Vyana danışıqları Qarabağ konfliktinin həllində yeni mərhələ açır

14 May 2016 11:00 (UTC+04:00)

Gələn həftə Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılır. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, görüş ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin-ABŞ, Rusiya və Fransa XİN rəhbərlərinin iştirakı ilə planlaşdırılıb. M. Zaxarova qeyd edib ki, görüşün məqsədi atəşkəs rejimini gücləndirməyə çalışmaq, hərbi risqləri azaltmaq, konkret etimad tədbirlərinin möhkəmləndirilməsi barədə razılıq əldə etməkdir.

Qeyd edək ki, aprelin əvvəlində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatdan sonra münaqişə ətrafında yeni situasiya yaranıb. Artıq Ermənistan bir daha əyani şəkildə Azərbaycan Ordusunun gücünü, onun bir andaca erməni işğalçılarını darmadağın etməyə qadir olduğunu gördü. Beynəlxalq ictimaiyyətə də bəlli oldu ki, Azərbaycan mövcud status-kvo vəziyyətinin saxlanması ilə qətiyyən barışmayacaq. Bu isə münaqişənin həllinə nail olmaq üçün həmin vəziyyətin dəyişdirilməsini tələb edir. Bəs, aprel döyüşlərindən sonra baş tutacaq bu görüşdən hansısa irəliləyişlər gözləmək olarmı?

Politoloq Natiq Miri prosesdə Vyana görüşü ilə hansısa bir irəliləyişin olacağını gözləmir: "Vyana görüşündən konkret olaraq hansısa bir siyasi nəticə gözləmək doğru olmazdı. Çünki bu görüşdə konkret həll planı üzrə hansısa müzakirələrin getməsi gözlənilmir. Bəyan edildiyinə görə, görüş daha çox atəşkəsin əldə olunması, atəşkəsi mexanizmlərinin yaradılaraq tətbiq olunması və münaqişə tərəfləri arasında etimad mühitinin yaradılması ilə bağlıdır. Ayrıca müsbət bir razılaşma və onun gələcəyə sirayətini gözləmək doğru olmazdı. Aprel döyüşlərindən az öncə İsveçrədə iki prezident arasında görüş təşkil edildi. Bu görüşdən də az sonra təmas xəttində hərbi əməliyyatlar başladı. Az qala bu, böyük savaşa keçirdi ki, Rusiya və digər dünya güclərinin vasitəsilə bu proses müvəqqəti olsa dayandırıldı. Ancaq buna rəğmən, Rusiya hətta atəşkəsin qorunması məsələsində nə qədər aciz olduğunu ortaya qoydu. Çünki atəşkəsi qorumaq üçün konkret mexanizmlər yoxdur. Həmin mexanizmin olmamasına rəvac verən isə təbii olaraq münaqişəni yaradan, hərbi əməliyyatlara təkan verən səbəblərdir. Bu səbəblər isə Ermənistanın işğalçı ordusudur. Ermənistan ordusu işğal olunmuş torpaqlardan çıxmayınca, hərbi əməliyyatların yenidən başlama ehtimalı da daim yüksək olacaq.

Düşünürəm ki, Azərbaycan öz istəyində daha sərt və qətiyyətli olmalıdır, bunun üçün indiki geosiyasi şərait də ölkəmizə imkan verir. Artıq qalib kimi Azərbaycan diqtə edən tərəfdir. Bu baxımdan Azərbaycan ilk mərhələdə dərhal 7 rayonun boşaldılmasını tələb etməlidir. Prezidentlər arasında görüş də məhz bu razılaşma kontekstində aparılmalıdır".

Politoloq Fikrət Sadıxovun qənaətincə isə, Vyana danışıqlarında həll istiqamətində nəsə təklif oluna bilər: "Vyana görüşünün baş tutmasını daha çox aparıcı dövlətlər istəyir. Ona görə də görüşü onlar təşkil edir. Həmin görüşdə aparıcı dövlətlərin xarici işlər nazirləri də iştirak etməyi planlaşdırır. Fikrimcə, həmin güclərin burada əsas məqsədi atəşkəsin bərpa olunması, sakitliyin yaranmasıdır. Azərbaycanın məqsədi isə tamamilə başqadır.

Azərbaycan burada torpaqların azad edilməsi uğrunda mübarizə aparır. Ona görə də prosesdə hansısa bir dinamika olmalıdır. Onlar istəyirlərsə ki, barışdırıcı ab-hava yaratsınlar, indiki halda bu məqsədəuyğun hərəkət deyil. Dəfələrlə demişik ki, konkret gündəm və plan olmasa, belə görüşlərdən hansısa bir müsbət nəticə gözləmək də düzgün olmazdı. Həmsədrlər bunu başa düşməlidir. Zənn edirəm ki, işlər məhz bu istiqamətdə gedir".