Zakir Həsənov: "Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə sahəsində üçtərəfli anlaşma memorandumu imzalanacaq"

15 May 2016 20:00 (UTC+04:00)

Mayın 15-də Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib.

Movqe.az  Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə nazirlər regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb və hərbi sahədə əməkdaşlıq üzrə bir sıra qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Danışıqlardan sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirilib və Müdafiə nazirləri üçtərəfli görüşün yekunları barədə medianı məlumatlandırıblar.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun kütləvi informasiya vasitələri nümayəndələri qarşısında çıxış edib:

Hörmətli mətbuat nümayəndələri!

Bu gün biz, Azərbaycan, Gürcüstan və Türkiyənin Müdafiə nazirləri üçtərəfli formatda növbəti görüşümüzü keçirdik.

Görüş zamanı 3 dost-qonşu xalq arasında münasibətlərin və fəaliyyətlərin üçtərəfli formatda inkişaf etdirilməsinin səmərəliliyi vurğulandı, bu formatda münasibətlərimizin gələcək perspektivlərini müzakirə etdik, qarşılıqlı maraq doğuran istiqamətlər barədə geniş fikir mübadiləsi apardıq.

3 ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşılıqlı əməliyyat uyarlılığının əldə edilməsi məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsi, hərbi təlim-təhsil sahəsində əməkdaşlığın üçtərəfli formatda təşkil edilməsi, Kiber təhlükəsizlik sahəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin daha da təkmilləşdirilməsi məqsədəuyğun hesab olunub.

Biz müdafiə sahəsində üçtərəfli Anlaşma Memorandumu imzalamağı nəzərdə tuturuq. Hazırda layihəsi razılaşdırılmaqda olan Anlaşma Memorandumunun imzalanması əməkdaşlığımızın hüquqi bazasının əsasını təşkil edəcək, üçtərəfli fəaliyyətlərimizin yeni mərhələyə keçməsinə zəmin yaradacaqdır.

Gələcəkdə də bu formatdan irəli gələn yeni təşəbbüs və layihələrin həyata keçirilməsi planlaşdırılır.

Görüş zamanı regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıq, bölgədə sabitliyin təmin edilməsi yollarını birgə araşdırdıq, qloballıq nöqteyi-nəzərdən çıxış etdik, sabitlik haqqında danışdıq, stabilliyin əhəmiyyətini vurğuladıq.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələləri, xüsusən son zamanlarda münaqişə zonasında gərginliyin artması nəzərə alınmaqla ətraflı müzakirə etdik.

Münaqişələrin sülh yolu ilə həllinin zəruriliyini və bir-birimizin suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlı beynəlxalq hüquq normaları çərçivəsində yanaşmanın vacibliyini bir daha qeyd etdik.

Əminəm ki, müdafiə sahəsində əməkdaşlıq üzrə üçtərəfli fəaliyyətlərimiz ölkələrimizin təhlükəsizliyinin təmin edilməsinə, xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə, eləcə də regionda sülhün, sabitliyin və davamlı inkişafın bərqərar olmasına öz töhfəsini verəcəkdir.

Mən Türkiyə Respublikasının Milli Müdafiə naziri hörmətli cənab İsmet Yılmaza və Gürcüstanın Müdafiə naziri hörmətli xanım Tinatin Xidaşeliyə dəvətimizi qəbul edib Qəbələyə gəldiklərinə və bu iki gün ərzində üçtərəfli görüşdə iştirak etdiklərinə görə təşəkkürümü bildirirəm.