“Fitnə” sənədli filminin təqdimatı keçirilib

18 May 2016 13:00 (UTC+04:00)

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə çəkilən "Fitnə" filminə kütləvi baxış keçirilib.


Movqe.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan Akademiyanın rektoru, akademik Urxan Ələkbərov bildirib ki, bu gün Azərbaycan inkişaf göstəricilərinə görə, dünyanın inkişaf etmiş ölkələri ilə yanaşı dayanır. O qeyd edib ki, bəzi qüvvələr Azərbaycanın bu inkişafına mane olmaq, ökədə daxili sabitliyi pozmaq üçün dini amildən istifadə etməyə çalışır. U.Ələkbərov bildirib ki, bu cəhdlərin qarşısını almaq üçün bu cür filimlər vasitəsilə təbliğat aparmağın böyük əhəmiyyəti var.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə çıxış edərək bildirib ki, dini maarifləndirmə çərçivəsində respublikanın bütün bölgələrində regional konfranslar təşkil olunur, çoxsaylı seminarlar, görüşlər keçirilir, həmçinin müxtəlif kitab və digər çap materialları nəşr edilərək yayılır: "Lakin aparılmış təhlillərin nəticəsi təsdiqləmişdir ki, dini radikalizmin fəsadlarını cəmiyyətin bütün təbəqələrinə çatdırmaq və insanları məlumatlandırmaqla onları bu mübarizəyə cəlb etmək üçün peşəkar səviyyədə sənədli filmin çəkilməsinə ciddi ehtiyac var. Bu səbəbdən də Dövlət Komitəsi dini radikalizmlə mübarizə çərçivəsində sənədli filmin təbliğat baxımından qısa vaxtda ciddi uğur qazanacağını hesab edərək, radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlandırıldığı "Fitnə" adlı sənədli film hazırlamışdır".


O bildirib ki, film vasitəsilə dini radikalizmin qurbanı olmuş insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanır: "Eyni zamanda, Azərbaycanda dinlər, məzhəblər arasında tarixən mövcud olmuş birlik və bərabərlik, xalqımızın tolerantlıq keyfiyyətləri, dövlətin bu sahədə həyata keçirdiyi siyasətin mahiyyəti qısa, lakin aydın şəkildə işıqlandırılır".


M.Qurbanl əlavə edib ki, aktuallığı nəzərə alınaraq, "Fitnə" filminə müxtəlif qurumlarda, xüsusilə ali təhsil ocaqlarında kütləvi baxış keçirilməsi planlaşdırılır.