Düşmən sülhə vadar edilir

19 May 2016 07:00 (UTC+04:00)

Vyana görüşündən sonra Qarabağ münaqişəsinin mərhələli şəkildə həll ediləcəyi ilə bağlı proqnozlar artmaqdadır. Bir sıra yerli və xarici ekspertlər ilin sonuna qədər prosesin sona çatacağını düşünürlər. Hətta rusiyalı politoloq, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proqnozlarını açıqlayarkən daha dəqiq danışıb.

O, Dağlıq Qarabağla bağlı planın yaxın vaxtlarda işə düşəcəyini də söyləyib: "ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin də razılaşdığı, vaxtilə Kazanda təklif olunan formul yaxın vaxtlarda tətbiq olunacaq. Həmin formula əsasən ilk olaraq Ermənistan işğalı altında olan 5 rayon Azərbaycana geri qaytarılacaq. Azərbaycan həmin ərazilərə vaxtı ilə oradan məcburi köçkün düşmüş vətəndaşlarını yerləşdirəcək. Daha sonra isə işğal altındakı 2 rayon və Dağlıq Qarabağın qaytarılması məsələsinə baxılacaq".

Məsələyə münasibət bildirən Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri hesab edir ki, əslində, mərhələli həll planı indiki vəziyyətdə bir çox geosiyasi gerçəkləri nəzərə alaraq ortaya çıxarılıb: "Söhbət, "Mardir prinsipləri" əsasında modifikasiya olunmuş Kazan formulasından gedir ki, bunu bəzən "Lavrov planı" da adlandırırlar. Həmin plan mərhələli həll yolunu özündə ehtiva edir. Mərhələli həll planının alternativi bütün məsələlərə eyni anda baxış və qərar verməyi nəzərdə tutur ki, bu da indiki şəraitdə Azərbaycan tərəfindən qəbul olunacaq plan deyil. Ona görə də mərhələli həll planını ortaya atıblar ki, ən azından cəbhə xəttindənki hərbi əməliyyatların ikinci böyük fazasının qarşısını ala bilsinlər. Yoxsa, prosesə ədalətli yanaşma tərzi, yaxud da Azərbaycanın haqqını təmin etmək üçün ortaya atılmış ideya deyil.

Bu prosesə aprel döyüşlərinin böyük təsiri olub. Belə ki, Azərbaycan bütün dünyaya sübut etd ki, qısa zaman ərzində öz torpaqlarını işğaldan azad etmək qüdrətindədir. Bu, indiki şrəaitdə həlledici amil olaraq qəbul edilib. Ona görə də bu gün söhbət mərhələli həll planından gedir. Bu planı da Ermənistan rəhbərliyi indiki durumda qəbul etmək məcburiyyətindədir. Bunu Serj Sarkisyanın Vyana görüşündə iştirak etməsi və bəzi açıqlaması sübut etdi. Sarkisyan təyyarədə verdiyi müsahibədə açıqca dedi ki, Ermənistan nə daimi müharibəni, nə də status-kvonu saxlamaq fikrində deyil. Bunu ona görə dedi ki, status-kvonu saxlamaq mümkün də deyil. 24 il müddətində bunu saxlaya biliblər. İndi isə hərbi və siyasi vəziyyət Azərbaycanın xeyrinə dəyişdiyi üçün Sarkisyan etiraf etdi və ortaya mərhələli həll planı çıxdı. Əslində, Vyana görşündə Azərbaycanı qane edərək yeganə məqam mərhələli həll planı istiqamətində iyun ayında danışıqların başlamasıdır.

Danışıqlar mərhələli həll plan çərçivəsində baş tutacaqsa, status-kvonun dəyişməsi istiqamətində birmənalı qərar var. Yəni, Azərbaycanı qane edən məqam budur. Bunun hazırda alternativi yoxdur. Çünki, alternativ həll planı ortaya çıxdığı məqamda təmas xəttində yeni hərbi əməliyyatlar başlayacaq. Döyüş əməliyyatlarını saxlamaq üçün lüzum qalmayacaq. Ona görə də yeganə mümkün yol mərhələli həll planı düzgündür. İlkin mərhələdə Azərbaycanın qeyd-şərtsiz 5 yox, 7 rayonu azad olunmalıdır. Bundan sonra digər məsələlər müəyyən zamana buraxılmalı və tədricən müzakirə obyekti olmalıdır. Bu da "Kazan prinsipi"nin birmənalı olaraq qəbul olunması deyil. İlkin mərhələdə Azərbaycan rayonlarının boşaldılması çərçivəsində gələcək məsələləri müzakirə obyekti kimi qəbul etmək olar".