Britaniya kraliçasının ad gününə Qarabağ hədiyyəsi - VİDEO

16 May 2016 12:15 (UTC+04:00)

Londondakı Vindzor qəsrində Britaniya kraliçası 2-ci Yelizavetanın 90 illik yubileyi münasibətilə möhtəşəm qala-konsert keçirilib.

Movqe.az bildirir ki, bu ildə ilk və son süvari Kral Vindzor At Şousu qəsrdə keçirilib. Atları çox sevən 2-ci Yelizaveta artıq 70 ildir ki, bu şouya baş çəkir.

Onu əri, Edinbürq hersoqu Fillip müşayiət edirdi. Şouda kraliçaya ayrılmış fəxri yerə onu oğlu, şahzadə Çarlz, hersoginya Kamilla Parker-Boulls, nəvələri, şahzadələr Harri və Uilyam, gəlini hersoginya Keyt Middlton müşayiət ediblər.

Şouya Oman, Bəhreyn, Qətər əmirləri, bir sıra dövlət və hökumət başçıları da qatılmışdılar.

Builki şoudda 1500 aktyor və 900 at çıxış ediblər. Çıxış edənlər arasında kraliçanın qızı, şahzadə Anna və nəvəsi Zara Tindall da vardılar.

Şouya baxmaq üçün arenaya 10 mindən artıq tamaşaçı yığışmışdı.

2-ci Yelizavetanın 90 yaşı apreldə tamam olsa da, yubiley rəsmən, dövlət səviyyəsində iyun ayında qeyd olunacaq.



Kral Vindzor At Şousunun final mərhələsində Azərbaycanın "Qarabağ" cinsindən olan 15 atdan ibarət komandası və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı Kraliça II Yelizaveta qarşısında çıxış ediblər.

 Azərbaycan nümayəndə heyəti adından Kraliça II Yelizavetaya respublikanın əməkdar rəssamı Sakit Məmmədovun rəsm əsəri xatirə hədiyyəsi edilib.

Ölkəmizin bu möhtəşəm şouda iştirakı Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və Azərbaycan Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycanı Qarabağ cinsindən olan 15 at təmsil edir.


Milli.Az-a TEAS-dan verilən məlumata göbrə, məharətli azərbaycanlı çaparların yadda qalan akrobatik şou nömrələri və Fikrət Əmirov adına Azərbaycan Dövlət mahnı və rəqs ansamblının çıxışları tamaşaçıların rəğbətini qazanıb.

Vindzorda Azərbaycan mədəniyyəti pavilyonu da təşkil edilib. Pavilyonda iştirakçılara xalqımıza məxsus şirniyyatlar təqdim olunur, tariximizi, mədəniyyətimizi, ölkəmizin müasir inkişafını əks etdirən kitablar və CD diskləri paylanılır, canlı musiqilər səsləndirilir. Mədəniyyətimizin təqdimatı məşhur tar ifaçısı Rafiq Rüstəmov və Azərbaycanın xalq artisti Fidan Hacıyevanın ifası ilə müşayiət olunur.

Pavilyon vasitəsilə yüzlərlə britaniyalı və dünyanın müxtəlif yerlərindən gələn at həvəskarları Azərbaycan və Dağlıq Qarabağ haqqında müfəssəl məlumatlar əldə edir.


Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter fikirlərini belə bölüşüb: "Qarabağ atlarının Kral Vindzor at şousuda iştirakı çox əlamətdar bir hadisədir. Yüz minlərlə azərbaycanlı kimi atlar da Dağlıq Qarabağ erməni hərbi qüvvələri tərəfindən zəbt ediləndən sonra məcburi köçkünə çevriliblər. Mən əminəm ki, atlar da elə məcburi köçkün insanlar kimi öz qədim ata-baba torpaqlarına qayıtmaq həsrətindədirlər".

Qeyd edək ki, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Bob Bləkman də tədbirdə iştirak edib. O deyib: "Mən də Kraliçanın 90 illik yubileyinin qeyd edildiyi Kral Vindzor at şousunda iştirak etmək şərəfinə nail oldum. Bayramın bir hissəsi olaraq Azərbaycan şouda əzəmətli Qarabağ atları ilə təmsil olunur. Onların çıxışı çox gözəl, olduqca rəngarəngdir. Tamaşaçılarda yaxşı təəssürat yaratdılar. Hazırda bu əzəmətli məxluqların öz doğma torpaqlarından uzaq düşdüklərini təsəvvür etmək çox kədərlidir. Ümidvaram ki, tezliklə onlar da məcburi köçkünlərlə birlikdə öz doğma yerlərinə qayıda biləcəklər". 


Azərbaycanın Kral Vindzor At Şousunda uğurla təmsil olunması Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi nəticəsində həyata keçirilib. Təşkilati işlərə musiqiçi və rəqqasların Londona səfərlərinin təşkili, atların çaparlarla birlikdə Vindzora çatdırılması, həmçinin Azərbaycan mədəniyyəti pavilyonunun qurulması daxil idi. Atların Britaniyaya çatdırılması üçün düz 2 ay vaxt tələb olunub. Vindzorda Azərbaycanın milli folklorunu təcəssüm etdirən bir-birindən maraqlı rəqs nömrələri və musiqili tədbirlər keçirilib. Mədəniyyət pavilyonumuzu ziyarət edən yüzlərlə britaniyalı və xarici qonaqlar ölkəmizin zəngin mədəniyyəti haqqında müfəssəl məlumatlar əldə ediblər, ləziz mətbəximizdən dadaraq Azərbaycan qonaqpəvərliyinin şahidi olublar.

 

Tamaşa ərzində auditoriyanı ovsunlayan Qarabağ atları kraliça II Yelizaveta da yaxşı təəssürat bağışlayıb. Atlara xüsusi rəğbət bəsləyən əlahəzrət kraliça atların gözəlliyini və çaparların mükəmməl bacarıqlarını yüksək qiymətləndirib. 

Azərbaycanın arenadakı nümayəndə heyəti çıxışını Azərbaycan və Britaniya bayraqlarını tutmuş çaparların dövrəsi ilə başa vurublar./mili.az/