Millət vəkili Anadolu Kitab Sərgisinin açılışında Qarabağla bağlı çağırış etdi (FOTO)

14 May 2016 13:30 (UTC+04:00)

Millət vəkili Qənirə Paşayeva Malatyada 5-ci Anadolu Kitab Sərgisinin açılışında çıxış edib. Movqe.az-ın məlumatına görə, çıxışında o, hamını türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb: "Biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq".


Q.Paşayev həmçinin çıxışında Azərbaycanın və türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır: "Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq".


Millət vəkili çıxışını "İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil" deyərək bitirib.