Neft gəlirləri yenidən artmağa başlayır

19 May 2016 09:45 (UTC+04:00)

Dünya birjalarında neftin qiyməti sürətlə bahalaşır. İndi onun qiyməti 50 dolları ötüb. Azərbaycan neftinin də qiyməti artmaqda davam edir. "AzeriLight" markalı neftin 1 barrelinin qiyməti 0,43 dollar və ya 0,85% artaraq 50,73 dollar təşkil edib.

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev öncə onu vurğuladı ki, neftin qiymətinin 50 dolları keçməsi müvəqqəti haldır. Amma bununla belə o qeyd etdi ki, həmin artım neft hasilatçıları, o cümlədən Azərbaycanın gəlirlərinin müəyyən dərəcədə artmasına səbəb olacaq: "Birinci olaraq onu müzakirə edək ki, son aylar hansı səbəblərdən beynəlxalq bazarlarda neftin qiymətində belə artım müşahidə olundu. Bunun bir neçə səbəbi var. Amerikada neft hasilatı və qazma aktivliyi aşağı düşüb. Kanadada neft yataqlarına yaxın meşə zolaqlarında yanğın təhlükəsi də prosesə öz təsirini göstərdi. Habelə Nigeriyada neft yataqları və terminallara edilən hücumlar, Venesuelada hasilat həcminin aşağı düşməsi də neftin qiymətinin qalxmasına təsir edib. Venesuelanın fiscal krizislə üzləşməsi bu ölkənin Mili Neft Şirkətinin defolt təhlükəsilə üzləşməsinə gətirib çıxaracaq. Çində neft hasilatı aşağı düşüb. Aprel-may hesablamasına görə, Çində sutkalıq hasilat 4,4-4,5 milyon barrelə düşüb. Asiya-Sakit Okean regionunun ümumi sutkalıq neft tələbatı 31 milyon barreldən çoxdur. Onun da 10 milyonu Çinə aiddir. Mütəxəssislərin hesablamalarına görə, artıq proseslər beynəlxalq enerji bazarında tələblə təklif arasında tarazlığın yaranmasına doğru gedir. Hindistanda da sənayenin inkişafı və yeni emal güclərinin istismara verilməsilə bağlı olaraq neftə olan tələbat artır. Burada sutkalıq neft hasilatı 4,4 milyon barrelə çatıb. Bütün hallarda beynəlxaql enerji bazarında tarazlığın təmin edilməsi bir neçə faktordan asılıdır. Bu, dünyadakı iqtisadi göstəricilərdən, qlobal ümumi daxili məhsulun artım tempindən, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən xaricdə olan ölkələrdəki neft ehtiyatlarının həcmindən, neft güclərinin sutkalıq xam neftə olan tələbatından asılıdır.

Bir ay öncə məlum oldu ki, tək İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdəki neft ehtiyatlarının həcmi 3 milyard barreldən çoxdur. Avropada, Rotterdamda neft anbarlarının 90 faizi tam dolub. ABŞ-ın sutkalıq neft tələbatı 19 milyon barreldir. Bu ölkənin özündə 1 milyard barreldən yuxarı ehtiyatlar var. Yəni görürük ki, böyük həcmdə neft ehtiyatları formalaşıb. Ona görə birinci bu ehtiyatlar iqtisadiyyat tərəfindən həzm edilməli, sonra tarazlıq bərqərar olmalıdır. Qarşıdakı aylarda Birləşmiş Ərəb Əmirliyində (BƏƏ), Səudiyyə Ərəbistanı, Küveyt və İranda sutkalıq neft hasilatının artımını müşahidə edəcəyik. Fars körfəzinin bu ərəb ölkələri İranla həm də Asiya bazarı uğrunda mübarizəyə girişib. Bütün bunların kontekstində beynəlxalq enerji bazarında tarazlığın bərqərar olması Azərbaycana üstünlük vəd edir. O da ondan ibarətdir ki, hazırkı qiymətlər fonunda Azərbaycanın neftdən gələn gəlirləri artacaq".

Müstəqil iqtisadçı-ekspert Yaşar Əsədov düşünür ki, 50 dollarlıq qiymət fonunda birjalarda qiymətli kağızların dəyəri artacaq, investisiyalar yenidən əsasən neft sənayesinə istiqamətlənəcək: "Neftin qiymətinin 50 dollarlıq həddi keçməsi istər-istəməz neft hasil edən dövlətlər üçün müsbət bir tendensiyadır. Qiymətin bu həddi keçməsi fonunda bir çox istehsalçı ölkələr kimi Azərbaycan neft sənayesinə də yenidən investisiyalar yatırılmağa başlanılacaq. Prinsip etibarı ilə həmin bahalaşmadan ən böyük gözlənti məhz budur. Çünki son dövrlər neftin qiymətinin düşməsilə bağlı investisiyalar kəskin azaldı. Hətta birjalarda katirovkalarda qiymət baxımından düşmək tendensiyasına məruz qaldı.

Aydın məsələdir ki, indidən sonra proses artım istiqamətində stabillik nümayiş etdirməkdə davam edirsə birjalarda qiymətli kağızların dəyəri artacaq, investisiyalar yenidən əsasən neft sənayesinə istiqamətlənəcək. Eyni proses Azərbaycana da aiddir. Neftin qiymətinin 50 dolları keçməsi fonunda həm dövlət büdcəsinə daxil olmalar artacaq, həm də Dövlət Neft Fondunun gəlirləri çoxalacaq".