Bu gündən Formula 1 Avropa Qran Pri yarışının təşkilatçıları beynəlxalq hava limanlarında viza ala biləcəklər

15 May 2016 11:30 (UTC+04:00)

Bu gündən başlayaraq Formula 1 Avropa Qran Pri yarışı ilə bağlı təşkilati məsələlərlə əlaqədar Azərbaycana gələn və "Formula One Management Limited" şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycanın beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

Movqe.az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin "Formula 1 Avropa Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında" 3 mart 2016-cı il tarixli sərəncamında əksini tapıb.

Sərəncama əsasən təşkilati məsələlərlə əlaqədar gələn və "Formula One Management Limited" şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş şəxslər mayın 15-dən iyunun 30-dək Azərbaycanın beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

Viza verilməsi üçün Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan "Formula One Management Limited" şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçməni təsdiq edən sənəd əsas hesab edilir.