Deputat: "Bağçanın Bakı Şəhər İcra Hakimiyyətinə nə aidiyyatı olduğunu Hacıbala Abutalıbovdan başqa heç kəs deyə bilməz"

17 May 2016 16:17 (UTC+04:00)

"Elm haqqında" qanun layihəsi ətrafında müzakirələrə başlanılıb. Movqe.az xəbər verir ki, millət vəkili Zahid Oruc bağçaların Təhsil Nazirliyinə qaytarılması məsələsinə toxunub. "Bağçalarımız bu gün uşaqların 3-5 faizi üçün əlçatan deyil. Bağçalar dövlətin və icra qurumlarının nəzarətindədir, özəl bağçalar isə azdır. Bağçanın Bakı Şəhər İcra Hakimiyyətinə nə aidiyyatı olduğunu Hacıbala Abutalıbovdan başqa heç kəs deyə bilməz. Bağça xidmət deyil, gələcək elmin sirlərini ilk üsullarla öyrədilmə yeridir. Parlament üzvləri olaraq bu fikri möhkəmləndirək ki, bağçalar Təhsil Nazirliyinə qayıtsın, icra nümayəndələri üçün yem olmaqdan çıxsın. Bağçada uşağın soskasına göz dikənlər varsa, gələcəkdə nəyi hesabladıqlarını yaxşı bilirlər".

Daha sonra deputat alimlərə dövlət tərəfindən göstərilən qayğı barədə danışıb. O qeyd edib ki, hər bir ölkə alimlərini üst səviyyədə ayaqda saxlamağa çalışır. "Biz ölkənin iqtisadiyyatını elmə transfer etməyi bacarmalıyıq. Amma Azərbaycan alimlərinin sayı 10 minə qədərdir. 100 min nəfərə düşən alimlərin sayı bir nəfərdir. Regionda başqa dövlətlərdən güclü olduğumuz halda bu məsələdə Ermənistan bizdən öndədir. İddia etmirəm ki, alimlərimiz onlardan zəif və ya güclüdür. Sayı etibarı ilə onlarda 100 minə 3 alim düşür".

Deputat vurğulayıb ki, alimin maaşı əsas kriteriya olmalıdır. "Onun təminatı birinci olmalıdır. Bu halda ölkənin inkişafı üçün addımlar atmalıyıq. Bu gün bizdə elmə ayrılanlar 1 faizin altındadır. Bu, aradan qaldırılmalıdır. ABŞ-da bu rəqəm 35 faiz, Avropa Birliyində isə 24 faizdir. Elm sferası iqtisadiyyatlaşdırılmalıdır, elmin əsas vəzifəsi cəmiyyət, yaxşı toplum yetişdirməkdir. Bütün dünyada elmin özəl qurumlar vasitəsilə maliyyələşməsi gedir. Dövlət elmə böyük vəsait qoymasa, bu ölkəni inkişaf etdirmək çətin olacaq".

Z.Oruc təklif edib ki, Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırılsın. "Biz diplom alırıq, yastığımızın altında saxlayırıq. 23 yaşından sonra deyirik ki, əmək bazarının dəyişikliyinə uyğun diplomumuzu dəyişməyək. Dövlət onu da stimullaşdırmalıdır ki, əmək bazarına uyğun ikinci və üçüncü təhsil də alaq. Zamanla Azərbaycan universitetləri də reytinq cədvəllərində ön yerdə olacaq.

Azərbaycanda dövlət  universitetləri yarışmalıdır və onların reytinqi bununla bilinməlidir. Bu vasitə ilə onlar pul qazana bilər. Bu gün hər bir universitet tələbənin durumundan asılı olmayaraq dövlət sifarişi ala bilir. Lakin universitetlər arasında elələri var ki, orada 3-4 tələbədən başqa oxuyan yoxdur. O zaman dövlət sifarişi niyə alır?".