“Mən o ailəyə təklif etmişəm ki...” - Şagirdini hamilə qoyan müəllimin atası

13 May 2016 16:18 (UTC+04:00)

Şamaxı rayon Pirbəhli kənd orta məktəbində qeydə alınan biabırçı olayda-şagirdin hamilə qalmasında adı hallanan müəllim Elnur İbrahimovun atası Həsənağa İbrahimov məsələ ilə bağlı danışıb. Movqe.az modern.az saytına istinadən xəbər verir ki, H.İbrahimov oğlunun günahkar olmadığı qənaətindədir:

"Hadisə ilə bağlı prokurorluqda cinayət işi açılıb, araşdırma gedir. Oğlum həmin gündən məktəbdəki işindən kənarlaşdırılıb. Həmin qız da məktəbi keçən il bitirib, yəni hazırda məktəb şagirdi deyil.

3 ekspertin rəyindən sonra həmin qızın bakirə olduğu meydana çıxıb. Mən hesab edirəm ki, bu mənim oğluma atılan şərdir. Amma əgər qərar verilərsə ki, günahkar oğlumdur, biz sinəmizi arxaya çəkmərik".

H.İbrahimov oğlunun ailəli, 2 uşaq atası olduğunu bildirib: "Onun evində də dava-dalaş düşüb. Biz həmin ailəylə qonşuyuq. Mən o ailəyə təklif etmişəm ki, hökumət desə "günahkar oğlundur", mən qızı evimə gəlin gətirərəm".

H.İbrahimov "axı sizin oğlunuz zatən ailəlidir, bu qızı hara aparacaqsınız" sualını "başqa çarəm qalmır, məhkəmə qərar verəndən sonra mən kiməm",- deyə cavablandırıb.

H.İbrahimov həmçinin "ata olaraq oğlunuzla bu barədə danışmısınızmı, belə bir əməl törətdiyini boynuna alırmı" sulına belə cavab verib:

"Biz qonşuyuq, mənim oğlum deyir ki, qıza əl də vurmayıb. Prokurorluqda cinayət işi açılandan oğlum da, yoldaşı da işdən çıxarılıb. Hazırda Elnur polis bölməsindədir".

Yayılan məlumatlara görə, Şamaxı rayonunun Pirbəhli kənd məktəbinin 9-cu sinif şagirdi öz müəllimi İbrahimov Elnur Həsənağa oğlundan hamilə qalıb, onun hamiləliyin artıq 7-ci ayında olduğu bildirilir.

Qeyd olunur ki, məktəblinin valideynləri dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsələr də, cinayətin açılmasına maneçilik törədilib.

Belə ki, müəllimin səyi nəticəsində Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibovun 7 aylıq hamilə olan qıza bakirəliyi haqda rəy verib.

Hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma gedir.