Ermənistandan dünyaya yayılan nüvə təhdidi

17 May 2016 09:15 (UTC+04:00)

Ermənistanda "Metsamor" atom elektrik stansiyasından radioaktiv maddə qaçaqmalçılığı son dövrlər getdikcə daha geniş vüsət almaqdadır. Məsələn, 2016-cı ilin aprelində Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən üç Ermənistan vətəndaşı və üç Gürcüstan vətəndaşı 200 qram Uran-238-i satmaq cəhdinə görə həbs edilib. Müəyyən olunub ki, Ermənistandan olan üç nəfər əvvəllər "Metsamor" AES-də işləyiblər. Bu qrup radioaktiv materialı Yaxın Şərq ölkələrinə satmağı planlaşdırırmış.

Bundan başqa tarixd ermənilərin nüvə qaçaqmalçılığı ilə məşğul olması, radioaktiv materialları ölkədən çıxararaq satmaq cəhdlərinə dair çoxsaylı faktlar mövcuddur. Belə ki, 1999-cu il mayın 22-də Ukraynanın Bereqovo şəhərində iki erməni 20 kq U-235 az zənginləşdirilmiş uran filizi satmağa cəhd göstərib və bu ölkənin hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. Ermənilər uranın 1 kiloqramı üçün 35 000 dollar tələb ediblər. 2001-ci il dekabrın 19-da Gürcüstanın Samsxe-Cavaxetiya bölgəsində kəşfiyyat əməliyyatı zamanı 300 qram az zənginləşdirilmiş uran ələ keçirilib. Araşdırma nəticəsində həmin materialın Ermənistandan gətirildiyi müəyyən olunub. 2003-cü il iyunun 26-da Ermənistan vətəndaşları qaçaqmalçılıq yolu ilə 170 qram yüksək zənginləşdirilmiş uran U-235-i Ermənistan-Gürcüstan sərhədindən (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) keçirməyə çalışıblar. Saxlanılan Ermənistan vətəndaşı Qarik Dadadyanın üzərində 170 qram uran aşkarlanaraq götürülüb. Dadadyan Ermənistana təhvil verilib, ona qarşı cinayət işi açılıb və həmin şəxs cəmi 2,5 il müddətinə azadlıqdan məhrum olunub. Bu fakt radioaktiv qaçaqmalçılıqla məşğul olan ermənilərin hakimiyyət dairələri tərəfindən müdafiə olunduğuna işarədir. 2003-cü il dekabrın 29-da Ermənistan-İran sərhədində, Mehri nəzarət-buraxılış məntəqəsində "Metsamor" AES-dən çıxarılan Stronsium-90 radioaktiv maddənin konteyneri saxlanılıb. Spektral təhlil göstərib ki, obyekt yüksək radioaktivliyə malikdir. 2004-cü il martın 13-də Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Ermənistan vətəndaşı radioaktiv materiallarla saxlanılıb. Lakin məsələ ictimailəşdirilməyib.2007-ci il oktyabrın 24-də Gürcüstan-Türkiyə sərhədində (Sarpi nəzarət-buraxılış məntəqəsi) xüsusi düzəldilmiş qızıl konteynerdə 2,04 qram Lourensiy-103 maddəsi aşkarlanıb və buna görə 4 Ermənistan vətəndaşını saxlanılıb. 2009-cu il avqustun 26-28-də Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Ermənistanın Qerarkunik vilayətinin Noratus kənd sakininə məxsus olan avtomobildə Sezyum-137 maddəsinin izləri aşkarlanıb. Lakin maddənin özü tapılmayıb və buna görə də sərnişinlər azad edilərək Ermənistana qaytarılıblar. 2010-cu ilin martında Tbilisidə biznesmen Smbat Tonoyan və Yerevan Fizika İnstitutunun əməkdaşı Qrant Ohanyan radioaktiv materialların alverində şübhəli bilinərək saxlanılıblar. Onların üzərindən 89 faiz zənginləşdirilmiş 18 qram uran aşkar olunaraq götürülüb. Tiflisdə məhkəmə prosesi zamanı müəyyən edilib ki, Tonoyan potensial alıcıdan 120 qram zənginləşdirilmiş uran üçün əvvəlcə 8 milyon dollar tələb edib, lakin sonradan 1,5 milyon dollara qədər qiyməti azaldıb. 18 qram məhsul nümunə kimi alıcıya nümayiş etdirilməli idi. Müsadirə edilmiş uranı Tonoyana 2003-cü ildə Gürcüstanda uran qaçaqmalçılığına görə həbs edilən Ermənistan vətəndaşı Qarik Dadadyan verib. 2003-cü ildə radioaktiv materialların qaçaqmalçılığı faktına görə məhkum olunmuş bu şəxs yüngül həbs cəzası çəkdikdən sonra yenidən öz fəaliyyətini davam etdirib. 2010-cu il sentyabrın 16-da Tbilisi hava limanında bir üzvü erməni olan cinayətkar qrup saxlanılıb. Saxlanılmış şəxslərin üzərindən 0,0004 kiloqram plutonium (Pu) və 0,00008 kiloqram az zənginləşdirilmiş uran aşkarlanaraq götürülüb. Araşdırma zamanı cinayətkarların radioaktiv materialları satmağı planlaşdırdıqları müəyyən edilib. 2014-cü ilin avqustunda Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Gürcüstan gömrükçüləri tərəfindən Sezyum-137-ni Gürcüstana keçirməyə cəhd göstərən iki erməni həbs edilib. 2016-cı ilin yanvarında Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Gürcüstan gömrükçüləri tərəfindən Sezyum-137-ni sərhəddən keçirməyə cəhd göstərən üç erməni həbs edilib.

