Avropa Azərbaycana 20 milyard dollar sərmayə qoydu

18 May 2016 12:00 (UTC+04:00)

"Son 10 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin Azərbaycanda əsas kapitala qoyduğu sərmayələrin həcmi 20 milyard dollar təşkil edib".

Movqe.az bildirir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Aİ-Azərbaycan II biznes forumunda deyib.


Onun sözlərinə görə, Aİ ölkələrinin Azərbaycanın qeyri-neft sektoruna qoyduğu birbaşa sərmayələr 2,7 milyard dollar səviyyəsində olub ki, bu da ölkənin bu sektoruna birbaşa sərmayələrin ümumi həcminin 35 faizini təşkil edir.


Ş.Mustafayev qeyd edib ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır: "2015-ci ildə Aİ ilə əmtəə dövriyyəsi Azərbaycanın xarici ticarətinin ümumi həcminin 47,5 faizini təşkil edib, 2016-cı ilin I rübündə bu göstərici 43 faiz olub".