İzmir—Bakı bir- birini daha yaxşı tanımalıdır

16 May 2016 16:07 (UTC+04:00)

"Azərbaycnın paytaxtı Bakı və Türkiyənin ücüncü böyük şəhəri, Egey bölgəsinin inzibati- mədəni mərkəzi İzmir hələ sovet dövründən qardaşlaşmış şəhərlər olsalar da hazırda bu iki meqapolis arasında əlaqələr, gediş- gəliş arzu olunan səviyyədə deyil. Bu yöndə irəliləyişə nail olmaq üçün hər iki şəhərin turizm potensialından daha səmərəli istifadə etmək lazımdır." – Mayın 14- də İzmirdə Bakıdan getmiş media və turizm sektoru təmsilçilərinin izmirli həmkarları ilə görüşündə bu barədə ətraflı söhbət açılmışdır.


Azərbaycanlı qrupun səfərinin təşkilatçısı İzmir Şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri Əbdüləziz Ediz qonaqları salamladıqdan sonra dünyanın ən gözəl istirahət və şəfalı sağlamlıq zonalarından olan Türkiyənin Egey bölgəsinin turizm potensialı barədə ətraflı məlumat vermişdir. O bildirmişdir ki, dil, din, tarixi- mədəni dəyərlər eyniliyi, dövləttlətarası əlaqələrin ahəngdarlığı bu potensialdan daha geniş istifadə etmək üçün heç bir maneə yaratmır. Sadəcə olaraq, Bakı və İzmir bir- birini qardaşlıqlarına layiq səviyyədə tanımalı, hərtərəfli əlaqələr qurulmalı, çevik turizm şəbəkəsi sahmana salınmalıdır.


Egey Otellər Birliyinin başqanı Mehmet İşlər bölgəyə il ərzində gələn 1,2 milyon turistə Azərbaycandan, ilkin olarq, 200 min nəfər müsafirin əlavə olunması üçün hər cür imkanın olduğunu qeyd etmişdir. Bölgənin dənizi, iqlimi, qədim tarixi, istirahət və sağlamlıq şəbəkəsi, xalqlarımızın dostluğu, ənənə- məişət yaxınlığı qardaş ölkədən gələnlər üçün olduqca cazibəlidir. İzmirdən Bakıya getmək istəyənlər də çoxdur. Bunun üçün, ilk növbədə, geniş tanıtma işi aparılmalı, daimi təyyarə uçuşu təşkil olunmalıdır. Media və turizm qurumlarının üzərinə bu sahədə çox iş düşür.


Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin bölmə müdiri Zöhrə Əliyeva, "Xalq qəzeti"nin əməkdaşı Tahir Aydınoğlu, İctimai Televiziyanın müxbiri Dilavər Səidov, "Turizm.az" turizm şirkətinin direktoru Murad Kərəmov, "Royal travel" şirkətinin meneceri Ülviyyə Nəcəfova, "Atlas travel" şirkətinin meneceri Pərviz Qasımov, "Baku holidey travel" şirkətinin meneceri Aynur Paşayeva və Azərbaycandan getmiş qrupun digər üzvləri ölkəmizdə turizmin inkişafı sahəsində son illərdə əldə edilmiş uğurlar barədə məlumat vemiş, yaradılmış turizm şəbəkəsinin Türkiyə, eləcə də izmirlilər üşün maraqlı yönlərini açıqlamışlar.


Diskussiyaya qoşulan İzmir jurnalistləri, turizm ağentləri Türkiyənin Egey bölgəsi ilə Azərbaycan arasında turizm- otelçilik fəaliyyətinin sahmana salınması, hər iki ölkə üçün fayda gətirməsi üçün təklif və mülahizələrini söyləmiş, qeyd etmişlər ki, hər iki şəhərin qardaşlığı imkanları tam hələkətə gətirilməlidir.