"Eurovision"un nəticələri ilə bağlı yekun qərar verildi - rəsmi

18 May 2016 14:22 (UTC+04:00)

"Eurovision" təşkilatçıları müsabiqənin nəticələri haqda son qərarlarını veriblər.


Movqe.az-ın məlumatına görə, Ukraynanı təmsil edən Camalənin (Jamala) qalib olmasına etiraz məqsədi ilə yaradılan petsiyaya yarışmanın rəsmi saytında cavab verilib:


"Siz bununla razı olmaya bilərsiniz, amma biz sizi nəticələri tanımağa çağırırıq. Nəticələr bütün qaydalara uyğun elan olunub. Bu, müsabiqədir və yalnız bir qalib olur. Başa düşürük ki, builki nəticələrlə razı deyilsiniz. Ancaq bütün yarışlarda nəticələr subyektiv olur və hər dəfə kimsə etiraz edir".

 

Açıqlamada bildirilir ki, Camalə həm münsiflər, həm də tamaşaçılar tərəfindən dəstək alıb:


"Avstraliyadan olan Dami İm münsif səsverməsinin, Rusiyadan olan Sergey Lazarev isə tamaşaçı səsverməsinin qalibi olub. Onlar nəticələri ləyaqətlə yanaşdılar. Ona görə də biz onlara böyük təşəkkürümüzü bildiririk. Camalə isə münsif və tamaşaçı səsverməsinin ümumi qalibi olub". 


Bununla da nəticələri dəyişməyəcəyini bildirən "Eurovision" təşkilatçıları söz-söhbətə son qoyub.