunlar nəyi dəyişir ki? Atamla-anam ayrıldıqdan sonra mənə nənəm baxmaq istəyib. Bunun üçün isə anam məndən imtina etməli imiş. Anam isə məndən imtina etməyib. Gətirib qoyub internata. Ona görə də, mənə ev verilmədi. Arada yadıma gəlir ki, bibim gəlib görürdü məni. İndi mən nə atamın, nə də anamın  yolunu gözləyirəm. Daha gözümü çəkmişəm yollardan. Bayaq sizə dedim axı ki, mənə o isti əllərin başıma tumar çəkməsi uşaq olanda lazım idi. İndi neyniyirəm onların məni gəlib görməyini, əlimdən tutmağını? Mən indi özüm ailə başçısıyam. Mənim həyatda Nuranədən başqa heç kəsim yoxdu. Biz bir-birimizə həyanıq. Övladımız olandan sonra isə biz daha xöşbəxt olacağıq. Məndə Nuranə də, öz valideyinlərimizə örnək olacağıq. Daha düşünmürəm onlar barəsində. Sağ olsun dövlətimiz, yaxşı insansanlar. Bizə kimsəsizliyimizi unutduracaq bir toy-büsat qurdular. Nuranəyə cehizdən belə verdilər. Bizə bir ev veriblər ki, ömür boyu içində qayğısız yaşamamaq mümkündür. Özümə iş axtarıram, tapandan sonra daha yaxşı dolanışığımız olacaq. Yəqin ki, sizin saytı, qəzeti oxuyan sahibkarlar da, xəbər tutsa,  mənə iş tapmaqda dəstək olar". 

Nüranə ilə Ənvərin evindən çıxanda "Məzun evi"nin pəncərədən yola açılan mənzərə diqqətimi cəlb etdi. Elə hər gün onlarla atılmışın həsrətli gözlərinin dikildiyi bu yolla da geri döndük. Yol isə əvvəlki yol deyildi. Bitmiş arzulardan sonra, sanki,  gələcək üçün yeni ümidlər doğuran gül-çiçəkli xiyaban idi...