Camala yeni faktlar açıqladı: "Kiçik bacım türk ilə evlidir"

17 May 2016 16:40 (UTC+04:00)

"Eurovision-2016" mahnı müsbiqəsinin qalibi Ukrayna təmsilçisi Camala özü və ailəsi barədə maraqlı faktlar açıqlayıb. 


Movqe.az aznews.az-a istinadən bildirir ki, Krım tatarlarından olan və ailəsi sürgünə məruz qalan Camala "Eurovision-2016"ın qalibi olduqdan sonra verdiyi geniş müsahibəsində ifa etdiyi mahnısının tarixindən, mahnıyla verdiyi mesajlardan, Türkiyəyə olan bağlılığından və orada aldığı mükafatdan da bəhs edib. 


"1944" mahnısının tarixindən bəhs edən Camala mahnının sözlərində nənəsinin hekayəsini qələmə aldığını bildirib: "Nənəm mənə Krım tatarlarının sürgünündən bəhs etdi. Mənə 1944-cü ildə bütün Krım tatarlarının iribuynuzlu heyvanlar üçün nəzərdə tutulan qatara mindirilərək Krımdan deportasiya edildiyi danışdı. Burada nə təmiz hava, nə yemək, nə də su varmış. Sürgün zamanı nənəm bir qızını itirib. Bu hər bir Krım tatarı üçün qorxunc hadisədir. Bu bizim ailə hekayəmiz, ailə dərdimizdir. Bu hekayəni hər eşidəndə canım yanırdı. Buna görə də bu mahnını yazdım".


Camala mahnısı ilə dünyaya 2 mesaj verdiyini qeyd edib: "Birincisi xalqımın başına gələn bu faciəni unutmamalıyıq. İkincisi mesaj isə ondan ibarətdir ki, gələcəyi qurarkən köklərimizin haradan gəldiyini xatırlamalıyıq".