Göründüyü kimi, Ermənistan tək Azərbaycan üçün yox, bu kimi məsələlərlə dünya üçün də təhlükə mənbəyidir. Çünki, belə materialların terror qruplaşmalarının əlinə düşəcəyi təqdirdə dünyanın bir çox ölkələrinin ciddi fəlakətlə üzləşəcəyi şübhə doğurmur. Bu baxımdan ekspertlər ermənilərlə aparaılacaq bu mübarizənin qlobal xarakter almasını vacib hesab edirlər. Siyasi şərhçi, sabiq təhlükəsizlik əməkdaşı Arzu Nağıyev bildirir ki, ümumiyyətlə, "Metsamor" atom elektrik stansiyasının fəaliyyətdə olması region üçün bir fəlakət gətirə biləcək faktordur: "Məlumdur ki, Çernobılda baş verən qəzadan sonra "Metsamor"un bağlanması məsələsi gündəmdə olub və qəzalı vəziyyətdə olduğu üçün hətta bir müddət bağlanıb. Lakin sonralar müxtəlif bəhanələrlə, daha doğrusu enerji çatışmazlığı bəhanəsi ilə işlədilib. Burada da erməni hiyləsi var.

Avropa İttifaqı stansiyanı demontaj etmək üçün 3 milyard avroya yaxın vəsait təklif edir. Ermənilər isə daha çox vəsait tələb edir və bunun alveri ilə məşğuldurlar. Digər tərəfdən ermənilərin kütləvi qırğın silahlarının komponentlərinin alveri və ya qaçaqmalı ilə məşğul olması faktdır. Bu, bir daha onların bir sıra terrorçu təşkilatlarla əlaqəli olmasına dəlalət edir. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) və bir sıra beynəlxalq qurumlar ermənilərin verdikləri bəyanatlara biganə qalmamalıdırlar. Əgər İran və İraqa, Şimali Koreyaya qarşı sanksiyalar tətbiq ediblərsə, bu prosedurları ermənilərə qarşı da etməlidirlər və düşünürəm ki, belə də olacaq".

Arzu Nağıyev əlavə etdi ki, Azərbaycan da bu istiqamətdə müvafiq addımlar atır və atacaq: "Birincisi, dövlətin və ümumiyyətlə, regionun təhlükəsizliyi üçün bunu etməlidir. Digər tərəfdən Dağlıq Qarabağ münaqişəsinin tam həlli məhz bunu da nəzərdə tutmalıdır. Ermənilərin beynəlxalq konvensiyalara zidd olaraq isitifadə etdiyi silahlar, o cümlədən fosforlu mərmilər buna bariz nümunədir. Məhz Xarici Işlər Nazirliyinin xətti ilə Azərbaycanda səfirliklərdə təmsil olunan hərbi attaşelərin də iştirakı ilə bunu dünyaya bəyan etmək çox mühüm və vacib addım idi. Belə misallar çox olmalıdır və beynəlxalq səviyyədə Azərbaycan sübutlarla çıxışlar etməlidir".

Digər politoloq Şahin Cəfərli bildirdi ki, Azərbaycan "Metsamor" AES-lə bağlı məsələni bir neçə dəfə beynəlxalq təşkilatlarda qaldırıb: "Lakin hələlik bir nəticəsi yoxdur. Bu məsələdə təkbaşına yox, bölgə dövlətləri ilə birlikdə hərəkət etmək və təşəbbüs göstərmək lazımdır. Çünki, "Metsamor" AES təkcə bizə yox, Gürcüstana, Türkiyəyə, İrana da potensial təhlükədir. Ona görə də bu dövlətlərlə əlaqəli şəkildə addımlar atmaq məqsədəuyğundur. Belə olsa, beynəlxalq təşkilatların diqqətini daha çox cəlb etmək mümkündür".

Ekspert hesab edir ki, ilk növbədə bu mövzu Beynəlxalq Atom Enerjisi Agentliyində gündəmə gətirilməlidir: "Metsamor" AES-də yoxlama aparılması üçün Ermənistana bu sahənin mütəxəssislərindən ibarət beynəlxalq missiyanın göndərilməsinə nail olunmalıdır. Həmin missiyanın hazırlayacağı hesabatın əhəmiyyəti böyük olacaq. Əgər müəyyən olunsa ki, "Metsamor" AES doğrudan da real təhlükə mənbəyidir, sözsüz ki, bu stansiyanın işləyən reaktorlarının fəaliyyətinin dayandırılmasını ciddi şəkildə qaldırmaq zəruridir. Bu məsələ təkcə AES-in sahibi olan dövlətdən asılı ola bilməz. Bütöv bir regionun təhlükəsizliyi, ekologiyası təhdid altındadırsa, onda beynəlxalq qurumlar bununla bağlı məcburedici qərar vermək hüququna malikdir. Azərbaycan bu istiqamətdə diplomatik səylərini artırmalı və mövzunu diqqətdə saxlamalıdır. BMT Baş Assambleyası da mühüm platformalardan biridir və orada da bu mövzunu qaldırmaq olar".