İşğal altındakı ərazilər azad edilir…

19 May 2016 08:00 (UTC+04:00)

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsilə bağlı prezidentlərin Vyana görüşündən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, keçirilmiş danışıqlar münaqişənin həllinə dair bəlli olan mərhələli yanaşma əsasında substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır: "Bu danışıqlar mümkün olan ən tez bir zamanda başlamalı və regionun əhalisi və beynəlxalq ictimaiyyətin çoxdan gözlədiyi əsaslı nəticələr hasil edilməlidir".

Qeyd edək ki, aprelin əvvəlində baş verən hadisələr münaqişə ətrafında yeni situasiya yaradıb. Artıq hamıya bəllidir ki, aprelə qədər mövcud olan status-kvo vəziyyətilə münaqişənin çözülməsində heç bir real addımlara imza atmaq mümkün olmayacaq. Ona görə də hətta vasitəçilər belə əvvəllərdə olduğu kimi prosesin dondurulmasından daha çox indi həll edilməsinin vacibliyindən danışmağa başlayıblar. Bu mənada Vyanada baş tutan görüş də müəyyən ümidlər yaradır. Belə bir vəziyyətdə artıq gözləmək olarmı ki, yaxın tezlikdə Qarabağ münaqişəsinin həllilə bağlı real addımlar atılsın?

Politoloq Qabil Hüseynli aprel hadisələrində aldıqları zərbədən sonra Ermənistanın münaqişənin həlli istiqamətində daha üzüyola olacağı qənaətindədir: "Vyana görüşündən sonra rəsmilər tərəfindən çox gözəl bəyanatlar verildiyini müşahidə edirik. Amma bu gözəl imkanların nədən ibarət olduğunu hələlik bilmirik. Ermənilərin həmin gözəl imkanlar şəraitində özlərini necə aparacaqlarını da proqnozlaşdırmaq çətindir. Hələ ki, söhbət 5 rayonun qaytarılmasından gedir. Bu baş verəcəksə, onun özü də müsbət irəliləyişdir.

ABŞ, Almaniya və digərləri də deyirdi ki, danışıqlar ərəfəsində işğal edilmiş ərazilərdən Ermənistan qoşunları çıxarılmalıdır. İndilikdə qarşılıqlı etimad mühiti yaradılıbsa, atəşkəs rejiminə riayət edilirsə və bundan sonra real danışıqlara başlanılıb Azərbaycan torpaqlarının azad edilməsi istiqamətində addım atılacaqsa, bunu alqışlamaq olar. Amma yenə də erməni xisləti işə düşüb, aldatmaq, yenə də ruslarla birləşib müxtəlif siyasi manevrlərə əl atma baş verəcəksə, əlbəttə, bu düşündürücü olacaq. Hər halda Azərbaycan hərbçilərinin zərbəsinin dadını hiss etmiş ermənilərin indi daha üzüyola olacağı qənaətindəyəm".

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev bildirdi ki, ermənilərin növbəti təxribatları olmasa, real danışıqlar üçün əsas yarana bilər: "Xarici işlər nazirinin bu münasibəti Azərbaycanın rəsmi münasibətini ifadə edir. Burada əksini tapan bir neçə məqam var ki, onlara mütləq toxunmaq lazımdır. Birincisi, münaqişənin həllində mərhələli yanaşma danışıqlar mövzusu olmalıdır.

İkincisi, yerli və xarici müşahidəçilərin də qeyd etdiyi kimi, Azərbaycan nəticəli danışıqlar gözləyir. Bunun özü də nə qədər tez olsa, bir o qədər yaxşı olacaq. Nəticəli danışıqlar da artıq hansısa daha ciddi məsələlərin əsası ola bilər. Məsələ ətrafında heç nəyin dəyişmədiyini deyən bəzi müşahidəçiləri də başa düşürəm. Bu, onların rəyidir. Amma hesab edirəm ki, burada ölkəmizin rəsmi münasibəti real vəziyyəti daha yaxşı göstərir. Azərbaycan bu danışıqlarda heç bir öhdəlik götürməyib və ATƏT-in bəyanatında əksini tapan müddəalar ciddi danışıqların təminatı üçün qarşılıqlı olaraq lazımdır.

Bu mənada ermənilərin növbəti təxribatları olmasa, atəşkəs rejimində kəskinləşmə baş verməsə, danışıqlar üçün əsas yarana bilər. Prosesdə vasitəçilik edən dövlətlərin də fəallığı artmalıdır. Amerika və Fransa ümumi balansı qorumaq naminə passiv görünməməlidir. Rusiya ilə isə tərəflər daim kontaktda olacaq və heç vaxt olmadığı qədər Moskva tərəflərin mövqeyini və buradakı prinsipial məqamları indiki şəraitdə daha yaxşı görür. Ona görə pessimizmə qapılmaq lazım deyil. Hər bir halda bizim tərəfdə haqq-ədalətlə bərabər, həm də lazımı məqamda güclü formada sözünü deyə bilən ordumuz var. Danışıqları hazırlayanlar yəqin ki, bunu nəzərə alır. Danışıqlar prosesi nə qədər tez başlasa, o qədər məqsədəuyğun olardı. Provokasiyalar isə ermənilər tərəfindən yenə də ola bilər, necə ki, bunun şahidiyik.


Amma Azərbaycan olaraq mövqeyimiz xeyli dərəcədə konkretləşib, tələblərimizi də bilirlər və onu nəzərə almamaq sadəcə, mümkün deyil. Nəzərə almamaq o deməkdir ki, bütün proses, yəni sözügedən danışıqlara qədər baş verənlər, siyasi-diplomatik çalışmaların heç bir əhəmiyyəti olmayacaq. Hazırda Qərb və Rusiyadan çoxsaylı şərhlərin şahidi oluruq. Onlar məsələyə müxtəlif bucaqlar altında baxırlar. Bir şey aydındır ki, 4 günlük müharibə beynəlxalq birliyi yenidən Qarabağ probleminə baxmağa məcbur etdi. Bütün bunların da bir nəticəsi olmalıdır. Problemin həlli üçün siyasi-diplomatik vasitələrlə bərabər, digər həll variantına da hazırlığın daha yüksək səviyyədə olmasını xüsusilə işğalçı tərəf birdəfəlik dərk etməlidir".